Aİ və Azərbaycan arasında yeni sazişə dair 5 suala cavab

Fotonun müəllifi JOHN THYS / Getty
Image caption Fevralın 6-da prezident İlham Əliyev və Aİ Şurasının prezidenti Donald Tusk Azərbaycanla Aİ arasında yeni ikitərəfli müqavilə üzrə danışıqların başlayacağını elan ediblər.

Aİ və Azərbaycan arasında yeni sazişdə nələr var?

Çərşənbə axşamı Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların real mərhələsi başlayır. Görüşdə Azərbaycanın təqdim etdiyi və Aİ-nin dəyişiklər təklif etdiyi sənəd üzrə danışıqlar aparılacaq. Danışıqlar ilkin olaraq siyasi məsələləri əhatə edəcək.

Yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq təklif edən hazırki müzakirə edilən saziş Azərbaycanla Aİ arasında münasibətlərin hüquqi əsası olan 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini (TƏS) (Sənəd 1999-cu ildə qüvvəyə minib) əvəzləmək niyyəti güdür.

Saziş, siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutaraq, Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfləyib.

Sazişin məqsədi nədir?

Azərbaycan Aİ ilə siyasi bərabərlik əsasında bir saziş istəyir. Hər iki tərəf görüşlərində sazişin əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu dilə gətirərək, bu layihə ilə əlaqədar qarşılıqlı anlaşma olduğunu biruzə veriblər.

Saziş barədə mandat əldə edilərkən gedən müzakirələrdə bildirilib ki, Aİ qonşuları ilə fərqləndirilmiş yanaşma seçməyə ehtiyac olduğunu qəbul edir.

Bu o deməkdir ki, Azərbaycan Aİ-nin siyasi assosiasiya və iqtisadi inteqrasiyası təkliflərindən özü istədiyi həcmdə faydala biləcək.

Müzakirə zamanı hansı çətinliklər ortaya çıxa bilər?

Azərbaycan ilə bu tip sazişi hazırlamaq Aİ üçün də asan deyil. Çünki Aİ, ilk dəfə olaraq, Dünya Ticarət Təşkilatına (WTO) daxil olmayan bir ölkə ilə iqtisadi razılaşmaya gəlməlidir.

Bunun üçün Azərbaycan WTO-ya daxil olanadək WTO-dəki mövcud mexanizmləri əvəzləyəcək və hər iki tərəfə faydalı yollar tapılmalıdır.

Bundan başqa, regional stabillik, Qarabağ məsələsi, iqtisadi-ticari danışıqlara dair ortaq dil tapmaq da uzun müzakirələrə səbəb ola bilər.

Sazişə hansi maddələr daxildir?

Bu saziş Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ölkələrlə bağladığı sazişlərə çox bənzəyir, bura siyasi, iqtisadi-ticari, enerji regional təhlükəsizlik və Dağlıq Qarabağ istiqamətlərinin daxil ediləcəyi şübhəsizdir. Lakin hələlik sənədə daxil olacaq maddələrin dəqiq sayı naməlumdur.

Siyasi əməkdaşlıq daha önəmli olacaq. Bundan başqa iqtisadi və enerji sahəsi də əhəmiyyətli hesab edilir.

Yeni saziş Azərbaycan məhsullarının Avropa İttifaqının bazarlarına çıxışının yaxşılaşması məqsədilə Azərbaycan qanunvericiliyin və prosedurlarının Aİ-nin ən mühüm beynəlxalq ticarət norma və standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur.

Lakin Aİ öz əsas dəyərləri, o cümlədən insan haqları sahəsində Azərbaycana güzəştə getməyəcək. Bu səbəbdən insan haqları məsələsi də bu sazişin əhəmiyyətli hissəsi hesab olunur.

Sazişə dair danışıqların son tarixi məlumdurmu?

Saziş barədə danışıqlara fevral ayında Brüsseldə başlanılıb. 2016-cı ilin noyabr ayında Avropa İttifaqı Şurası Avropa Komissiyasına və xarici əlaqələr və təhlükəsizlik siyasətinin nümayəndəsinə müzakirələr aparmaq üçün mandat verib.

25 aprel görüşü isə sənədin müzakirəsi üzrə ilk görüşdür və sənədin siyasi hissəsinə aid olacaq.

Danışıqlar üzrə son tarix hələ məlum deyil. Bu, tərəflərin müzakirə mövzularına yanaşmasından asılı olacaq.

Aİ tərəfdən danışıqları Şərq Tərəfdaşlığı və Rusiya üzrə direktor Luke Devin, Azərbaycandan isə XİN müavini Mahmud Məmmədquliyevdir.

Bu barədə daha geniş