Azərbaycan "hərbi sirləri Ermənistana ötürən" şəxsləri dövlətə xəyanətdə ittiham edir

Azərbaycan əsgələri təlim keçir Fotonun müəllifi Sean Gallup

"Bir qrup hərbi qulluqçular və digər mülki şəxslər ... düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər", Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə bəyanatda deyilir.

Toplanmış materiallar əsasında may ayının 3-də Dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb, məlumatda deyilir.

Əlavə olunur ki, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

Rəsmi Yerevan hələ ki, Azərbaycandakı həbslərlə bağlı məlumatları şərh etməyib.

Tanınmamış "Dağlıq Qarabağ müdafiə nazirliyi" isə cavab olaraq bəyanat yayıb ki, "Belə dezinformasiya yaymaqla, [Azərbaycan] dedovşina nəticəsində öz ordusunda tez-tez baş verən ölümləri gizlətmək üçün uğursuz səylər göstərir".

Bəyanata əsasən aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Ermənistanın "kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib".

Neçə nəfərin məsuliyyətə cəlb olunduğu və onların kimliyi barədə məlumat verilmir.

"Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".