Bakı: Niyazi küçəsi 9 gün bağlı olacaq

F1 trek Fotonun müəllifi Getty Images

Şənbə günündən etibarən Formula 1 üzrə Azərbaycan Grand Prix-in keçiriləcəyi Bakı Şəhər Halqasında (BŞH) asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar bəzi yollarda təmir-bərpa işlərinə başlanılır.

1 mayadək davam edəcək prosesdə Niyazi küçəsində qəmbər daşlı hissəyə asfalt örtüyü çəkiləcək və ehtiyac olan yerlərdə təmir-bərpa işləri aparılacaq, Report agentliyi BŞH-ə istinadən yazır.

"Asfalt çəkilişinin sürətli şəkildə reallaşdırılması üçün 15 - 23 apreldə trekin İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsi ilə kəsişməsindən Niyazi küçəsinədək olan hissəsi və həmçinin buradan da Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq", BŞH nümayəndəsi Tom Batçer bildirib.

Bu məqsədlə yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib, Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Aprelin 23-dən 1 mayadək isə bütün trekə günboyu baxış keçiriləcək, lakin iş aparılan küçələrdə nəqliyyatın və piyadaların fasiləsiz hərəkətinin təmin olunmasına "xüsusi" diqqət yetiriləcək.

23-25 mayda Bakıda Formula 1 üzrə növbəti Azərbaycan Grand Prix-i keçiriləcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş