Bir neçə AXCP üzvü siyasi fəaliyyətinə görə işdən çıxarıldıqlarını deyir

AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədzadə və onun xanımı, AXCP üzvü Ülkər Əhmədzadə Fotonun müəllifi Courtesy photo
Image caption İşdən çıxarıldığını deyən AXCP üzvləri Əflatun Əhmədzadə 28 ildir fizika, Ülkər Əhmədzadə isə 29 ildir rus-dili dərsi deyir

Neftçalada iki, Masallıda bir müəllim, həmçinin Azərsu ASC-nin bir işçisi "AXCP üzvü olduqları" üçün işdən çıxarıldıqlarını deyirlər.

Onlar deyirlər ki, Milli Şuranın 8 aprel, 2017 etiraz nümayişinə getdikləri barədə iş yerlərində sorğulanıblar və onlara AXCP üzvülüyündən çıxmaq təklif olunub.

BBC Azərbaycancaya danışan müəllimlər bununla bağlı məhkəməyə müraciət edəcəklərini deyirlər, keçmiş Azərsu ASC işçisi isə bu barədə hələ qərar verməyib.

Masallı rayon təhsil şöbəsi isə bu iddianı təkzib edir və bildirir ki, həmin müəllimin əmək müqaviləsinə "dəfələrlə nizam-intizamı pozduğuna və əmək funksiyalarını yerinə yetirmədiyinə görə pedaqoji şuranın qərarı ilə xitam verilib".

"Lazım gəlsə Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəyik", müəllimlər deyib.

Neftçala rayonlarının təhsil şöbəsindən və Təhsil Nazirliyindən şərh almaq mümkün olmayıb.

Azərsu ASC-nin mətbuat xidməti isə deyir ki, şəxs "öz ərizəsi ilə işdən ayrılıb".


Həmçinin oxuyun:


Etiraz nümayişindən çəkilmiş foto

2012-ci ildən Azərsu ASC-də sürücü olaraq çalışan Elxan Nuriyev deyir ki, etiraz nümayişində iştirak etdiyi və orada şəkli çəkildiyi üçün ondan işdən öz ərizəsi ilə çıxmaq tələb edilib.

O, 1 ildir AXCP üzvüdür. Bu ilə qədər heç vaxt işlədiyi yerdən təzyiqlə üzləşmədiyini qeyd edir.

Deyir ki, onu ASC müdriyyəti çağırıb və "yaxşı olar ki öz istəyinlə ərizə yazasan, ən yaxşı yol budur, başqa cür təzyiqlər olacaq" deyib.

Cənab Nuriyev də ərizəsini yazaraq işdən ayrılıb. O, çərşənbə günü əmək kitabçasını və əmək haqqını alıb.

Deyir ki, müdriyyət "yuxarı instansiyaların ASC-yə təzyiq etdiyini" deyib.

Elxan Nuriyev bundan sonra məhkəməyə müraciət edib-etməyəcəyini bilmir.

Məsələ ilə bağlı Azərsu ASC-nin mətbuat xidməti deyir ki, şəxs "öz ərizəsi ilə işdən ayrılıb".

"Repressiya siyasəti..."

AXCP-nin sədr müavini Gözəl Bayramlı, BBC-ə AXCP üzvlərinin işdən çıxarılmasının Azərbaycan hakimiyyətinin "Xalq Cəbhəsi partiyasına qarşı repressiya siyasətinin...tərkib hissəsi" olduğunu deyib.

Hakimiyyətin "bu dəfə fərqli taktika" seçdiyini deyən Gözəl Bayramlı, AXCP üzvlərinin "təbii mübariz insanlar" olduğu üçün təzyiqə yol vermədiklərinin və bu səbəbdən onların "xüsusi göstərişlə" işdən azad edildiklərini vurğulayıb.

"Məhkəmələrə müraciət olunacaq və Avropa İnsan Haqları Məhkəməsinə qədər proses davam etdiriləcək", o, əlavə edib.

Fotonun müəllifi Celil Imanov
Image caption AXCP Masallı rayon gənclər komitəsinin sədr müavini 5 il müddətinə Hişkədərə kənd məktəbində tarix müəllimi kimi işləyib

"AXCP üzvü olduğum üçün..."

5 ildir Masallı rayonun Hişkədərə kənd orta məktəbində tarix dərsi deyən Cəlil İmanov bazar ertəsi işdən çıxarıldığını bildirib.

Onun sözlərinə görə, bu proses "təxminən 1 həftə əvvəl başlayıb".

Cənab İmanov deyir ki, 2012-ci ildə Təhsil Nazirliyində müsabiqə imtahanı verdikdən sonra Masallı rayon Lürən kənd məktəbinə göndərilib, lakin sağlamlığında olan problemlərə görə, o, Masallı rayon təhsil şöbəsinə müraciət edərək yaşadığı Hişkədərə kənd məktəbinə göndərilməsini istəyib.

O qeyd edir ki, qurum bu istəyinə müsbət cavab verib və bu barədə onda rəsmi sənəd var. O, həmin vaxtdan 5 il müddətinə Hişkədərə kənd məktəbində tarix müəllimi kimi işləyib.

Amma bir həftə əvvəl Masallı rayon təhsil şöbəsi tərəfindən bu məktəbə 8 nəfərdən ibarət bir komissiya göndərilib, cənab İmanov deyir.

Onun sözlərinə görə, komissiya onun işini araşdırıb və məktəbə qanunsuz yerdəyişmə ilə gəldiyini səbəb göstərərək işdən azad edib.

Cəlil İmanov bu qərarla razılaşmır.

"Bizim məktəbə mənimlə eyni qaydada gələn 4 müəllim var, amma təkcə mənim işimi araşdırdılar", o deyir.

Cənab İmanov işdən çıxarılmasının səbəbini AXCP üzvü olması ilə əlaqələndirir.

Cəlil İmanov isə 2013-cü ildən partiya üzvüdür və AXCP Masallı rayon gənclər komitəsinin sədr müavini vəzifəsindədir.

"İşdən çıxarılmağım siyasi fəaliyyətim və siyasi baxışlarımla bağlıdır. Özləri bunu etiraf etmədilər. Özlərini elə apardılar ki, sanki qeyri-qanuni şəkildə məktəbə gəlmişəm. Bunu əsas gətirərək işdən azad etdilər", o deyir.

Onun sözlərinə görə, AXCP üzvü olduğu üçün ona təzyiqlər edilib, amma "ilk dəfə işlər bu dərəcədə ciddiləşib".

"Bütün təzyiqlərə baxmayaraq siyasi fəaliyyətimdən imtina etmək niyyətim yoxdur" deyən keçmiş tarix müəllimi məhkəmə orqanlarına müraciət etmək fikrindədir.

"Hüquqlarımı bərpa etməyə çalışacam, lazım gəlsə Avropa məhkməsinə qədər gedəcəm", o BBC Azərbaycancaya müsahibəsində deyib.

Məsələ ilə bağlı Masallı rayon təhsil şöbəsinin müdiri Taryel Əkbərov BBC Azərbaycancaya deyilib ki, bu iddialar "yalan və böhtandır".

"Siyasi səbəb doğru deyil. O müəllim dəfələrlə nizam-intizamı pozub və əmək funksiyalarını yerinə yetirməyib. Həmkarlarının pedaqoji şuradakı qərarı ilə əmək müqaviləsinə xitam verilib", şöbə rəhbəri bildirib.

Onun sözlərinə görə, Cəlil İmanovun AXCP üzvü olması barədə məlumatsızdır.

"Heç bilmirdim ki, o AXCP üzvüdür. Bu barədə deyilənlər böhtan və yalandır. O müəllim dəfələrlə intizam tənbehinə cəlb edilib", cənab Əkbərov deyib.

Fotonun müəllifi Courtesy photo
Image caption İşdən çıxarıldığını deyən AXCP üzvləri Əflatun Əhmədzadə 28 ildir fizika, Ülkər Əhmədzadə isə 29 ildir rus-dili dərsi deyir

İcazəli etiraz nümayişində iştirak barədə ərizə

Ötən ayın sonunda isə AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədzadə və onun xanımı, AXCP üzvü Ülkər Əhmədzadə işlədikləri məktəbdən çıxarılıblar.

Əflatun Əhmədzadə 28 ildir fizika, Ülkər Əhmədzadə isə 29 ildir rus dili dərsi deyir. Əflatun bəy 1 saylı Mayak kənd məktəbindı işləyib, Ülkər xanım isə Neftçala şəhər 3 saylı məktəbdə dərs deyib.

Hər ikisi "AXCP yaranan gündən partiyanın üzvü" olduqlarını deyirlər.

Ülkər Əhmədzadə deyir ki, aprelin 25-də rayon təhsil şöbəsinə çağırılıblar və onlardan Milli Şuranın 8 aprel, 2017 etiraz nümayişinə gedib-getmədiklərilə bağlı ərizə yazmaq istənilib.

Əhmədzadələr bundan imtina etdiklərini bildirirlər.

"Dedik ki, heç kimə ərizə verməli deyilik. İki ali təhsilli insanıq, niyə kiməsə hesabat verməliyik?! Mitinq icazəli olub və vətəndaşın konstitusion hüququdur ki, o mitinqlərdə iştirtak etsin", Ülkər Əhmədzadə deyir.

Onun sözlərinə görə, sonradan yenidən şöbəyə çağrılıblar.

"Yoldaşımı çağırdılar ki, ya partiyadan ərizə ilə imtina etməlisiz, ya da ki işdən çıxaracağıq. Biz də partiyanın mövqeyini yerə vura bilməzdik, dedik nə bilirsiz edin", o qeyd edir.

Ülkər xanımın sözlərinə görə, aprelin 27-də pedaqoji şura çağrılıb və o gün onlar işdən azad olunub.

"Direktor bizim üzümüzə durdu ki, siyasi söhbət aparmısınız", o deyir.

Ülkər xanım vəkillə danışacaqlarını və məhkəməyə müraciət edəcəklərini deyir.

Məsələ ilə bağlı nə Neftçala rayon təhsil şöbəsindən, nə də ki Təhsil Nazirliyindən şərh almaq mümkün olmayıb.

Bu barədə daha geniş