“Deyirlər ki, heyvandarlıq ləğv olunur - əkinçiliklə məşğul olsunlar”
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

“Deyirlər ki, heyvandarlıq ləğv olunur - əkinçiliklə məşğul olsunlar”

Şamaxının Göylər, Çaylı, Quşçu kəndlərindən, eləcə də Kürdəmir ərazisindəki Şilyan Massivindən olan fermerlər deyir ki, Nazirlər Kabinetinin torpaqların təyinatının dəyişdirilməsilə bağlı qərarından sonra onlardan əraziləri tərk etmək tələb edilir.

"Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı 20 yanvar 2017-ci ildə imzalanıb.

Bu qərardan şikayət edən təkcə bu regionların fermerləri deyil. Ağstafa, İmişli fermerləri də daha öncə belə bir faktın mövcudluğunu BBC Azərbaycancaya təsdiqləyib.

Şamaxı və Kürdəmir fermerlərinə may ayına qədər vaxt verilib. Onlara müvafiq rayon icra hakimiyyətlərindən göndərilən bildirişlərdə də bu öz əksini tapıb.

Şamaxı Rayon İcra Hakimiyyəti BBC Azərbaycancaya deyir ki, fermerlər çıxmasa, "qanuna müvafiq şəkildə məcburi çıxarılacaq".

Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

May ayına bir neçə gün qalıb, indi fermerlər “hara gedəcəklərini və ya necə edəcəklərini” sorğulayırlar.

Videosüjeti BBC Azərbaycanca müxbiri Günel Səfərova hazırlayıb.