Yeni qanun layihəsi: Xaricdə təhsil alanlar da "dini ayin həyata keçirə bilərlər"

Məscid

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında "Dini etiqad azadlığı haqqında" qanuna bir neçə dəyişiklik təklif edilib.

Təklif olunan dəyişiklərdən birinə görə, dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparması qadağan ediləcək.

Hazırda qüvvədə olan qanuna görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.

Dəyişiklərdə bu qadağanın dini mərkəz tərəfindən dəvət edilənlərə şamil edilməyəcəyi göstərilir.

Qanun layihəsinə təklif edilən digər dəyişikliyə görə, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları artıq dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.

Lakin onlar bunu Qafqaz Müsəlmanları İdarəsi və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalıdırlar.

Bundan başqa, vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübahisəli mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilirdi.

Yeni təklif olunan dəyişikliyə əsasən, bu proses artıq yalnız dini mərkəz tərəfindən həyata keçiriləcək.

QMİ və DQDK-nın icazəsi

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü millət vəkili Fazil Mustafa deyir ki, qanun layihəsində dini mərkəz deyildikdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ), müvafiq icra hakimiyyəti orqanı deyildikdə isə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi (DQDK) nəzərdə tutulur.

Onun sözlərinə görə, qanuna təklif edilən bu dəyişiklərin məqsədi bir çox savadlı din adamlarının ölkəyə gəlməsinə və müəyyən inanclı insanların ibadətlərini yerinə yetirməsinə şərait yaratmaqdır.

"Məsələlərin bilavəsitə daha insan hağlarına toxunmadan həllində maraq göstərilir", o deyir.

Onun sözlərinə görə, hazırkı qanuna əsasən, xaricdə təhsil alanların müəyyən dərəcədə dini ayinlər icra etməsinə icazə verilmirdi. Lakin hazırda bu hal istisna səlahiyyət kimi DQDK-ə verilib.

Millət vəkili onu da əlavə edib ki, bir sıra xarici ölkədə yaşayan şəxslərin, savadlı din adamlarının ölkəyə dəvət olunması mümkün ola bilər. Lakin bu, müvafiq qurumlarla razılaşdırılmalıdır, əks halda bu addıma görə "məsuliyyət nəzərdə tutulur".

Bu o deməkdir ki, dəyişikliyə uyğun olaraq müvafiq Cinayət Məcəlləsinin müvafiq maddələrində də dəyişiklik edilə bilər.

QMİ-nin bacarmayacağı iş?

Dini problemləri təhlil edən jurnalist Rəsul Mirhəşimli hesab edir ki, bu dəyişiklərə nəzarəti təkcə QMİ həyata keçirə bilməz.

O, bu halın mümkünlüyünə inanmadığını deyir.

Onun sözlərinə görə, hazırkı qanunla məscidlərdə hər hansı bir vəzifə tutmaq üçün mütləq Azərbaycanda təhsil almaq lazım idi.

İndi isə jurnalist düşünür ki, hər hansı bir xarici ölkədə dini təhsil almış adamların dünyagörşündə həmin ölkənin təsiri mütləq iz buraxır.

"...Məsciddə fəaliyyət göstərilməsinə icazə verilməsindən sonra onların QMİ-nin iradəsinə uyğun təbliğat aparacaqları, yoxsa təhsil aldığı dövlətin onlarda yaratdığı dini-ideoloji dünyagörüşü təbliğ edəcəkləri sual altındadır. QMİ təkbaşına bu nəzarəti həyata keçirə biləcək gücə malik deyil", cənab Mirhəşimli deyir.

Onun sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən dini təbliğatla məşğul ola biləcək 2 struktur var.

"Birincisi Türkiyə səfirliyində din işləri üzrə müşavirdir, digəri Azərbaycanda İran mədəniyyət mərkəzidir. QMİ bunların fəaliyyətinə nəzarət edə bilirmi" deyə sual edən jurnalist məslənin qaranlıq tərəflərinin olduğundan və qanunun necə işləycəyi barəədə mexanizmlərin açıqlanmalı olduğundan bəhs edir.

O, həmçinin deyir ki, Azərbaycanda dini təbliğata nəzarət etməyin ən yaxşı yolu, hər bir dini etiqadın ayrı-ayrı məsciddə toplaşmasına şərait yaratmaqdır.

Məsələ ilə bağlı QMİ ilə əlaqə saxlamaq mümkün olmayıb.

Lakin millət vəkili Fazil Mustafa da bu prosesin təkcə QMİ tərəfindən həyata keçiriləcəyini mümkünsüz sayır.

"Mütləq müvafiq icra orqanı ilə birgə edilməlidir", o deyir.

Millət vəkili QMİ-nin dini mərkəz kimi fəaliyyət göstərməsinə baxmayaraq, hələ də digər QHT-lər ilə eyni statusa malik olmasını, digər qurumlar üzərində hansısa bir imtiyaza sahib olmaması barədə deyilənləri xatırladır. O deyir ki, bu məsələ çox mübahisə doğurub.

Cənab Mustafa izah edir ki, qurum tarixən mövcud olduğu üçün dini mərkəz statusunu qoruyub saxlayıb.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. Lakin onun aprelin 25-də baş tutacaq iclasda müzakirə olunub-olunmayacağı dəqiq deyil.

Əlaqəli mövzular

Bu barədə daha geniş