Bakıda İslam Həmrəyliyi Oyunları başlayır

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İslam Oyunları: "Azərbaycanın gələcəyi üçün çox xeyirxah işdir"

Cümə günü axşam saatlarında Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi baş tutacaq.

Mayın 22-ə qədər davam edəcək yarışda 54 ölkə və 3000-dən çox atlet 21 idman növü üzrə mübarizə aparacaq.

İlk dəfə 2005-ci ildə keçirilmiş İslam Həmrəylik Oyunlarının idarə və nəzarət edilməsinə görə cavabdeh olan İslam Həmrəyliyi İdman Federasiyasıdır.

Bu federasiya 4 qitədən 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının bölməsidir.

________________________________________________________________________________________________

Günel Səfər

BBC Azərbaycanca, Bakı

Azərbaycan rəsmiləri yarış zamanı əsas məqsədin "57 İslam ölkəsinin hamısının Bakıdakı yarışda iştirakını təmin etmək və rekord vurmaq" olduğunu deyir.

Lakin Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov cüma axşamı baş tutan mətbuat konfransında 3 ölkənin yarışda iştirak etməyəcəyini açıqlayıb.

Bu ölkələr Liviya, Küveyt və Sudandır, nazirliyin mətbuat xidmətindən BBC Azərbaycancaya deyilib.

Nazir bu səbədən "məyus olduğunu" ifadə edib.

İslam Oyunlarına nə qədər vəsaitin xərclənməsi rəsmən açıqlanmayıb. Ancaq BBC Azərbaycancanın araşdırmasına görə, ötən il həm İslam Oyunları, həm də iyunda keçiriləcək Formula 1 yarışı üçün xərclər təxminən 121 milyon dollar təşkil edir.

Azərbaycanda yarışla əlaqəli paytaxtda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bir neçə yol bütövlükdə, bir neçə yolun isə yarısı bağlanıb.

Söhbətləşdiyimiz Bakı sakinlərində bir çoxu belə yarışmaların ölkədə keçirilməsinə müsbət yanaşsa da, bəziləri belə yarışların "Azərbaycana lazım olmadığını" deyir.

Azərbaycan bundan öncə 2015-ci ildə Avropa Oyunlarına və 2016-cı ildə Formula 1 yarışına ev sahibliyi edib.

___________________________________________________________________________________________________

Fotonun müəllifi Francois Nel/Getty
Image caption Qadınların Bədii gimnastika yarışlarında ilk gün olub

Açılış mərasimi cümə günü olsa da, həftənin əvvəlindən artıq bəzi idman növlərinin yarışları başlayıb.

Açılış mərasimi Bakı Olimpiya Stadionunda baş tutacaq, Oyunlar may ayının 22-dək davam edəcək .

İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli və çoxidmanlı tədbirdir.

İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib.

Sayca İkinci İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına təxirə salınıb və sonradan ləğv olunub.

Növbəti Oyunlar 2013-cü ildə İndoneziyada baş tutub.

İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci seçilmiş Baş Assambleyası, Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş