Fəalın həbsxanada "intiharı" ilə bağlı cinayət işi açılıb

Mehman Qələndərovun qəbri Fotonun müəllifi Oktay Gülalıyev
Image caption 1 saylı Bakı İstintaq Təcridxanasında intihar etmiş fəal Mehman Qələndərov Kürdəxanı qəbirsanlığında basdırılıb, bazar günü onun qəbrini axtarıb tapmış hüquq müdafiəçiləri bildirirlər

Həbsxanada intihar etdiyi deyilən fəal Mehman Qələndərovun bacısı BBC Azərbaycancaya bildirib ki, o bu məsələ ilə bağlı danışmaq istəmir.

"Öz işimizdir", deyən xanım təkcə onu qeyd edib ki, qardaşının dəfnində "iştirak ediblər".

Mehman Qələndərov Kürdəxanı qəbirsanlığında basdırılıb, bazar günü onun qəbrini axtarıb tapmış hüquq müdafiəçiləri bildirib.

Baş Prokurorluq BBC Azərbaycancaya fəalın "intihar etməsi" ilə bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsilə cinayət işi başladıldığını təsdiqləyib.

Mehman Qələndərovun "intihar etməsi" xəbəri onun dostu, Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlıya şənbə günü səhəri verilib.

Bu il, 7 fevralda Nəsimi Rayon Məhkəməsi Qələndərov barəsində narkotik ittihamı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçib və o, 1 saylı Bakı İstintaq Təcridxanasında idi.

Hüquq müdaifəçiləri onun həbsini Tbilisidə Qiyas İbrahimovBayram Məmmədovun həbsinə etiraz aksiyası keçirməsi və Facebook sosial şəbəkəsində status yazması ilə əlaqələndirib.

Fəalın cəsədi morqa aparılıb

Məhkumun ölümünü "çox ağırdır" adlandıran Qələndər Muxtarlı BBC Azərbaycancaya müsahibəsində həbs müddətində fəalla 6-7 dəfə görüşdüyünü bildirib.

"İki gün öncə görüşmüşdük. Xahiş etmişdi ki, məhkəməyə kostyumda çıxmaq istəyir... Həmişə də deyirdi ki, siqareti çox elə. Dünən zəng gələndə telefonu götürüb dedim ki, narahat olma, hər şey hazırdır, amma telefonda dedilər ki, Mehman müəllim intihar edib, morqdadır."

Cənab Muxtarlı şənbə günü Sabunçu morqunda fəalın cəsədini gördüyünü deyir.

"Bacısının əri də orada idi. Gizli şəkildə dəfn edilib, heç kimə bildirilməyib. Hökümət ölümü təkzib edib, bacısı isə təsdiq. Yayılan fotolardan görünür ki, bu səhər dəfn edilib, çünki qəbrin üstündəki su qurumayıb".

Şənbə günü Penitensiar Xidmət Amerikanın Səsi radiosuna intihar xəbərini təkzib edib.

"1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə əlaqə saxlamışıq. Bildirib ki, yayılmış məlumatlar tam yanlış və yalandır. Mehman Qələndərov sağ-salamatdır. Heç bir şikayəti də yoxdur", Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı bildirib.

Mehman Qələndərovun qəbrini tapan hüquq müdafiəçisi Oktay Güləliyev bazar günü BBC Azərbaycancaya bildirib ki, fəalın qohumları məsələ ilə bağlı danışmaqdan çəkindiyindən onu kimin dəfn etməsi bilinmir.

"Penitensiar Xidmətin onun ölümünü təkzib etməsi, nəşini ailəsinə gec verməsi, bu dəfnin gizli şəkildə həyata keçirilməsi - Mehman Qələndərlinin ölümündə xeyli müəmmalar və qaranlıq məqamlar var və bu baxımdan onun ölümünə aydınlıq gəlməlidir. Xeyli ictimaiyət nümayəndələri onun öldürülməsi iddiasındadırlar."

Penitensiar Xidmətdən bu məsələlərlə bağlı şərh almaq mümkün olmayıb.

Baş Prokurorluq BBC Azərbaycancaya təsdiqləyib ki, "ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilməklə məhkəmə tibbi ekspertizası təyin olunub".

Rəsmi izahat

Ədliyyə nazirliyi və Baş prokuroluq birgə bəyanatda Mehman Qələndərovun ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işinin açıldığı bildirilib.

Bəyanatda bildirilir ki, Mehman Qələndərov Bakı istintaq təcridaxanasında qaldığı iki nəfərlik kamerada "kamera yoldaşının yuxuya" getməsindən istifadə edərək, döşək üzlüyündüən düzəltdiyi iplə özünü kamera pəncərəsinin dəmir barmaqlıqlarından asıb.

Bəyanatda Mehman Qələndarovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə meyitin "müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə" göndərildiyi deyilir.

Müayinə zamanı "meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar" edilmədiyi deyilir.

Lakin bəyanatda həmçinin bildirilir ki, intiharın qarşısının alınmamasına görə "təcridxananın nəzarətçisi və Tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisi tutduğu vəzifələrdən azad edilib, rejim nəzarət şöbəsinin rəisinə töhmət elan olunub".

Əlaqəli mövzular

Bu barədə daha geniş