Saytların bloklanması məhkəməsi: müdafiə tərəfi narazıdır

məhkəmə qarşısı

Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan telekanalı və Azərbaycan saatı proqramının yerləşdirildiyi internet ehtiyatlarının məhdudlaşdırılması iddiası ilə məhkəmə istintaqı yekunlaşdırılıb.

İttiham olunan tərəflərdən biri, Azadlıq qəzeti və Azadlıq.info saytının nümayəndəsi, hüquqşünas Səməd Rəhimli BBC Azərbaycancaya deyib ki, hakim "yeni sübutlar istəmədən və ərizənin tələbini dəqiqləşdirmədən" istintaqın sona çatdığını deyib.

"Bizim vəsatətlər müzakirə edilmədi, hakim prosesə gələn kimi vəsatətlərin təmin olunmadığını dedi. Bu vəsatətlər prokurorluğun cəlb edilməsi, linqvistik ekspertiza təyin olunması idi. Şahid dindirilməsi təklif etdik, o da təmin olunmadı", deyə cənab Rəhimli prosesi təsvir edib.

O qeyd edib ki, iddiaçı tərəfdən itənilən əlavə sübutlar da məhkəməyə təqdim edilməyib və ərizənin "qeyri-dəqiq tələbi də dəqiqləşdirilməyib".

Meydan TV-nin vəkili Elçin Sadıqov isə əlavə edir ki, "qarşı tərəf məhz hansı ifadələrin dövlətin və ya cəmiyyətin qanunla qorunan maraqlarına zidd olduğu və zərər vurduğu barədə heç bir əsaslandırma etməyib, qanunla qorunan maraqların nə olduğunu da araşdırmayıb".

Hakim nazirliyin nümayəndəsinin xahişi ilə çıxışları hazırlamaq üçün prosesi 12 mayadək təxirə salıb.

Cənab Rəhimlinin ehtimalına görə, növbəti prosesdə tərəflərin çıxışlarından sonra məhkəmə sonlana bilər.

BBC Azərbaycanca müxbiri Günel Səfər deyir ki, iclas zalına səfirliklərin nümayəndələri və hüquq müdafiəçiləri və bir neçə jurnalist buraxılıb.

Məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında keçirilir.

Nazirlik Baş prokurorluğun ərizəsi əsasında media qurumlarını "Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verməkdə, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar etməkdə ittiham edir.

Bundan başqa media qurumları radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ etmək və yayılması qadağan edilən digər informasiyaların yerləşdirməklə "dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid" yaratmaqda ittiham edilir.

Media qurumları iddiaları rədd edirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş