Azərbaycan: Sökülən evlərə təzminat doğru hesablanırmı?

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Evi sökülən sakin: Bizi sürüyə-sürüyə evdən bayıra atıblar

Bakı Ağ Şəhər layihəsinin tikildiyi Xətai rayonuna aid Ərzurum yaşayış sahəsinin Turşu küçəsi ərazisində yaşayanlar tezliklə evlərini tərk etməlidirlər. Ərazidən yüzlərlə ailə köçülülsə də, burada sakinlərin öz hesablamalarına əsasən təxminən 100-ə yaxın ailə qalıb.

Sakinlərdən biri yaşlı qadındır, bizə danışarkən deyir ki, 2 subay oğlu ilə illərdir bu evdə yaşayır.

Qadın evin texniki sənədini bizə göstərərək ağlayır. "2012-ci ildə prezident demişdi ki, sökülən evlərin kvadrat metrinə 1500 manat ödəniləcək, biz də sevinmişdik", o deyir və bu təzminatın ödənməməsindən danışır.

Son illərdə Azərbaycan paytaxtında bir çox köhnə binalar və ya fərdi yaşayış məntəqələri sökülür. Onların yerlərində ya parklar, ya yeni yollar, ya da hündürmərtəbəli binalar tikilir.

Ancaq bir çox hallarda hakimiyyət evləri sökülməli olan sakinlərin narazılığı ilə üz-üzə qalır. Buna əsas səbəb isə təzminatın azlığı və ya verilməsindəki anlaşılmazlıqlardır.

Evləri niyə sökürlər?

BBC Azərbaycancaya yazan oxucular, Bakının Yasamal rayonundakı Sovetski ərazisindən başqa, eyni rayonda yerləşən Hüseyn Cavid prospekti, həmçinin, Bayıl qəsəbəsində Qurban Abbasov küçəsi, Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev ünvanında, Nəsimi Rayon Süleyman Rəhimov küçəsində və Xətai rayonlarında yaşayan sakinlər tərəfindən təzminatların ödənilməsində problemlərdən şikayət edirlər.

Dövlət tərəfindən Sovetski ərazisi sökülərkən ərazinin hər kvadrat metri üçün ümumi bir təzminat rəqəmi müəyyənləşdirildi və bu rəqəm 1500 manat idi.

Bundan sonra özəl şirkətlər tərəfindən sökülən evlərə də bu rəqəm təklif olundu. Bəzi özəl şirkətlər isə daha az miqdar müəyyən etdilər.

Lakin hüquqşünas Emin İsayev deyir ki, dövlətin və özəl şirkətlərin ödəyəcəyi məbləğ fərqlidir və bu məbləğ vətəndaşlara təklif ediləndən bir neçə dəfə çoxdur.

Rayon İcra Hakimiyyətləri isə sakinlərin köçürülməsində "heç bir zorakılıq və ya səhv təzminat hesablanma hallarının baş vermədiyini" deyirlər.

Qanunvericlik nə deyir?

Mülkiyyət hüquqları məsələləri ilə məşğul olan hüquqşünas Emin Musayev deyir ki, Azərbaycanda 2 cür söküntü halı baş verir: birincisi dövlət əhəmiyyətli halda, ikincisi isə hökumət hər hansı binanın şəhərin görüntüsünü pozmasına qərar verəndə.

Birinci söküntünü dövlət aparır və bu "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun əsasında aparıla bilər.

Qanuna görə, dövlət 4 istisna halda torpaqları ala bilər. Yəni bu, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi halında baş verə bilər.

İkinci qərar isə "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarı ilə əlaqədardır.

Qərara görə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş binalar sökülməli və yenidən qurulmalıdır.

Bu qərar qeyd edilmiş rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə verilib.

Sakinlərə nə təklif olunur?

Ağ Şəhərin tikintisinə 2013-cü ildə başlanılıb. Bizə danışan sakinlər deyir ki, onlara evlərinin sökülməsi müqabilində təklif olunan məbləğ çox azdır.

Təklif belədir: "Sakinə aid olan ərazidə yaşayış sahəsinin kvadrat metri 1000 manat, qeyri-yaşayış sahəsininn kvadrat metri isə 750 manatdan hesablanacaq".

Sakinlər bu məbləğlə razıdırlar, lakin deyirlər ki, onlara verilən məbləğ bu təklifə uyğun deyil.

Bizə danışan yaşlı qadın göz yaşlarını silə-silə deyir: "Müdafiəsizik, prezidentə çatıb sözümüzü deyə bilmirik".

"...əvvəlcə gəldi yazdı ki, mənim ərazim 72 kvadrat metrdir. Sonra gəldi yazdı 62 kvadrat metr. İndi də deyir 52 kvadrat metr. Deyir 52 min manat verirem, mənim 2 subay oğlum var o pula mən hardan ev tapacağam?", o sual edir.

"97 kvadrat metrlik evimə 57 min pul verir, deyir başqa heç nə verməyəcək", sakinlərdən digəri deyir. Onun sözlərinə görə, bu sözləri Xətai rayon icra hakimiyyətində deyiblər.

"Düzgün də hesablamırlar. Tualet və hamam evdən çöldədirsə, 750 manatdan hesablamalıdırlar. Amma evin içində olan tualet və hamamı da 750 manatdan hesablayırlar. Özləri necə istəyir, elə də davranır", o əlavə edir.

"Dövlətdən dövlətə şikayət?"

Bütün bu gileylərə baxmayaraq, sakinlər kameraya danışmaqdan çəkinirlər. Adlarının da anonim qalmasını istəyirlər. Heç məhkəməyə də müraciət etmək fikrində deyillər.

Ölkədə "ədalətə inamsız olduqlarını" deyirlər.

"Kimdən şikayət edək? Dövlətdən dövlətə?" onlar deyir.

Təzminatın ödənilməsilə məşğul olan Xətai rayon İcra Hakimiyyəti bildirir ki, bu ərazidəki evlərin 90 faizi gecəqondudur, onların sənədi yoxdur. Yaşayan sakinlərə təzminatın verilməsi "dövlətin humanist yanaşmasını əks etdirir", icra hakimiyyətinin münayəndəsi deyir.

"Dövlət təzminat verməyə də bilərdi", nümayəndə deyir.

Onun sözlərinə görə, ərazidə yaşayış sahəsinin kvadrat metri 1000 manat, qeyri-yaşayış sahəsinin kvadrat metri isə 750 manatdan, əlavə tikililərin kvadrat metri isə 200-300 manatdan hesablanır.

"İnsanlar özləri miqdardan narazıdırlar", deyən qurum sözçüsü sakinlərin "daha çox pul alması üçün əlavə obyektlər də tikdiyini" iddia edir.

"Üç il əvvəl onlara xəbərdarlıq edildi ki, o ərazidə heç nə tikmək olmaz, amma insanlar tikiblər və onlara görə də pul tələb edirlər", o deyir.

İcra Hakimiyyəti sözçüsü sakinlərin düzgün hesablama aparılmaması barədə iddialarını rədd edir və ölçmək prosesinin mütəxəssis qrupu tərəfindən aparıldığını qeyd edir.

O deyir ki, ərazidən artıq 800-dən çox ev köçürülüb və 210 ev də köçürüləcək.

"Sakinlər köçmək istəmədikləri halda nə baş verəcək sualına" qurum sözçüsü belə cavab verir:

"Biz o evə toxunmuruq və ətraf ərazilərdə söküntü işlərini aparırıq. Sonra sakin özü gəlir və razılaşır."

"Zorakılıq"

Nəsimi rayonunun Süleyman Rəhimov ünvanında yerləşən fərdi yaşayış evlərində yaşayan 4 ailə onlara qarşı zor tətbiq edildiyini deyir.

İki həftə əvvəl şirkətin evinin sökdüyünü deyən Sədaqət Hüseynova ona çox miqdarda maddi ziyanın dəydiyini deyir.

"Evin içində bəlkə 10 nəfər adam var idi... 102-ə zəng vurduq, polisə zəng vurduq, gəlib yolun kənarında dayanıb baxırlar. Polis məni qorumalıdır", o deyir.

Bazar günü "evinə basqın olduğunu" deyən sakin məhkəmənin bu ərazidə söküntünün dayandırılması ilə bağlı qərarının olduğunu bildirir.

Xanım deyir ki, şirkət bu ərazidəki tikintinin "pilot layihə olduğunu" deyir, lakin bu belə deyil.

"Fərdi yaşayış evləri pilot layihəyə şamil edilmir. İcra hakimiyyəti bizi aldadır. Pilot layihədə söhbət yaşayış binalarından gedir. Bizim yaşadığımız isə özəllə.dirilmiş evlərdir", o bildirir.

Sakin "bizi burdan məcbur döyə-döyə, söyə-söyə çıxarırlar" deyir.

Sakinlər onlara gələcəkdə bu ərazidə tikilən binada mənzil təklif olunur. Amma onlar bu vədlərə inanmırlar. Sakinlər təzminat istəyirlər.

Rifah Plaza Tikinti şirkəti və Nəsimi Rayon İcra Hakimiyyətindən bu iddialara heç bir cavab almaq mümkün olmayıb.

Bundan əvvəl Yasamal rayonu Hüseyn Cavid prospekti 72 ərazisində yaşayanlar evlərin kvadrat metrinə görə ödənilən məbləğdən şikayət edirlər. Onlar şirkətin hər kvadrat metrə 1200-1500 manat pul təklif etdiyini deyirlər. Sakinlər bu məbləğin az olduğunu deyərək, "verilən pula şəhər mərkəzində ev ala bilməyəcəklərini" bildirirlər.

Ərazidə yeni göydələn tikən şirkət isə "Bakı şəhərində söküntüyə düşən evlərin hər kvadrat metrinin dəyəri 1500 manatdan yuxarı olmur, bunu dövlət müəyyən edib" deyərək özlərinə haqq qazandırırlar.

Ötən ilin avqustunda Bayıl ərazisində qəzalı vəziyyətdə olan binada yaşayanlar ərazidə bina tikən şirkətdən narazılıq edirdi. Şirkət sakinlərə 18 aydan sonra həmin yüksəkmərtəbəli binada hazırki mənzilinin sahəsindən 10 faiz böyük olan mənzil təklif edirdi. Sakinlər isə bu təklifə "şübhə ilə yanaşırdılar".

Söküntülərin baş verdiyi ərazidə tikilən evlər isə sakinlərdən alınmış qiymətdən daha baha təklif olunur. Məsələn Hüseyn Cavid prospektində tikinti işlərini aparan Olympus park şirkəti yeni binada 1 kvadrat metrin evin hansı mərtəbədə yerləşməsindən asılı olaraq 2250 manatdan 2500 manata qədər olduğunu deyir.

Ağ Şəhər layihəsində isə, tikintinin hansı şirkət tərəfindən keçirilməsindən asılı olaraq evlərin 1 kvadrat metrinin qiyməti 1500-2500 manat arasında dəyişir.

Hansı üsullar istifadə olunur?

Söküntüsü qərarlaşdırılmış ərazilərdəki sakinləri evdən çıxarmaq üçün şirkətlər bir neçə üsula əl atır. Sakinlər bu üsulları belə sadalayır:

  • İlk olaraq müəyyənləşdirilmiş təklif edilir və vaxt verilir.
  • Daha sonra ərazidən insanların getməsi üçün fərqli vətəndaşlara fərqli qiymət təklif olunur. Məsələn hamıya hər kvadrat metrə 1500 manat deyilibsə, hansısa sakinə 2000 və hətta 3000 manat təklif oluna bilər. Yaxud sakinlərə həmin ərazidə öz kvadratında 10 və ya 20 faiz çox olmaqla ev veriləcəyi deyilir
  • Bəzi sakinlərin hədə-qorxu gəlinməklə ərazidən çıxması tezləşdirilir
  • Sakinlər məhkəməyə verilir
  • Çıxmayan sakinlərin qaz, işıq, bəzən su kimi təbii ehtiyacları əngəllənir. İşıq və qaz xətti kəsilir, su gəlmir. Ərazi yaşanmaz hala gəlir.
  • Sakin evi tərk edən kimi dərhal ərazi sökülür, bu haqda məhkəmə qərarı yoxdursa, iş hələ də məhkəmədədirsə belə söküntü aparılır
  • Bəzi hallarda evdə yaşayış ola-ola söküntü baş verir. Sakinlər evdən zorla çıxarılır. Bəziləri təhqir edildiklərini də deyir.

Sakinlər onu da deyir ki əsasən yerli icra hakimiyyətinin nümayəndələri bu işdə şirkətlərə dəstək verir.

Bu barədə daha geniş