Sərhədsiz Reportyorlar Azərbaycan barədə: "Olan-qalan tənqidlə müharibədə aman yoxdur"

2012-ci il mitinqindən foto

Azərbaycan Sərhədsiz Reportyorların (RWB) 2017-ci il Dünya Mətbuat Azadlığı İndeksində 162-ci yeri alıb, qeyri-hökumət təşkilatının açıqlamasında deyilir.

Azərbaycanla bağlı hissə "Olan-qalan tənqidlə müharibədə aman yoxdur" başlığı ilə verilib.

Məlumatda deyilir ki, "plüralizmin bütün formalarını sarsıtmaqla kifayətlənməyən prezident İlham Əliyev 2014-ci ildən olan-qalan tənqidçilərə qarşı da amansız müharibə aparır."

Prezident Əliyevin özü isə hesab edir ki, Azərbaycanda senzura yoxdur və mətbuat azaddır.

Hesabatda həmçinin deyilir ki, müstəqil jurnalistlər və bloqçular təzyiqə, döyülməyə, şantaj, yaxud rüşvətə məruz qalmırlarsa, həbsxanaya atılır.

Həbslər

"Zerkalo və Azadlıq kimi bəzi müstəqil media iqtisadi cəhətdən tamamilə boğulub. Azadlıq Radiosu kimi başqaları isə zorla bağlanıb. Ən inadcılları (Emin Milli və Qənimət Zahid kimi mühacirətdə müqavimət göstərməyi davam etdirənlər) susdurmaq cəhdi ilə hakimiyyət onların ailə üzvlərini təqib edir."

Hesabatda qeyd edilir ki, beynəlxalq təzyiqlərə cavab olaraq, rejim 2016-ci ilin əvvəllərində həbsdə olan ən məhşur jurnalistləri azadlığa buraxıb, amma sonrakı aylarda yerinə başqalarını həbs edib.

Həmçinin oxu: Azərbaycanda media azadlığı: İlham Əliyev haqlıdırmı?

Mətbuat azadlığının möhkəmləndirilməsi üçün dünya miqyasında fəaliyyət göstərən RWB-nin hesabatı 179 ölkə monitorinq edilib. Siyahıya görə ən azad mətbuat Norçevdə, ən sıxışdırılan media isə Şimali Koreyadır.

Azərbaycan hökuməti media ilə bağlı bu cür beynəlxalq tənqidlərə cavab olaraq, hər zaman medianın azad olduğunu bildirir.

"Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Bu məsələnin mahiyyətinə diqqət yetirmək kifayət edir. Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?!", prezident Əliyev son çıxışlarından birində deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş