Böhtan və təhqirə görə cərimənin artırılması təklif edilir

Milli Məclis Fotonun müəllifi Getty Images
Image caption Cinayət Məcəlləsinə dəyişikliklər edilməsilə bağlı təklifin aprelin 25-də Milli Məclisin plenar iclasında müzakirə edilməsi gözlənilir

Azərbaycanda Cinayət Məcəlləsinə dəyişiklik edilərək böhtan və təhqirə görə cərimənin miqdarı artırıla bilər.

Media hüququ üzrə mütəxəssis hesab edir ki, bu davranış hökumətin ölkədə ifadə azadlığı hüququnun daha geniş yayılmasından və insanların öz hüquq və azadlıqlarından daha geniş çevrədə istifadə etməsindən ehtiyyatlanmasının nəticəsidir.

Millət vəkili isə ifadə azadlığının "böhtanla" edilməsinə qarşıdır.

Dəyişiklik nədir?

Təklif edilir ki, Cinayət Məcəlləsinin Böhtan (147) maddəsinin birinci bəndinə, yəni "Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma"-ğa görə, şəxslər "1000 manatdan 1500 manata qədər" cərimə edilsin.

Təhqir (148) maddəsinə görə isə, şəxslərin "1000 manatdan 1500 manata qədər" cərimələnməsi təklif olunur.

Hazırkı qanuna görə, böhtanda günahlandırılan şəxs 100 manatdan 500 manata qədər miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər, yaxud bir ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təhqirdə ittiham edilən şəxslər isə 300-1000 manatadək miqdarda cərimə və 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri, yaxud 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu barədə Məcəlləyə dəyişikliklər edilməsilə bağlı təklifin aprelin 25-də Milli Məclisin plenar iclasında müzakirə edilməsi gözlənilir.

"Göz qorxutmaq"

Media hüququ üzrə mütəxəssis Xalid Ağaəliyev deyir ki, Azərbycanda böhtan və təhqirlə bağlı cinayət məsuliyyətinin mövcud olmasını doğru saymır. Onun sözlərinə görə, bu məsələlər mülki qanunvericiliklə tənzimlənməlidir.

Mütəxəssis bildirir ki, bu addım Azərbaycanın Avropa Şurasına qəbul olarkən üzərinə götürdüyü öhdəliklərdən biridir, lakin hələ də icra edilməyib.

"Əlavə olaraq Azərbaycanla bağlı böhtanla əlaqəli Avropa İnsan Hüquqları Məhkəməsinin 2 qərarı olub. Orda göstərilib ki, böhtan və təhqir əsasilə ifadə azadlığına cinayət hüquqi müdaxiləsi olmaz. Həmin qərarların icrası ilə bağlı tələblərdən biri də odur ki, hökumət böhtan və təhqirə görə cinayət məsuliyyətini ümumiyyətlə ləğv etməlidir. Bunu mülki qanunvericilik tənzim etməlidir", cənab Ağaəliyev deyir.

Onun sözlərinə görə, təklif edilən yeni dəyişikliklər hökumətin bu iki məsələ ilə bağlı cinayət məsuliyyətini ləğv etmək niyyətində olmadığını göstərir. "Əksinə məsuliyyət daha da artırılır", o deyir.

"Deyilə bilər ki, söhbət cərimədən gedir, amma insanların cinayət qanunvericiliyi ilə cərimələnməsi başqadır, mülki qanunvericiliklə başqa", deyən mütəxəssis cərimələrin artırılmasını "hökumətin beynəlxalq qurumlar qarşısında götürdüyü və özünün dediyi sözündən geri çəkilməsi kimi" qiymətləndirir.

O deyir ki, bundan əvvəl də həmin maddələrə bir neçə dəfə dəyişiklik edilib və cərimə miqdarı artırılıb.

"Bu maddələrin cəza üçün nəzərdə tutlan hissələri daha da ağırlaşdırılır", cənab Ağaəliyev qeyd edir.

O hesab edir ki, hökumət bu addımı ölkədə ifadə azadlığı hüququnun daha geniş yayılmasından, insanların öz hüquq və azadlıqlarından daha geniş çevrədə istifadə etməsindən ehtiyyatlandığı üçün atır.

"İfadə azadlığı hüququnun əsas komponeneti media azadlığıdır. Bu qərarla hökuməti tənqdi edən, onun siyasətilə bağlı tənqidləri qabarıq verənlərin gözünü qorxutmaq istəyirlər ki, tənqiddən çəkinsinlər", o deyir.

"Böhtan ifadə azadlığı deyil"

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, millət vəkili Fazil Mustafa cərimələrin artırılmasına normal yanaşır.

O deyir ki, əsas problem bu maddələrə görə, azadlıqdan məhrumetmə cəzası verildiyi halda ola bilər.

O, deyir ki böhtana görə, heç bir vətəndaşı və jurnalisti həbs etmək düzgün deyil, amma bu davranışların həm də məsuliyyət tərəfi də olmalıdır.

"İnsanlar bilməlidir ki, başqalarının şəxsiyyətinə qarşı qəsdlərin müəyyən bədəli var. Bu maddi cəhətdən problem yarada bilər və belə əmələ yol verməzlər", o əlavə edir.

Təklif olunan dəyişikliklərin ifadə azadlığına təzyiq kimi dəyərləndirilməsilə bağlı isə millət vəkili deyib ki, ifadə azadlığı böhtanla ifadə olunacaqsa onun bir mənası qalmır.

"Dilimzidə kifayət qədər söz ehtiyatı var ki, ifadə azadlığını, tənqidi, hətta bir ittihamı da mədəni formada əsaslandırılmış şəkildə irəli sürməyə imkan yaranır", deyir Fazil Mustafa.

Onun sözlərinə görə, belə əməllərə görə "cəza növlərinin olmaması məsuliyyətiszlik yaradır".

"Böhtan atmaq niyyəti ilə ifadə azadlığı hüququnun arxasında gizlənmək hüququn özünə hörmətsizlik olur. İnsan kiməsə böhtan atırsa bunun məsuliyyət tərəfinə hazır olmalıdır", o deyir.

Bu barədə daha geniş