İlham Əliyev Hacı Cavad məscidinin sökülməsinin dayandırılmasına göstəriş verib

dindarlar
Image caption Etiraz vaxtı dindarlar məscidin qarşısında namaz qılıblar.

Əli Həsənov bildirib ki, prezident Hacı Cavad məscidinin sökülməsi ilə bağlı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin sökülməsinin dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Azərtac dövlət agentliyinin məlumatına görə, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İlham Əliyevin Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olduğunu qeyd edib.

Çərşənbə günü dindarlar Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad Məscidinin sökülməsinə etiraz ediblər.

Bir neçə saatlıq etiraz zamanı bir çox insan əraziyə toplaşıb. Bəziləri məscidin içindən çıxmayaraq sökülməyə etiraz edib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hadisədən sonra məscidinin müvəqqəti olaraq sökülməyəcəyini və əvəzinə tikiləcək yeni məscid üçün yerin müəyyənləşdiriləcəyini deyib.

Hadisə yerinə gələn icra başçısı məscidin sökülməsinin müvəqqəti olaraq dayandırıldığını deyib və icma üzvlərinə yeni məscidin tikilməsi ilə bağlı "Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlara İş üzrə Dövlət Komitəsinə müraciət" etmələri tövsiyəsini verib.

Müxbirimiz sualına cavabında, cənab Mehdiyev yeni məscidin eyni ərazidə tikiləcəyini vəd edə bilməyəcəyini deyərək, bu qərarın Bakı İcra hakimiyyəti tərəfindən veriləcəyini əlavə edib.

1912-ci ildə Hacı Cavad tərəfindən tikilmiş məscid Bakı şəhəri, Yasamal rayonunda yerləşir. Onun sahəsi 250 kvadrat metr təşkil edir və burada eyni zamanda 300 nəfər ibadət edə bilər.

Hazırkı söküntü 2014-cü ildən bəri Bakının Baş Planına uyğun olaraq mərkəzdə, "Sovetski" adlanan ərazidə yerləşən evlərin sökülməsi ilə bağlı layihə ilə əlaqədardır.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bakıda məscidin sökülməsinə etiraz: "Ağa, bu məscidi sökənin evini yıx!"

Cümə Axşamı BBC Azərbaycancaya danışan dindarlar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşəcəklərini deyiblər.

Bütün gecəni məsciddə keçirdiklərini bildirən etirazçılardan biri, Kənan Əzizov hazırda ərazidə sakitlik olduğunu bildirib.

"Şeyxülislam ilə görüşün müsbət həllinə ümid edirik", cənab Əzizov əlavə edib.

Cümə axşamı açıqlama verən Əli Həsənov prezidentin məscidin söküntüsünün dayandırılması ilə bağlı tapşırıq verdiyini və mövcud vəziyyətin araşdırılması ilə əlaqədar müvafiq komissiyanın işə başladığını deyib.

O, bu səbəblə həmin ərazidə toplaşan insanları təmkinlə davranmağa və oranı tərk edərək komissiyanın işi üçün zəruri şərait yaratmağa çağırıb.

Bundan əvvəl, Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbaliyev müxbirimiz Günel Səfərə bəzi etirazçıların saxlanılması barədə məlumatların doğru olmadığını deyib.

O, etirazçıların narazılığını müzakirə edərək suallarına cavab vermək üçün bir neçə şəxsin polis idarəsinə dəvət edildiyini bildirib.

Müxbirimizin sözlərinə görə, hadisə yerində çoxsaylı polis, hərbçi və rəsmi qurumların nümayəndələri olub.


Daha ətraflı oxuyun:


Daha öncə bu məscidin dini icması binanın sökülməməsinə yardım etməsi üçün prezident İlham Əliyevə açıq məktub yollayıb.

Həmin məktubda deyilir ki, "...məscid tarixi abidə (XIX əsrin tikilisi, dövlət tərəfindən qorunan, inventar No-si 3511) olmasına baxmayaraq sökülmə təhlükəsi ilə üzləşib".

"Belə ki, 08.04.17-ci il tarixində məscid yaxınlığına təşrif buyuran Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev abidənin yaxın günlərdə söküləcəyini bəyan etmiş və bununla bağlı artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qərar qəbul edildiyini bildirmişdir. Bizdə olan məlumata görə isə belə bir qərar mövcud deyildir. Məscidin sökülməsinin səbəbi kimi isə ərazidə aparılan yenidənqurma işləri və yeni avtomagistral yollarının çəkilişi göstərilir. Lakin, nəzərinizə çatdırmaq istəyirik ki, avtomagistral yolları artıq çəkilmiş və məscid ərazisinə düşməmişdir."

Etirazçılar deyir ki, məscid binasının üzərinə qoyulan sənəddə məscidin qorunacağı yazılmışdı və bu səbəbdən binanın sökülməsinə verilən qərar bir çox adam üçün gözlənilməz olub.

Hacı Cavad məscidinin Təzə Pir məscidindən daha populyar olduğunu deyən etirazçılar hətta ərazidən köçən insanların hər həftə bu məscidə gəldiklərini deyirlər.

Şahidlərin sözlərinə görə, söküntüyə cəhd çərşənbə günü təxminən saat 9-dan başlayıb.

Rəsmilər nə deyir?

Məscidin sökülməsi ilə bağlı açıqlamasında, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Hacı Cavad məscidinin heç bir qeydiyyatı olmadığını bildirib, APA deyir.

O, "məscid kimi fəaliyyət göstərən" binanın ərazidəki bütün tikililər kimi "plana düşənlər siyahısında" olduğunu deyib.

Ərazidə gərginlik barədə suallara cavabında cənab Bağırov "heç bir gərginlik yoxdur" deyib və əlavə edib ki, "qanun nə tələb edirsə, o da olacaq".

APA agentliyinin bildirdiyinə görə, məscidin sökülməsinə münasibətini açıqlayan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, "bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar olmadığını" bildirib.

Lakin o, həmçinin qeyd edib: "Mən heç o məscidlərin yerini belə tanımıram. Əgər söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, əlbəttə mən bunun tərəfdarı deyiləm. Lakin bütün dünyada da qəbul olunub ki, xalq üçün əhəmiyyətli işlər görülərkən, məsələn, yol çəkilərkən və digər işlər həyata keçirilərkən məqsədli şəkildə, danışıqlar yolu ilə bu işlər həyata keçirilir."

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya Hacı Cavad məscidinin qeydiyyatda olmadığını və köhnə olduğu üçün yararsız hala düşdüyünü deyib.

Hacı Cavadın "tamamilə yararsız hala düşmüş məhəllə məscidi" olduğunu deyən cənab Qurbanlı ərazinin ətrafında 4 böyük məscidin olduğunu vurğulayıb.

"Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir", o, əlavə edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş