İlham Əliyev: "Qeyri-neft sənayemiz 2, kənd təsərrüfatı 3,5 faiz artmışdır"

Əliyev çıxış Fotonun müəllifi President.az

"Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. İxracatda isə biz bunu hələ ki, deyə bilmərik", İlham Əliyev öz sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının ilk respublika müşavirəsində bildirib.

Cənab Əliyev neft və qazla bağlı olan ixracatla bağlı vəziyyəti "indiki dövr üçün təbii" adlandırıb.

"Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq."

O 2017-ci ilin ilk üç ayında iqtisadiyyatın qeyri-neft sektorunun 2,4 faiz artmasını "çox yaxşı göstərici" adlandırıb.

"Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılmışdır. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal 17 faiz azalmışdır. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artmışdır. Müsbət saldomuz 1 milyard dollardan artıqdır. Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq."

Həmçinin oxu:

Müşavirədəki çıxışında o, prezidentlik vəzifəsinin icrasına başladıqdan bəri 3 regional inkişaf proqramının icrasından danışıb:

"Biz elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə başlamışıq" deyən prezident Əliyev bu dövr ərzində 30-a yaxın elektrik stansiyasının tikilib istifadəyə verildiyini bildirib.

Cənab Əliyev qeyd edib ki, Azərbaycanda qazlaşdırma 92 faizə çatıb.

O, ilk proqramdan bəri 11 min kilometrdən çox uzunluğu olan yollar salındığını da bildirib.

Prezident Əliyev onu da deyib ki, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib.

"..əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi".

O, fermerlərə bu il təxminən 150 min hektar yeni suvarılan torpaq təhvil veriləcəyini də qeyd edib.

Müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, "Azersun Holdinq" MMC-nin baş icraçı direktoru Savaş Uzan, "Az-Granata" MMC-nin direktoru Rövşən Fərhadov, "Gök-NUR Bakı" MMC-nin müdiri Fərid Fərhadzadə, "D-Fruits Kəndli Təsərrüfatı" MMC-nin təsisçisi İsaməddin Dəmirov, Biznes İnkubator iştirakçısı Ariz Mikayılov da iştirak ediblər.

Bu barədə daha geniş