Bakıda hostel mübahisəsi: "Gəlib qapımı döyürlər"

hostelin balkonu Fotonun müəllifi Fəxrəddin Gözəlov
Image caption Hostel fəaliyyətinin müvəqqəti bağlamağa məcbur olanadək balkonlarının və blok qapısının qarşısında adını göstərən nişanələr olub

Bakının mərkəzində yeni fəaliyyət göstərən hostel yerləşdiyi ərazidəki qonşunun şikayətlərindən sonra fəaliyyətini müvəqqəti dayandırıb.

Çoxmənzilli binalarda hostel fəaliyyətini düzgün hesab etməyən qonşu Fəxrəddin Gözəlov BBC Azərbaycancaya müsahibəsində, "ailəsi və özü üçün qorxduğundan" şikayət ərizəsi verdiyini bildirib.

Hostelin sahibi Cəmiddin Murtuzayev isə qonşusunun şikayətinin "yalan olduğunu" deyib.

Rəsmi qurumlar bu məsələnin məhkəmə predmeti olduğunu bildirir.

Turizm ekspertlərinə görə, hostellərin harada yerləşməsi qanunla təsbit edilmir.

Qonşunun şikayəti

Freedom Hostel Azadlıq prospekti 18 ünvanında, 1901-ci ildə tikilmiş dördmərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Hostelin həm kodlu qapıdan girişi, həm də həyətin içərisindən olmaqla iki girişi var.

Kodlu qapıdan girdikdən və bir mərtəbə qalxdıqdan sonra sol qapıda hostel yerləşir. Binanın qarşısında, balkonlarında və hostelin blok girişinin qarşısında bağlananadək nişanələr olub.

Fəxrəddin Gözəlovun mənzili hosteldən bir mərtəbə yuxarıda yerləşir. Onun sözlərinə görə, onu narahat edən məsələ hostelə gələnlərin gəlib onun qapısını da döyməsidir.

"Girirlər içəri, hostelin nişani var qapısında, onun qapısını döymürlər, gəlib mənim qapını döyürlər? Soruşuram, deyir hosteli axtarıram. ... Biri girdi, yedi içdi, hamısının bel çantası var, nə bilmək olar bombadı nədi, ora kim nəzarət edə bilər? İçəri girəndə saqqalı, çıxanda da soyunacaq kostyum geyinib gedəcək. Bina partladı, uçurub yenitikili tikəcəklər. Mənim bütün ailəm burada yaşayır."

1972-ci ildən burada yaşayan cənab Gözəlov bir neçə mənzili birləşdirdiklərini iddia etdiyi qonşularına bundan əvvəl də narazılıq bildirdiyini deyir.

"İlk dəfə İrəli İctimai Birliyinə kirayəyə verdilər, onlar özləri çıxdı, sonra xarici bir firmaya verdilər, onlar da çıxdı. Bu ilin əvvəlində isə küçədə yataq daşıdıqlarını gördüm. Dedilər ki, hostel olacaq. Dedim ki, burada hostel ola bilməz. Hostel sözünün tərcüməsi yataqxana deməkdir, dedim ki, burada yataqxana ola bilməz. çünki burada ailə yaşayır."

O şikayətini belə əsaslandırır: "Kimsə gələcək, bir gecə gecələyəcək, mənim xanımım düşür, gəlinim düşür, mənim yanıma gələn qonaq düşür. Biri içəcək nəsə bir şey olacaq, bəlkə də sataşacaqlar. Çoxmənzilli binada belə şey etmək olar?".

Image caption İndiyədək bu hostelə bu ölkələrdən turistlər gəlib

Gözəlov iddia edir ki, bu söhbət zamanı ona "ev sahibləri tərəfindən hücum çəkildiyindən" o polisə ilk şikayətini edib.

"İcarədarla heç nə danışmaq olmaz. Ev sahibi bilirdi ki, bunu [evi] hostelə verib, amma müqavilə bağlayıb ki, evi mənzil kimi icarəyə verib", deyə Gözəlov icarədarla ev sahibi olan qonşusu arasında kirayə müqaviləsini polislə birgə gördüyünü deyir.

Daha sonra o Nazirlər Kabinetinə məktub yazıb, məktub həm Nəsimi rayon icra hakimiyyətinə, həm də Mədəniyyət və Turizm Nazirliyinə (MTN) göndərilib, müsahibimiz deyir.

"Məktuba əsasən Nəsimi rayonunun mənzil-təsərrüfat birliyi hostelə baxış keçirdi və dedilər ki, mənzil təyinatı üzrə istifadə olunmur".

MTN-nin turizm şöbəsi isə cənab Gözəlova bildirib ki, hostellərə lisenziya vermək prezidentin fərmanı ilə ləğv olunub və bu səbəbdən mehmanxana və yataqxanalara lisenziya verilməsi səlahiyyat xaricindədir.

Bununla kifayətlənməyən şikayətçi yenidən turizm şöbəsilə əlaqə saxlayıb:

"Soruşdum ki, yaşayış binasında belə şey açmaq olarmı? Dedilər ki yox olmaz. Mən bilirəm, ayrıca giriş-çıxış olmalıdır, heç kimə mane olmamalısan."

Hostelin adını göstərən nişanələrin Azadlıq prospekti girişindən və balkonların üzərindən asıldığını qeyd edən şikayətçi həmçinin deyir ki, hostelə təkcə turistlərin yox, ucuz yerdə gecələmək istəyən azərbaycanlıların da müraciət etdiyini "görüb".

Məhz bu səbəblərdən 3 dəfə 102-ə müraciət edən və polisə yazılı şikayət verən Gözəlov ifadə vermək üçün Nəsimi rayon polis idarəsinə çağrılıb.

Hostel sahibi: sənədlərimiz yerindədir

Image caption 35 yaşlı icarədar Cəmiddin Murtuzayev bütün sənədlərinin yerində olduğunu deyir

Polisə ifadə verdiyini deyən hostel sahibi Cəmiddin Murtuzayev yaşadıqları bu italyansayağı binada qonşusunun 3 aydır ki, hədə-qorxu gəldiyini bildirir.

"Deyir ki, sizə gələn qonaqlar banditə oxşayır, əxlaqsızlıq yuvasıdır, hər dəfə yalan məlumat verir polisə. Biz də yalan məlumatla bağlı polisə müraciət etmişik.", Murtuzayev BBC Azərbaycancaya müsahibəsində bildirib.

Murtuzayev qonşusunun sahə rəisinə, Nəsimi rayon 22-ci polis şöbəsinə və polis idarəsinə, Fövqəladə Hallar Nazirliyinə şikayət etdiyini deyir.

"FHN pozuntu tapmadı, Nəsimi rayon polis idarəsi neçə dəfə gəlib gördülər ki, təmiz səliqəli bir yerdir. Bu məlumat verib ki, nazirin qəbuluna yazılıb, bunu deyəndən sonra bizi öncədən bağladılar", deyən Murtuzayev 5 apreldən bəri fəalliyyətsiz olduqlarını əlavə edir.

O qeyd edir ki, FHN-dən müvafiq icazə tələbi lazım olmasa da, o açılışdan öncə könüllü şəkildə FHN-i dəvət edərək təhlükəsizlik təlimatlarına əsasən sistem qurub.

Hazırda polisin apardığı istintaqın nəticəsini gözləyən hostel sahibi biznesini bağlamaq fikrində deyil. Bu səbəbdən o, sentyabr ayınadək olan bronlarını və booking.com bron saytında reytinqini itirməmək üçün gələn qonaqları başqa uyğun yerlərdə yerləşdirməklə məşğuldur. Bu günlərdə o təxminən 1500-2000 manat ziyan edib.

"Bizdə hər bir şey qanunidir. Sənədlərimiz yerindədir. İcarə və gəlir vergilərini veririk", deyən Murtuzayev biznesə başlamadan öncə MTN-nin təlimatına əsasən VÖEN açdığını da qeyd edir.

Mədəniyyət və Turizm Nazirliyi "qarışmır"

Image caption Hosteldə qadın və kişilər üçün otaqlar ayrıdır

MTN-nin mətbuat katibi Vüqar Şixməmmədov BBC Azərbaycancaya bildirib ki, 2015-ci ildə prezidentin müvafiq qərarından sonra yalnız hostel deyil, mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin fəaliyyəti üçün hər hansı bir xüsusi icazə, lisenziya tələb olunmur.

Hostelin yerləşmə ərazisi və standartlara uyğunluğuna gəldikdə isə cənab Şixməmmədov bunun dərəcə sertifikatı ilə tənzimləndiyini deyir.

"Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu ulduz verilmə prosesi məcburi xarakter daşımır və sahibkarların, mehmanxana rəhbərlərinin müraciəti əsasında həyata keçirilir".

Qonşunun hostelin çoxmənzilli yaşayış binasında olması barədə şikayətinə gəlincə isə o, bu məsələnin məhkəmə predmeti olduğunu və müvafiq instansiya orqanlarına müraciət edilə bilinəcəyini deyir. Hərçənd o bu məsələ ilə bağlı hər hansı tövsiyyə etmir.

Təcrübə necədir?

Image caption 7 gün öncə burada hostelin adını göstərən işarə var idi

Turizm eksperti Babək Musazadə hostellərin yaşayış binalarında fəaliyyət göstərib-göstərməməsinə dair heç bir qaydanın olmadığını deyir.

"Elə bir yazılı qayda yoxdur. Dünya praktikasında yaşayış binalarının içində də olur".

O, əsasən gənclərin istifadə etdikləri, ucuz və mərkəzlərdə yerləşən hostellərin Azərbaycanda son iki ilədək populyar olmadığını deyir.

"Lisenziya kifayət qədər baha idi, son 2 ildə fəaliyyətə başlayıblar".

Hostellər adətən aşağı büdcəli qonaqların yataq kirayələdiyi, ümumi hamam-tualet və mətbəxdən istifadə etdiyi sosial yaşayış obyektidir. Otaqlar adətən qadın və kişilər üçün ayrı olur, bəzi dünya praktikasında qarışıq otaqlara da rast gəlinir.

Turizmə böyük ümidlər bağlayan və adətən ulduzlarının sayı çox olan mehmanxanaları ilə öyünən Azərbaycan hökuməti ucuz mehmanxana və yataqxana tipli obyektlərə son illərdə dəstək olub. Son belə bir qərara görə, hostellərin fəaliyyətinə icazə tələbi ləğv edilib.

Əlaqəli mövzular