Azərbaycanda hökumət qurumu Azadlıq Radiosu və digər saytların bloklanmasını istəyir

məhkəmə qarşısı

Azərbaycanda hökümət qurumlarının iddiası ilə bəzi saytlara girişin məhdudlaşdırılması işinə baxış keçirən məhkəmə təxirə salınıb.

Prosesdən sonra vəkillər BBC Azərbaycancaya bildirib ki, proses ETM-in nümayəndəsinin etibarnaməsini gətirməməsinə görə 1 maya qədər təxirə salınıb.

Azadlıq.info, Azadlıq.org, Azerbaycansaati.com, Meydan.tv və Turan telekanalına girişin məhdudlaşdırılması barədə iddia Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən Baş Prokurorluğun müvafiq məktubundan sonra qaldırılıb.

BBC Azərbaycanca Nazirlikdən məhkəmə iddiası barədə əlavə şərh ala bilməyib.

Hüquq müdafiəçiləri bu məhkəməni "çox ciddi bir ictimai əhəmiyyət daşıyan və informasiyaya çıxış imkanlarını məhdudlaşdıran proses" adlandırır.

İttiham nədir?

"ETM-in tələbi budur ki, Baş prokurorluqdan məktub gəlib və bu məktub əsasında saytlar bloklansın. Məktub əsasında Rabitə Nazirliyi 27 martda saytları müvəqqəti bloklayıb və ondan 3 gün sonra ərizə veriblər və indi iddiaya hazırda baxılır", - Azadlıq qəzeti və Azadlıq.info saytının nümayəndəsi, hüquqşünas Səməd Rəhimli deyir.

O əlavə edir ki, iddiada saytlarda "hazırda qəbul olunmuş yeni qanuna əsasən zidd məlumatlar" olduğunu deyilib, hərçənd ki, bu məlumatlar barədə izahlı məlumat verilməyib.

BBC Azərbaycanca müxbirinin gördüyü iddia ərizəsində yazılır ki, Baş Prokurorluqdan ETM-daxil olan 17 mart məktubunda "mütəmadi olaraq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun tələblərini kobud şəkildə pozaraq AR Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verilməsi, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar edilməsi, radikal dini qurumların qanunsuz fəaliyyətlətinin təbliğ edilməsi və digər qanunazidd hərəkətlərə yol vermələri müəyyən edilmiş, sadalanan internet informasiya ehtiyatlarının və teleproqramların Azərbaycan ərazisində yayımlarının dayandırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsinə dair göstəriş verilməsi xahiş edilib.

Sənəddə həmçinin deyilir ki, daha sonra Nazirlik bu saytlara 27 martda müvəqqəti məhdudiyyət tətbiq edib.

İddia ərizəsində məhkəmədən təkcə bu saytların domenlərinə deyil, həmçinin "müraciətin digər informasiya ehtiyatları vasitəsilə mümkün olduğu halda məhdudlaşdırma barədə məhkəmə qərarının bu resurslara da şamil edilməsi istənilib.

Azadlıq qəzetinin redaktoru Rövşən Hacıbəyli BBC Azərbaycancaya müsahibəsində bildirib ki, onlara məhkəmənin olacağı barədə 26 apreldə elektron bildiriş gəlib.

Cənab Hacıbəyli bildirir ki, iddia ərizəsinin məğzi barədə məhkəmə iclasından bir neçə dəqiqə öncə öyrəniblər.

"Orda belə yazırlar ki, dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığından azadlıq.info, azadlıq.org, azerbaycansaati.com domenlərinə, Meydan.tv və Turan telekanalı və Azərbaycan saatı teleproqramlarının yerləşdirildiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə qərar qəbul edəsiniz. İddia ərazisi ETM direktoru Faiq Fərmanovun adından verilib", cənab Hacıbəyli əlavə edib.

Meydan TV-nin vəkili Elçin Sadıqov BBC Azərbaycancaya bildirib ki, proses ETM-in nümayəndəsinin etibarnaməsini gətirməməsinə görə 1 maya qədər təxirə salınıb.

"Əlavə olaraq sənədlərin surətləri bizə verilməmişdi. Məhkəmə qərar verdi ki, digər sənədlərin surətləri də bizə verilsin", vəkil bildirib.

BBC müxbiri Günel Səfərova bildirib ki, prosesdən öncə səfirlik nümayəndəlikləri və jurnalistlər məhkəmə binasının qarşısına toplanıb. Məhkəmə zalına isə səfirliklər və dörd jurnalist buraxılıb.

"İctimai əhəmiyyətli məhkəmə"

Zala daxil ola bilməyənlər arasında olan media hüquqşünası Ələsgər Məmmədli bu məhkəməni "çox ciddi bir ictimai əhəmiyyət daşıyan və informasiyaya çıxış imkanlarını məhdudlaşdıran proses" adlandırır.

"Bu baxımdan, media təmsilçiləri, vətəndaş cəmiyyəti müdafiəçiləri, hüquqşünaslar, biz bu prosesi müşahidə etməliyik. Proses açıqdır, hüquqi məhdudiyyət yoxdur, amma fiziki məhdudiyyətlər tətbiq olunur".

O əlavə edib ki, məhkəməni ayaqüstə olsa belə izləmək üçün hadisəni aktlaşdırıb, məhkəməyə müraciət edəcəklər.

2016-cı ilin sonunda sosial şəbəkələrdə bir çox istifadəçilər Azadlıq radiosu və Amerikanın Səsi saytlarına daxil ola bilmədiklərini bildirib. Bu vəziyyət fasilələrlə müxtəlif dövrlərdə də davam edib. Bəzi provayderlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlamağı məsləhət bilib. Nazirlik bu iddialarla bağlı şərh verməyib.

Bir müddət sonra isə Azadlıq Radiosu və Meydan TV-nin saytlarına mobil telefonla girmək mümkün olmayıb. Həmin vaxt mobil operatorlar saytlara hansısa "məhdudiyyətin qoyulmadığını" bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş