AXCP sədri və üzvləri istintaq idarəsinə çağırılır

mitinq Fotonun müəllifi REVAN SEYFULLA

Cümə günü Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dindirilməyə çağırılıb.

Onun və digər partiya üzvlərinin dindirilməsi "partiya adından saxta sənədlərin verilməsi və bu yolla insanların mühacirətə göndərilməsi iddiaları"ilə bağlıdır.

Bu barədə BBC Azərbaycancaya cümə axşamı istintaq idarəsində 5 saata yaxın dindirilmiş AXCP sədr müavini Gözəl Bayramlı deyib.

Cümə axşamı partiyanın Təşkilat Şöbəsinin sədri Saqif Qurbanov da istintaq idarəsində ifadə verib.

Baş Prokurorluğun mətbuat xidməti bu məsələ ilə bağlı şərh verməyib.

5 saata yaxın çəkən ifadə

Cümə axşamı təxminən 5 saata yaxın istintaq idarəsində olan AXCP sədr müavini Gözəl Bayramlı dindirilmə zamanı ona "saxta sənədlər düzəltməklə xaricdə oturum icazəsi alınması faktı" üzrə suallar verildiyini deyib.

O bu fakt üzrə ibtidai istintaqa şahid qismində dəvət edilib.

Gözəl Bayramı deyib ki, AXCP "bu işlə əlaqəli deyil" və partiya bu adla saxta sənəd düzəldənlər barədə "faktların açıqlanmasında maraqlıdır".

Əli Kərimli deyir ki, Milli Şuranın aprelin 8-də baş tutan etiraz nümayişindən sonra millət vəkili Siyavuş Novruzov AXCP rəhbərliyini partiyanın üzvü olmayan şəxslərə üzvlük vəsiqələri verməkdə ittiham edib və hüquq mühafizə orqanlarına işin araşdırılması üçün çağırış edib.

O, bu addımı "şərləmə" adlandırıb.

Əli Kərimli sosial mediada bildirib ki, AXCP rəhbərliyi tərəfindən partiyanın "həqiqətən üzvü olmayan bircə nəfərə də" üzvlük sənədləri verilməyib.

Aprelin 8-də Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Siyavuş Novruzov etiraz nümayişindən sonra deyib:

"Bilirik ki, Əli Kərimli partiyasına üzv olmayanlara pul müqabilində saxta üzvlük sənədi verərək Avropaya mühacirət etməsinə şərait yaradır. Bu adam ən eybəcər korrupsiya ilə məşğuldur. Onu da deyim ki, artıq bunu hüquq-mühafizə orqanları araşdırır", APA yazır.

Əli Kərimli isə bildirib ki, onun imzası saxtalaşdırılıb və sənədlər verilib, "partiyamızın fəalları bu saxtakarlığı ifşa edərək, həqiqi və saxta sənədlərin nümunələrini mətbuat və sosail şəbəkələrdə geniş yayıblar", o deyib.

Gözəl Bayramlının vəkili isə bu baş verənləri partiyaya qarşı "təxribat" adlandırıb.

O, həm də qeyd edib ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilmir.

"Əvəzində Razi Nurullayevin başçılıq etdiyi AXCP rəsmi olaraq tanınır, amma hansısa sual olanda bizim partiya nümayəndələri sorğuya çağırılır", vəkil Namizəd Səfərov deyir.

Həbslər

Azərbaycanın əsas müxalifət partiyalarından biri olan Azərbaycan Xalq Cəbhəsi Partiyası əvvəlcə siyasi təşkilat kimi yaradılsa da, 1992-ci ildə Azərbaycanda siyasi partiyalar haqqında qanun qəbul edildikdən sonra partiyaya çevrilib.

Əvvəlcə partiyanın sədri ölkənin 2-ci prezidenti Əbülfəz Elçibəy olub. 2000-ci ildən etibarən isə bu vəzifədə Əli Kərimlidir.

AXCP Rüstəm İbrahimbəyov tərəfindən yaradılan Demokratik Qüvvələrin Milli Şurası siyasi ittifaqına qoşulub və sonuncu dəfə aprelin 8-də etiraz nümayişi təşkil edib.

2015-ci ildə partiyanın üzvü Razi Nurullayev sədr müavini vəzifəsindən istefa verib və AXCP partiyasının sədri olduğunu bildirib. Eyni adlı iki partiya ayrı-ayrılıqda "əsl AXCP"-nin özü olduğunu bildirir.

Partiyanın bir neçə üzvü həbsdədir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı 10 il müddətə həbs olunub.

Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan hökümətini tənqid edən"Azərbaycan saatı" TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktoru Seymur Həzi 5 il müddətinə azadlıqdan məhrum edilib.

AXCP sədrinin müşaviri Məmməd İbrahimə 3 il müddətinə həbs cəzası verilib.

AXCP Rәyasәt heyәtinin üzvü Asif Yusifli dələduzluq ittihamı ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. 2015-ci ilin iyulunda Ali Məhkəmənin iclasında onun cəza müddəti 6 ilə endirilib. Bu il isə onun cəzası 1 il azaldılıb.

2014-cü ilin avqustunda həbs olunmuş AXCP Sabirabad Gənclər Komitəsinin üzvü Murad Әdilov 6 il müddətinə azadlıqdan məhrum edilib.

AXCP Xәtai Gənclər Komitəsinin sәdri Fuad Әhmәdli, AXCP Neftçala Gənclər Komitəsinin sәdri Elnur Fәrәcov, Әli Kәrimlinin qaynı Elnur Seyidov, AXCP Ali Mәclisinin üzvü, Azadlıq qәzetinin bölgә müxbiri Elçin İsmayıllı da həbsdədir, AXCP üzvləri deyir.

Partiyanın qəzeti "Azadlıq"-ın ötən ildən etibarən nəşri dayandırılıb.

Buna səbəb qurumun maliyyə əməliyyatlarını apara bilməsi üçün notarial kontorun Faiq Əmirlini əvəz edəcək şəxsin imzasını tanımaqdan imtina etməsidir.

Bu barədə daha geniş