Masallıda yardım aksiyası keçirən xanım: "çox böyük ehtiyac var"

Nəcib qızlar klubu Fotonun müəllifi Nəcib qızlar klubu
Image caption Qəsəbənin məhəllələri üzrə ehtiyac və ianə edənlər barədə məlumatları da xanımlardan ibarət klub üzvləri toplayır

Azərbaycanın cənub rayonu Masallının Ərkivan qəsəbəsində 7 fəal xanım ilk dəfə imkansızlar üçün paltar aksiyası keçirir.

İstifadə edilməyən geyimləri toplayaraq, imkansızlara paylaşdıran qrup - "Nəcib qızlar" klubunun təsisçisi Fidan Abbaslı BBC Azərbaycancaya bildirib ki, hər ay belə tədbir keçirməyi planlaşdırırlar.

"Çoxdandır belə bir "ehtiyacın yoxdursa gətir, varsa götür" kampaniyası barədə düşünürdük", deyən xanım Abbaslı Bakıda fəaliyyət göstərən Güvən xeyriyyə cəmiyyətinin təcrübəsindən ilhamlandıqlarını bildirib.

Qəsəbənin məhəllələri üzrə ehtiyac və ianə edənlər barədə məlumatları da xanımlardan ibarət klub üzvləri toplayır.

"Rayon yerində aktiv olmaq çox çətindir, ailəli olanda lap çətindir, 3 uşağım var, icazə almaq mənə problem deyil, amma başqa adamlar üçün çətindir - subay olan deyir "subayam", nişanlı deyir ki, "nişanlım qoymur", deyən xanım Abbaslı insanları kluba cəlb etməyin çətin olduğunu söyləyir.

Lakin o, "kiməsə pislik etmiriksə, niyə də yaxşılıq etməyək" fikrini əsas götürdüklərini deyir.

Xanım Abbaslının sözlərinə görə, kluba müəllimələr, başqa savadlı qadınlar da qoşulmaq istəyir, amma klubun ofisi olmadığından hələ ki mümkün deyil.

"Yerimiz olsa işləri genişləndirmək fikrindəyik. Hamı dua edir, çox böyük ehtiyac var, bu fəaliyyətin layihə şəklində olmasını çox istərdim."

Fidan Abbaslının sözlərinə görə, onlar indiyədək sakinlərə müəyyən işlərdə yardım ediblər:

"Kimsə uşağını oxuda bilmirsə, müəllim tutmaqda yardım edirik, şəhərdə qızların evlə təmin olunması, sənətə - gitara kursları, tibb, idmana yönləndirilməsi ilə məşğul olmuşuq."

Əlaqəli mövzular