Parisdə polislər "ölü qadını" dirildiblər

Французские полицейские Fotonun müəllifi AFP/GEOFFROY VAN DER HASSELT
Image caption Həkimlərin öldüyü elan etdiyi qadının nəbzinin vurduğunu aşkar edən polislər şok keçiriblər

Fransanın paytaxtında polislər təcili yardım işçiləri tərəfindən bir saat əvvəl ölmüş elan edilən qadını canlandırmağa nail olublar.

Adı məlum olmayan 49 yaşlı qadın artıq uzun illərdir ki, anoreksiya xəstəliyindən əziyyət çəkir. Onu qızı döşəmədə hüşsuz vəziyyətdə tapıb.

Qadının infarkt keçirdiyi güman edilir. Evə çağrılan təcili yardım həkimlərinin qadını həyata qaytarmaq cəhdləri uğursuzluğa düçar olub.

Le Parisien qəzetinin yazdığına görə, təcili yardım həkimləri qadının öldüyünü elan edərək ölüm saatı kimi yerli vaxtla 18:10 radələrini göstəriblər.

Lakin hadisədən 2 saat sonra ölüm barədə protokol tərtib etmək üçün hadisə yerinə gələn polislər qadının üzərindəki örtüyü qaldıran zaman onda həyat əlamətləri hiss ediblər.

Polislərdən biri onun nəbzini yoxlayıb və xanımın ürəyinin hələ də döyündüyü məlum olub.

Hadisə ilə bağlı sarsıntı keçirən polislərdən biri qadının əlini tutaraq onu danışdırmağa cəhd edib. Digər polis isə yağınsöndürmə xidmətinə zəng edərək süni nəfəs və ürək masajının necə edilməsilə bağlı təlimat istəyib.

Bu proseduradan 30 dəqiqə sonra rəsmən öldüyü elan edilən xanım özünə gəlib.

O, bir həftəlik müalicədən sonra artıq yaxşılaşmağa doğru gedir.

Polis Həmkarlar İttifaqının yerli nümayəndəsi İvan Assioma qadının "dirilməsini" fantastika və görünməmiş hadisə adlandırıb.

"Bizim həmkarlar deyir ki, bu hadisə "Gəzən ölülər" serialındakı epizoda bənzəyirdi ".

Cənab Assioma hər iki polisi cəsarətlərinə görə mükafatlandırmağa çağırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş