Azadlıq Radiosu, Meydan TV və Azadlıq qəzetinin saytlarının bloklanmasına dair məhkəmə davam edib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Xəbər saytlarının bloklanmasına dair məhkəmədən şərhlər

Səbayel rayon məhkəməsində Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan telekanalı və Azərbaycan saatı verilişinin yerləşdirildiyi internet ehtiyatlarının bloklanması iddiası ilə məhkəmə prosesi davam etdirilib.

Proses zamanı iddiaçı tərəf Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi sübutlar təqdim edib.

Prosesin sonunda hakim iddiaçı tərəfdən növbəti məhkəmə prosesi üçün "tələbin dəqiqləşdirilməsi, sübutların nəzərdən keçirilməsini" istəyib, məhkəmə zalında olan müxbirimiz deyir.

Növbəti proses mayın 3-ü keçiriləcək.

"Konkret sənədlər təqdim edildi.. Nazirliyin nə istədiyi bəlli deyil, bütün proses boyu Baş Prokurorluğa istinad etdi,", Azadlıq qəzeti və Azadlıq.info saytının nümayəndəsi, hüquqşünas Səməd Rəhimli BBC Azərbaycancaya deyib.

Səməd Rəhimli iddiaları "əsassız" adlandıraraq məkhəmə prosesinə üçüncü tərəf kimi Baş Prokurorluğun cəlb edilməsi və liqvistik ekspertiza ilə bağlı vəsatət verildiyini deyib.

Hakim bu vəsatətlərə növbəti məhkəmə prosesində baxılacağını bildirib.

BBC Azərbaycancanın müxbiri Günel Səfərova deyir ki, məhkəmə qarşısında hüquq müdafiəçiləri, xarici səfirliklərin nümayəndələr və vətəndaşlar toplanıb.

Məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) iddiasına əsasən keçirilir.

Azərbaycanda Azadlıq Radiosu və digər saytların bloklanması istənilir

Azərbaycanda saytların bloklanması barədə 5 suala cavab

Aprelin 27-ə təyin olunmuş ilk məhkəmə iclası ETM-ın nümayəndəsinin etibarnaməsini gətirməməsinə görə təxirə salınmışdı.

ETM-in məhkəməyə müraciətində iddia edilir ki, bu media qurumları "Azərbaycan Respiblikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verilməsinin, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar edilməsinin, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsinin və yayılması qadağan edilən digər informasiyaların yerləşdirilməsinin dövlətin və cəmiyyətin qanunla qorunana maraqlarına təhdid" yaradıb.

Lakin media qurumları bu ittihamları təkzib edirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş