İslamiada: Azərbaycan idmançıları qızıl medallar qazanıblar

Qimnastika komandası Fotonun müəllifi APA
Image caption Azərbaycanın qadın idman qimnastika komandası.

Bu gün, İslam Həmrəyliyi Oyunlarında, Azərbaycanın qadın idman və bədii gimnastları, qadın həndbol komandası, atıcılıqda Ruslan Lunyov, karatedə Roman Heydərov və İrina Zaretska, üzgüçülükdə Maksim Şemberev və cüdoda Məmmədəli Mehdiyev və Elxan Məmmədov qızıl medal qazanıblar.

Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkovadan ibarət olan idman gimnastika komandası İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutaraq qızıl medal qazanıb.

İdman qimnastika finalında Türkiyənin komandası gümüş, İndoneziyanın komandası isə bürünc medala sahib olublar.

Kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş açma yarışının finalında Ruslan Lunyov rəqiblərindən daha yüksək xal toplayaraq qalib qəlib.

Bundan başqa, karateçi Roman Heydərov Türkiyənin təmsilçisi Mehmet Yakanı finalda 3 - 2 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

Karatenin kumite yarışlarında 68 kiloqramadək çəki dərəcəsində yarışan karateçi İrina Zaretska qalib gələrək Azərbaycan karateçilərinin İslamiadaki dördüncü qızıl medalını qazanıb.

Azərbaycanın cüdoçularından Məmmədəli Mehdiyev 90 kiloqram çəki dərəcəsində finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadini məğlub edərək qızıl medal qazanıb.

100 kiloqram çəki dərəcəsində cüdo finalında isə iki Azərbaycan cüdoçusu, Elxan Məmmədov və Elmar Qasımov üz-üzə gəliblər. Nəticədə Elmar Qaslmovu ipponla məğlub edən Elxan Məmmədov qızıl medala sahib olub.

Halqa ilə hərəkətlər üzrə fərdi yarışlarda Azərbaycan gimnastı Marina Durunda 17.600 xal toplayaraq qızıl medala sahib olub.

Bədii gimnast Jalə Piriyeva isə topla hərəkətlər üzrə fərdi yarışlarda 17.550 xalla birinci yeri tutub.

Üzgücülükdə, sərbəst üsulla 1500 metr məsafə üzrə final yarışında Azərbaycan təmsilçisi Maksim Şemberev qalib qələrək qızıl medal qazanıb.

Qadınların həndbol üzrə çempionatında Azərbaycan yığması finalda Türkiyə yığmasını 28 - 26 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş