Hesablama Palatası 825 nöqsan aşkarlayıb

Milli Məclis Fotonun müəllifi APA.AZ

Azərbaycanın Hesablama Palatası 2016-cı il üzrə 8 istiqamətdə 825 nöqsan və pozuntu halına yol verildiyini aşkarlayıb, qurumun sədri Vüqar Gülməmmədov deyib.

Cümə günü keçirilən Milli Məclisin plenar iclasında çıxış edən cənab Gülməmmədov hesabat ilində mühasibatlıq, büdcə vəsaitlərindən istifadə və satınalmalar zamanı nöqsanlara daha çox yol verildiyini deyib.

"Dövlət satınalmaları sahəsində zəruri sənədlərin təqdim edilməməsi, vəsaitlərin səmərəsiz istifadə və digər pozuntular qeydə alınıb", APA rəsmiyə istinadən yazır.

Hesabat ilində aparılmış audit ilə ümumilikdə 5 milyard 606,5 milyon manat vəsait əhatə olunub.

"...bunun 3 milyard. 19,6 milyon manatı dövlət büdcəsinin xərcləri, 277,3 milyon manatı büdcədənkənar fondların vəsaitləri, 2 milyard 309,6 milyon manatı isə fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə olub", o əlavə edib.

Qurum sədrinin sözlərinə görə, Hesablama Palatasına 2016-cı il üzrə nəzarət tədbiri kimi audit aparılan qurumlar tərəfindən 443 nəfər barədə bir sıra intizam-tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı məlumatlar daxil olub.

O deyir ki, bəzi qurumlar tərəfindən nöqsan və pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib.

"Həmçinin, bu tədbirlərin preventiv xarakter daşımasını nəzərə alaraq tətbiq edilən tədbirlər əvvəlki illərdə olduğu kimi kifayət qədər sərt olmayıb", cənab Gülməmmədov qeyd edib.

Bildirilir ki, hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə nəzarət tədbirlərinin 2-si növbəti ilə saxlanılıb.

Hesablama Palatasının 2016-cı il üzrə hesabatı Milli Məclis tərəfindən qəbul edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş