Rusiyalıların çoxu xəstəliklərinin səbəbini işlə əlaqələndirir - rəy sorğusu

Soyuq dəymə Fotonun müəllifi Alexander Ryumin/TASS

Rusiyalıların əksəriyyəti xəstəliklərinin əsas səbəbini iş ilə əlaqələndirir, Ümumrusiya ictimai rəyi oyrənmə mərkəzi (VSİOM) xəbər verib.

"Ölkə vətəndaşları xəstələnmə hallarının əsas səbəbini iş və stress ilə bağlayır. Bunu, rəy sorğusunda iştirak edənlərin 35 faizi qeyd edib. Dərman almağa və xəstəliklərin profilaktikasına pulu çatmayanların da faizi 35% təşkil edib. Respondentlərin 32 faizi qeyri-qənaətbəxş ekoloji durumu qeyd ediblər", - RİA Novosti agentliyinin rəy sorğusunun nəticələrilə bağlı xəbərində qeyd edilib.

İki il bundan əvvəl keçirilmiş sorğuda işdə problemlər üzündən xəstələndiklərindən gileylənənlər 47 faiz təşkil etmişdi.

Sorğuda iştirak edənlərin 28 faizi xəstəliklərinin və pis əhval-ruhiyyələrinin səbəbini yaş və illərlə yığılmış problemlərlə, eləcə də istirahətin mümkünsüzlüyü ilə bağlayır.

Zərərli vərdişlər və idman ilə məşğul olmadıqlarını səbəb kimi gətirənlər 15, xəstəliyi irsiyyət ilə əlaqələndirənlər -14, zavodların yaxınlığında yaşadıqlarını və zərərli istehsalda işlədiklərini göstərənlər - 13, düzgün qidalanmadıqlarını səbəb sayanlar isə 13 faiz təşkil edib.

Eyni zamanda rəy sorğusu iştirakçılarının əksəriyyəti sağlamlıqlarından razı olduqlarını qeyd edib.

Respondentlərin təxminən yarısı sağlamlıq durumlarını qənaətbəxş sayıb.

Rusiyalıların üçdə biri səhhətində problem olduqda özünümüalicə üsullarına üstünlük verir, hər 10 respondentdən biri özəl pullu tibbi müəssisələrə müraciət edir, respondentlərin 1 faizi isə ümidlərini xalq təbabətinə bağlayır.

Rusiya Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkə əhalisi arasında xəstələnmə hallarının say göstəricisi son illər ərzində təxminən eyni səviyyədə qalıb.

2015-ci ildə bu göstərici Rusiyada 114 min nəfərə bərabər olub.

Nəzərə almaq lazımdır kı, xəstələnmə hallarının statistikasında pasiyentlərə qoyulmuş ilk diaqnoz nəzərə alınır, eyni pasient tərəfindən həkimə müraciətlərin sayı isə nəzərə alınmır.

Əlaqəli mövzular

Bu barədə daha geniş