ABŞ Mehman Qələndərovun ölümü ilə bağlı "şəffaf istintaqa" çağırır

Mehman Qələndarovun qəbri Fotonun müəllifi OKTAY GÜLALIYEV
Image caption Bazar günü onun qəbrini axtarıb tapmış hüquq müdafiəçiləri bildirir ki, Mehman Qələndərov Kürdəxanı qəbirsanlığında basdırılıb

Amerika Birləşmiş Ştatları həbsxanada intihar etdiyi deyilən fəal Mehman Qələndərovun ölümü ilə bağlı "şəffaf" istintaq aparılmasına çağırır.

ABŞ Dövlət Departamentinin rəsmi saytında yayılan bəyənatda, fəalın aprelin 28-də cəzaçəkmə müəssisəsində ölüm faktı ilə bağlı narahatlıq bildirilir.

"Biz Azərbaycan hökümətini Mehman Qələndərovun ölməsinə dair tam, şəffaf və müstəqil istintaq aparılmasına çağırırıq", bəyənatda bildirilir.

Bundan başqa, ABŞ Azərbaycanı fundamental hüquq və azadlıqlardan yararlandıqlarına görə həbs olunan bütün fəalları azad etməyə də çağırıb.

Bloqçu və fəal Mehman Qələndərovun intihar etməsilə bağlı məlumat yerli mətbuatda aprelin 29-da yayımlanıb.

Bazar günü onun qəbrini axtarıb tapmış hüquq müdafiəçiləri bildirir ki, Mehman Qələndərov Kürdəxanı qəbirsanlığında basdırılıb.

Penitersiar xidmət şənbə günü Amerikanın Səsi radiosuna intihar xəbərini təkzib edib.

Lakin bazar ertəsi Ədliyyə Nazirliyi və Baş Prokuroluğun birgə bəyənatında, onun 28 aprel saat 13.30-da intihar etdiyini və ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi, özünü öldürmə həddinə çatdırma ilə cinayət işinin açıldığı bildirilib.

Bəyanata görə, Mehman Qələndərov Bakı istintaq təcridxanasında qaldığı iki nəfərlik kamerada "kamera yoldaşının yuxuya" getməsindən istifadə edərək, döşək üzlüyündən düzəltdiyi iplə özünü kamera pəncərəsinin dəmir barmaqlıqlarından asıb.

İntiharın qarşısının alınmamasına görə "təcridxananın nəzarətçisi və Tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisi tutduğu vəzifələrdən azad edilib, rejim nəzarət şöbəsinin rəisinə töhmət elan olunub", bəyənatda qeyd edilir.

İstintaq Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin icraatına verilib:

"..İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılaraq, M.Qələndərovun özünü öldürmə həddinə çatdırma xüsusatları da araşdırılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaqdır", məlumatda qeyd edilir.

Baş Prokurorluq Mehman Qələndərovun hansısa siyasi partiya üzvü olmadığını da bildirib.

Mehman Qələndərov barəsində bu il fevralın 7-də narkotik ittihamı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçib. O, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılırdı.

Hüquq müdaifəçiləri onun həbsini Tbilisidə Qiyas İbrahimovBayram Məmmədovun həbsinə etiraz aksiyası keçirməsi və Facebook sosial şəbəkəsində status yazması ilə əlaqələndirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş