Rayon sakinlərinin istirahəti: "ancaq oğlanlar üçün"

28 mall
Image caption Son illərdə paytaxt Bakıda kinoteatra gedən insanların da, orda yayımlanan yerli filmlərin də sayında artım müşahidə olunur

Azərbaycanın paytaxtı Bakıda şəhər mərkəzində və əsas küçələrdə bir sıra mağazalarla yanaşı, restoranlara, uşaqlar üçün nəzərdə tutulmuş oyun mərkəzlərinə rast gəlinsə də, ölkənin bölgələrində vəziyyət başqa cürdür.

Gənc qadınların və ailələrin əsas istəklərindən biri də təhlükəsiz şəkildə istirahətlərini təmin edə bilməkdir.

Ölkənin demək olar ki, hər rayonunda dövlət tərəfindən iri parklar salınıb. Əhalinin bir çoxu yay axşamlarını bu parklarda oturaraq, söhbətləşərək keçirir.

Lakin Bakıda olduğu kimi iri əyləncə və istirahət mərkəzlərinə, kinoteatrlara buralarda rast gəlmək çətindir.

Ölkədə fəaliyyət göstərən kinoteatrlar şəbəkəsinin nümayəndəsi isə deyir ki, bölgələrdə kinoteatrların açılması üçün " sadəcə zaman lazımdır".

Yaxşı qız gecə vaxtı...

Səfərdə olduğumuz qərb, şimal qərb, şimal rayonlarında "insanlar istirahətinizi necə təmin edirsiniz" sualına ya gülümsəyərək, ya da "evdə oturmaqla" cavabını verirlər.

Bunu ən çox qadınlar edir.

Çox tez-tez işlənən "Yaxşı qız evə gecə vaxtı gəlməz" məzəmmətindəm regionlarda yaşayan qadınlar daha çox əziyyət çəkir.

Onlar deyir ki, saat 5 və 6-dan gec küçələrdə olmağa nə icazə var, nə də cəmiyyət bu halı normal qarşılayır.

Image caption Tovuzda gənc qızlar istirahət günlərini "evdə oturmaqla" keçirirlər

Ancaq oğlanlar üçün....

Bakıdan başqa bircə Gəncə və Masallı şəhərlərində kinoteatr fəaliyyət göstərir.

Eyni zamanda Gəncə şəhərində iri əyləncə mərkəzi, qadınların rahatca əyləşə bildiyi kafelər və Fast Fud restoranları var.

Amma bənzər sözləri digər rayon və şəhərlər haqqında demək olmur. Rayonların əksəriyyətində ailəvi istirahət mərkəzləri də var. Ancaq belə məkanların sayı çox deyil.

Gəncədə rastlaşdığımız Tovuz, Sabirabad, Göyçay, Tərtərdən olan tələbə qızlar da bu vəziyyətin gerçəkliyini təsdiqləyir.

Onlar öz rayonlarına əyləncə mərkəzlərinin olmadığından gileylənirlər.

"İstəyərik oralar da bura (Gəncə) kimi olsun", onlar deyir.

Qızlar deyir ki, bu şikayətlərinin eşidilməsini istəyirlər.

"Oğlanlar üçün çayxanalar var, qızlar üçün isə oturmağa kafe də yoxdur. Bizi düşünməyiblər", onlar bildirir.

Image caption Tovuz sakini "Saat 6-dan sonra burda həyat sönür"

Qızlar üçün cəmi 2 kafe

"Kinoteatrlarımız, əyləncə mərkəzlərimiz var, asudə vaxtımızı əyləncəli keçiririk deyib yalan danışa bilmərəm. Heç biri yoxdur".

Bu sözləri Tovuzda mərkəzdə yerləşən parklardan birində qaşılaşdığımız qızlardan biri deyir. Onların sözlərinə görə, boş vaxtlarını evlərində keçirməli olurlar.

"Kimsə kitab oxuyur. Kənd yerində yaşayanlar bağ-bağatında işləyir. İstirahətimiz bundan ibarətdir", qızlardan biri gülərək deyir.

"Adicə yatıram mən", digər qız söhbətə qatılır.

Qızlar toplaşıb birgə gedib oturacaqları cəmi 2 kafe adı saya bilirlər. Onlardan biri "uzaq başı boş vaxtımızda parkda gəzərik" deyir.

Rayonda qız olaraq böyüməyin çətinliyini də vurğulayır müsahiblərim. Qızlardan biri gülür və "əla" deyir.

Digəri isə dostunun qənaətini sorğulayır. "Nəyi yaxşıdır" deyə ona sual verir.

"Adicə yanında bir oğlan dostunla gedəsən. Heç sevgilin deyil ha, məsələn tələbə yoldaşındır. Heç imkan vermirlər ki, axırıncı mənzilə çatasan, o dəqiqə danışacaqlar ki, bəs filankəsin qızı filankəsin oğlu ilə gedir. Çox vaxt açıqlama vermək məcburiyyətində qalırıq ki, yanımızdakı adamı hardan tanıyırıq", o davam edir.

Bu vaxt digər xanım "hə başıma gəlib" deyir.

Qızların yaşı təxminən 18-25 arasındadır. Deyirlər ki, bu sadalanan cəhətlərə görə, rayonda yaşayış "şəhərə nisbətə yox dərəcəsindədir".

"Axşam saat 6-dan sonra qız uşağı küçədə olmamalıdır", qızlardan biri deyir.

"Bizdə kənd yerində 5-dən sonradı, - deyir digəri-, evimizə getdimsə çölə çıxmıram".

"Biz şəhərdə (Bakı) olanda gecə saat 11-də də olsa hansısa restorana getsək, heç kim pis baxmırdı. Amma burda vay ola ki, saat 11-də kafedə oturasan. O dəqiqə deyəcəklər ki "yeyəsi yoxdumu bunun, bu vaxt çöldə gəzir", deyir digər müsahibim.

"Tovuzda istirahət var, amma müəyyən saata gədər. 6-dan sonra həyat sönür", onlar əlavə edir.

Image caption Qazax şəhərinin mərkəzindəki parklarda da əsasən kişilərə rast gəlmək olar

Bir park var, orda da....

Bundan öncə səfərdə olduğumuz Şəki və Oğuz şəhərlərində də gənc qızlar istirahətlərini dilədikləri kimi keçirə bilməməkdən şikayət edirdilər.

Həmçinin oxu: Şəkidə gənclər boş vaxtlarını necə keçirir?

Elə Ağstafadan olan 3 qadın da oxşar vəziyyətdən gileylənir.

Onlar üçün də evə getmək üçün müəyyən saat həddi var. Bu saat da Tovuzda olduğu kimi altıdır.

Qızlar deyirlər boş vaxtlarını evdə oturmağa, ya da televizora baxmağa sərf edirlər.

"Bir parkdır, orda da bizə oturmağa icazə yoxdur", deyir müsahibim.

"Ancaq iş saatı bitənə kimi şəhərdə ola bilərsən, ondan sonra evdə olmalısan", digər müsahibim əlavə edir.

Qızlar istəyir ki, bu rayonda da "Gəncədə olduğu kimi" istirahət mərkəzləri, kinoteatrlar, "fast-fud", küçə yeməyi restoranları açılsın.

Sonuncunu da daha çox uşaqların əyləncəsi üçün istəyirlər.

Qızlar deyir ki, burada nəinki qadınlar, heç uşaqlar üçün də əyləncə mərkəzi yox dərəcəsindədir.

Image caption "Park Cinema" nümayəndəsi deyir ki, onlar da bölgələrdə kinoteatrlar açmaq istəyirlər

"İstəyirik, amma..."

"Park Cinema" kinoteatrlar şəbəkəsinin PR meneceri Kəmalə İsmayılova BBC Azərbaycancaya deyir ki, onlar bölgələrdən təkcə Masallıda kinoteatr aça biliblər.

Kəmalə xanım bölgələrdə kinoteatrların sayının artırılması istədiklərin, amma hazırda vəziyyətin dəyərləndirilməsi prosesi getdiyini deyir.

"Bizə sadəcə zaman lazımdır ki, bölgələrə bir -bir çıxaq", nümayəndə deyir.

Kəmalə xanımın sözlərinə görə, Masallıda açılan kinoteatr yenidir və şəbəkə hazırda yerli əhalidə kinoteatra getmək mədəniyyəti yaratmaq üçün işlər görür.

Sovet vaxtında ölkədə kinoteatrların çox məşhur olması və əhalidə kinoteatra marağın böyük olmasını xatırlatdıqda isə, bu mədəniyyətin sönməsinin səbəbini Kəmalə xanım belə izah edir:

"Görün aradan nə qədər zaman keçib. İllər ötüb və bu illərdə kinoteatrlar olmayıb".

"Park Cinema"-nın sözçüsü deyir ki, regionda yaşayanlar daha çox Azərbaycan dilində olan filmlərə baxmağı üstün tutur. Bu səbəbdən xarici filmləri orda nümayiş etdirmək çox da məyqəsədəuyğun sayılmır.

"Hollywood filmlərinə Azərbaycan dilli tamaşaçı arasında çox da maraq yoxdur. Onlar yerli filmlərə baxmağı üstün tutur".

Onun sözlərinə görə, xarici filmlər rusdilli əhali arasında daha populyardır.

Xarici filmlərin dublyaj edilməsilə bağlı suala isə sözçü belə cavab verir:

"Bir çox filmlərin dublyajı üçün yüksək texnologiya və investisiya tələb olunur. Bu səbəbdən bu proses asan deyil", o deyir.

Kinoteatrlar Şəbəkəsinin sözçüsünün sözlərinə görə, onlara ən çox Sumqayıt və Quba şəhərlərindən yeni kinoteatrların yaradılması ilə bağlı müraciətlər daxil olur.

"Regionlar üzrə araşdırmamız gedir. Ondan sonra gələcək addımlarımızı müəyyənləşdirəcəyik", o bildirir.

Həmçinin bax: Azərbaycan kinosunun uğurlu günləri

Ölkədə fəaliyyət göstərən digər kinoteatr şəbəkəsi olan "Cinemaplus"-un rəsmi internet səhifəsində yazılanlara görə, Gəncə şəhərindəki kinoteatr 2016-cı ilin may ayında istifadəyə verilib.

"CinemaPlus" bildirir ki, bütün Azərbaycan üzrə 3-dən artıq kinoteatr açmağı planlaşdırır.

Bu barədə daha geniş