Şamaxı və Kürdəmirdə fermerlər torpaqlarını tərk etməyə "məcbur edilir"

Sakinləri Göyləri Şamaxının ən böyük kəndi adlandırır. Deyirlər ki, buranın 12 min əhalisi var, əsas məşğuliyyət isə kənd təsərrüfatıdır.

Kəndin bəzi sakinləri kənd mərkəzindən kilometrlə uzaqda fermer yataqlarına sahibdir. Burada yüzlərlə xırda buynuzlu heyvana baxılır və iri təsərrüfatlarda bir neçə ailələr yaşayır. Fermerlər özləri bu təsərrüfatlara "yataq" və ya "binə" deyir. Belə "yataqlarda" bir neçə ailə yaşaya bilər.

Əbilcan İsmayılov da bu kəndin sakinidir. 78 yaşı var. Deyir ki, o elə bu təsərrüfatda doğulub, ata-babası da heyvandarlıqla məşğul olub.

Əbilcan bəy də Azərbaycanda heyvandarlıqla məşğul oluan və "torpaqları əlindən alınan" fermerlərdəndir.

Ərazilərin tərk edilməsi

Şamaxının Göylər, Çaylı, Quşçu kəndindən olan fermerlər deyirlər ki, 2017-ci ilin əvvəlində Nazirlər Kabinetinin torpaqların təyinatının dəyişdirilməsilə bağlı qərarından sonra onlardan əraziləri tərk etmək tələb edilib.

"Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı 20 yanvar 2017-ci ildə imzalanıb.

Bu qərardan əziyyət çəkən təkcə Şamaxı fermerləri deyil. Kürdəmir, Ağstafa, İmişli fermerləri də belə bir faktın mövcudluğunu BBC Azərbaycancaya təsdiqləyib.

Onlar eyni halların Zərdab, Hacıqabul kimi bölgələrdə də baş verdiyini deyir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
“Deyirlər ki, heyvandarlıq ləğv olunur - əkinçiliklə məşğul olsunlar”

Söhbət zamanı fermer Əbilcan bəy 1997-ci ili xatırlayır. O deyir ki, həmin il ölkə başçısı sahibkarlığın yaranmasını dəstəklədiyi üçün bir neçə təsərrüfatla məşğul olanlar belə də edib.

"Hərədə 10-15 qoyun var idi. Bizə güzəştli kredit verildi, təsərrüfatını artırdıq. Artırıb ərsəyə yetirəndə də gəlib boğazımızdan yapışıblar ki, bəs heyvandarlıq ləğv olunur, kimsə əkinçiliklə məşğul olacaq".

"1937-ci il kimi..."

Əbilcan bəy deyir ki, Şamaxı rayonunun ərazisində fəaliyyət göstərən 105 sahibkarın bəzilərinə artıq təzyiq, hədə-qorxu yolu ilə "tikinti pulu verilib". Bu tikinti pulu isə fermerlərin fəaliyyət göstərdiyi ərazinin ölçüsünə aid edilmir, yalnız yataqda daşla və sənədləşdirilərək tikilmiş tövlə, ev və digər tikililərə şamil edilir.

Şamaxı fermerlərinə bu tikinti pulu 27 manat olaraq təklif edilib, lakin Kürdəmirin Şilyan massivində qışlayan qəbələli fermerlərə 18 manat pul təklif edilir.

Əbilcan bəy deyir ki, indi Şamaxıda 10-15 fermer qalıb ki, pulu götürməyib, torpaqlardan çıxmaq istəmir və məhkəməyə müraciət edib.

"Onu da gündə zəng vururlar ki, 37 kimi tutduracağıq", o deyir.

Müsahibimizin sözlərinə görə, bu addımlar rayon icra hakimiyyəti tərəfindən atılır.

O deyir ki, 100 hektar ərazisi var və bu ərazidə müxtəlif tikililər də mövcuddur.

Lakin kompensasiya əraziyə deyil, burada tikilmiş ev və tövlələrə verilir. O da ancaq sənədi olanlara. Kvadrat metrinin qiyməti isə 25-27 manatdır.

Fermer ərazisindəki tikililərə görə ona 13 min manat pul təklif olunduğunu deyir. Amma özünün bu əraziyə 50 min manatdan çox pul xərclədiyini də qeyd edir.

Əbilcan bəy elə hey "nə edəcəyik" sualını verir. Deyir ki, təklif edilən pul ancaq tikililəri sökdürmək üçün fəhlələrin haqqı edir.

"Gəlsin divar hörsün mənə görək kvardratına nə qədər pul ödənəcək. Axı insaf da yaxşıdır, əziyyət çəkmişik axı. Bəs bu heyvanları nə edim", o gileylənir.

Deyir ki, onlara bir müddət vaxt verilsəydi heyvanları "yönlü" qiymətə sata bilər.

"İndi biz məcburuq sentyabr ayında qoyunun birini 25 manata sataq. Gör nə qədər ziyan dəyir bizə", o deyir.

Şamaxılı fermerlərə icra hakimiyyətindən məktub göndərilib. Məktubda fermerlərdən 01 may 2017-ci il tarixədək mal-qaranın və icarə dövründə istifadədə olan daşınmaz əmlakın, bina və qurğuların sökülərək ərazidən çıxarılması xahiş edilib.

Səbəb kimi ərazidə mütərəqqi üsulla suvarma şəbəkəsi qurulmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə iri taxılçılıq və yemçilik təsərrüfatının yaradılmasının nəzərdə tutulduğunu və cari ilin yaz və payız mövsümündə kənd təsərrüfatı və tikinti işlərinin başlanılacağı göstərilir.

Məktubda qeyd olunur ki, bu qərar ölkə prezidentinin 2016-cı il dekabrın 6-da verdiyi fərmanla təsdiqlənmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq verilib.

Müsahibə zamanı hər iki rayondan olan fermerlər "bu işlərdən prezidenin xəbəri yoxdur" ifadəsini təkrarlayır. Onlar bircə ümidi ona və birinci vitse-prezidentə bağladıqlarını deyirlər.

Fermerlər torpaqlardan çıxarılmalarını "məmur özbaşnalığı" ilə əlaqələndirirlər.

Əbilcan İsmayılov bu qənaətini belə izah edir:

"Dövlətin bankı da var, bankomatı da. Əgər bu torpaqları dövlət alırsa niyə rayon icra hakimiyyəti fermerlərə pulu vedemostla paylayır. İndi 21-ci əsrdir. Pulu mənimsəmək üçün edirlər. Bir də görürsən başqa fermerə deyir ki, filankəs gəl sənin pulunu artıracam. Bu nə deməkdir bilmirəm. Əgər bu qiymət varsa 1 dənədir, yoxsa bu nə təklifdir?!", o danışır.

Fermerlər bildirir ki, onların təsərrüfatından təkcə öz ailələri yox, burada işləyən onlarla digər ailələr də çörək pulu qazanır.

"Hara gedək?"

İki ildir fermer təsərrüfatı ilə məşğul olan Göylər kənd sakini Toğrul Salahov banklardan kredit götürərərk 250 hektar ərazi alıb.

Onun müqaviləsinin hələ 13 il müddəti var, amma buna baxmayaraq ərazini tərk etməsi tələb olunur.

"600 yüz baş heyvan saxlayıram. Bu heyvanları hara aparım, necə edək", o sual edir.

Fermer deyir ki bir çox dövlət qurumuna müraciətlər ünvanlayıblar, amma heç bir nəticəsi olmayıb.

"Nazirlər Kabinetinə deyirik ki, icra hakimiyyəti sizin qərarı əlində tutub ki, çıxmalısınız. Nazirlər Kabineti deyir ki, "biz deməmişik ki sizin əlinizdən torpaq alınsın, sizi torpaqla təmin etməlidirlər"", o deyir.

Fermer ölkə prezidentinin vaxtilə kənd təsərrüfatından vergini götürdüyünü xatırladaraq, "mən razıyam vergi tətbiq olunsun, vergini ödəyək, amma heyvanımızı da saxlayaq" deyir.

Çıxılmaz vəziyyət

Fermerlər ərazinin kim tərəfindən alındığına da əmin olmadıqlarını deyirlər. Onlara gah torpaqların dövlətin aldığını, gah hansısa "halal" adamın aldığını eşitdiklərini deyirlər.

Cənab Salahov Şamaxı rayonunda bir çox fermerin artıq torpaqlardan imtina etdiyini də deyir.

"Təzyiqlər var, fermerlərin 80-85 nəfəri kağıza qol çəkib ki, torpaqdan istifadə etmədiyimiz üçün imtina edirik. Qalan 15-20 adam məhkəməyə müraciət etmişik".

Çıxılmaz vəziyyətdə olduqlarını deyən Toğrul Salahov mayın 18-də məhkəmə prosesinin olacağını deyir.

"İcra hakimiyyətinə deyirik iş məhkəmədədi, deyirlər sökün çıxın, yoxsa uçurulacaq. Yerləri şumlaymağa başlayacaqlarını deyirlər. Mən YAP üzvüyəm. Sözümü deyəndə deyirlər terorçudu, müxalifətçidi. Nə terroçuyuq, nə müxalifətçiyik, dövlətə sadiqik, əziyyət çəkib, ailəmizi dolandırırıq", o deyir.

Kompensasiya

Şamaxı Rayon İcra Hakimiyyəti BBC Azərbaycancaya bildirib ki, kompensasiyanın miqdarını taxılçılıq təsərrüfatını yaradan təşkilatın komissiyası hesablayır və bu işə icra hakimiyyəti qarışmır.

"Əgər vətəndaş razıl deyilsə, məhkəməyə müraciət edə bilər", nümayəndə deyir.

Vətəndaşların məhkəməyə müraciət etmələrinə baxmayaraq onlardan hələ də ərazidən çıxarılmasının istənilməsi barədə suala o belə cavab verib: "Təsərrüfat fəaliyyətə başlamalıdır. Məhkəmənin ona nə dəxli var axı. Bəlkə məhkəmə 1-2 ay davam edəcək".

O deyib ki, fermerlər çıxmasa, "qanuna müvafiq şəkildə məcburi çıxarılacaq".

Qurum bu təşkilat barədə və digər suallara cavab verməyib.

Kürdəmirdə torpağı şumlananlar

Kürdəmir rayonu ərazisində yerləşən Şilyan Massivində yataqları olan fermerlər də torpaqlarının əllərindən alınmasına qarşıdırlar. Burada yaşayanlar Qəbələnin Qəmərvan kəndinin sakinləridir. Qışlaq üçün həmişə Kürdəmir ərazisinə gəlirlər.

Onların sözlərinə görə, 100 ildən çox müddətdir ki, qışlaq üçün bu əraziyə gəlirlər. Əvvəlcə buradakı torpaqlar Qəbələ kolxozlarına aid olub. Müstəqillik dövründə isə Qəbələ rayonunun tabeliyinə verilib.

Son bir neçə ildir ki, ərazilər Kürdəmir rayonuna verilib.

Fermerlər müstəqillikdən sonra əvvəlcə Qəbələ, daha sonra isə Kürdəmir rayon icra hakimiyyətindən bu əraziləri bir neçə illik icarəyə götürüblər.

İndi Nazairlər Kabinetinin qərarı ilə onlardan da ərazini may ayında tərk etmələri istənilir.

40 ildir bura qışlaq üçün gələn Qəbələ sakini Şahbuz Hətəmov Şahbuz deyir ki, ərazidə Qəbələnin 170 mindən çox kiçikbuynuzlu heyvanı saxlanılır.

Onlar heyvanların aqibətini düşünərək, hara gedəcəklərini sorğulayırlar.

Deyirlər ki, gəldikləri kənddə payız aylarından başlayaraq qar yağır və o hava şəraitində heyvan saxlamaq mümkün deyil.

"Gəliblər təyinatın dəyişiblər, deyirlər hansısa şirkətə satıblar. Nə bizə torpaq vermirlər, nə kompensasiya. Burda nə qədər iş yeri var. Hər binədə (yataq) 15-20 nəfər var. İndi bilmriik hara gedək", cənab Hətəmov deyir.

O bu ərazidən köçmək istəmir.

"Bizə imkan yaratsınlar. Bu boyda respublikada 2000 hektar torpağı bizə güzəştə getsinlər. Bu 2000 hektarı əkməyəndə olmur? Respublika bu torpaqla dolancaq?!" o deyir.

Pambıq əvəzinə bostan

İcarə müqaviləsinin müddəti 2028-ci ildə bitəcək Əliağa Ziyadov deyir ki onun ərazisinin artıq 15 hektarı şumlanıb.

"Deyirlər prezidentin qərarı ilə təyinat dəyişdirilib. Pambıqçılıq adı ilə şumlayıblar, qarpızla bostan əkiblər. Heç pambığın adı da yoxdu. Şəxsi mənafe üçün istifadə edilir", o deyir.

"Əmlakım budur, deyirlər sökün yığışın gedin. Heç nə də vermirlər. Ancaq deyirlər torpaqda sizin hüququnuz qalmayıb", o davam edir.

Digər sakin deyir ki, bu ərazidə onların millətinə aid qəbiristanlıq var.

"Bu heç bir tolerantlığa, humanizmə sığışan cəhət deyil. Prezident fərman verib, amma deməyib ki, birbaşa hamısını ləğv edin", o deyir.

İnşallah Ədilov da torpağı şumlanan fermerlerdəndir. O deyir ki, onun ərazisini özündən xəbərsiz "biyan kökü çıxarma bəhanəsilə" şumlayırlar.

Onlara deyilib ki bu ərazidə aqropark yaradılır. Amma şumlama siravi şəxs tərəfindən aparılır.

"Mənə deyirlər, sizin burada torpağınız yoxdur".

O bildirir ki, məhkəmə yolu ilə müddəti bitməmiş müqavilələrinə xitam verilir.

Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

Kənd Təsərrüfatı Nazirliyi isə məsələ ilə bağlı onlara heç bir şikayətin daxil olmadığını deyir.

Qanuna uyğun olmayan qərar

Hüquqşünas Emin İsayev deyir ki, Nazirlər Kabinetinin torpaqların təyinatının dəyişdirilməsilə bağlı bu qərar hazırda qüvvədə olan qanuna uyğun olmayaraq verilib.

Onun sözlərinə görə, "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə qərar Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanununa ziddir.

"Çünki fermerlərin icarəyə götürdüyü torpaqların təyinatının dəyişdirilməsi kimi səbəb aqroparkların və ya iri əkinçilik təsərrüfatlarının yaradılması göstərilib".

Qanunun 3-cü maddəsinə əsasən isə, torpağın alınmasına əsas verən dövlət ehtiyaclarına bu səbəblər daxil deyil.

Torpağın alınmasına əsas verən dövlət ehtiyacları ancaq 4 halda, yəni dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi halında baş verə bilər.

Ona görə də, qayda təsdiqlənməmişdən əvvəl bu qanuna əlavə və ya dəyişiklər edilməli idi.

Hüquqşünas onu da deyd edir ki, Nazirlər Kabinetinin qərarında fermerlərə kompensasiya verilməsi də nəzərdə tutulub.

Azərbaycan Respublikası Nazirlər Kabinetindən isə suallarımıza cavab ala bilmədik.

Ət qiymətinin bahalaşması

Fermerlər isə əsas 2 məsələni vurğulayırlar. Onlar deyir ki, qış otlaq sahəsi 1 il əkilərsə, uzun müddət qış otlaq sahəsi ola bilməz. Bu da heyvandarlığın inkişafına zərbədir.

Bundan başqa, onlar ehtimal edirlər ki, bu tipli addımlar ət bazarını monopoliyaya cəlb etmək məqsədi daşıya bilər.

"Bu qədər qoyun satılandan sonra, imkanlı adamlar özləri heyvan saxlayacaq, ətin də qiyməti qalxıb 20 manat olacaq", onlar deyir.

Bu barədə daha geniş