Azərbaycan: ÜAK-ın bağlanılması "qeyri-dost addımdır"

ÜAK Fotonun müəllifi Azertag

Azərbaycanın Xarici İşlər Nazirliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) məhkəmə hökmü ilə qeydiyyatının ləğvi barədə qərarın təəssüf və təəccüb doğurduğunu bildirir.

Rusiyanın Ali Məhkəməsi bazar ertəsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatının ləğv edilməsi barədə qərar verib.

Qərarla razılaşmayan təşkilat apellyasiya şikayəti verəcəyini bildirib.

Azərbaycan rəsmiləri ÜAK-ın ləğvinə qarşı tənqidi bəyanatlar versə də, növbəti addımlarını şərh etmirlər.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır.

"Bu addımdan Rusiya Federasiyasında yaşayan vətəndaşlara qarşı etnik mənsubiyyətinə görə ayrıseçkilik və qərəzliliyin təzahürünü görürük", - BBC Azərbaycancaya danışan XİN sözçüsü Hikmət Hacıyev bildirib.

"Bu qərarı qeyri-dost addım olaraq qiymətləndiririk", deyə o əlavə edib.

"ÜAK-in ləğv edildiyi halda Rusiya Erməniləri İttifaqına tam dəstəyin verilməsi Rusiya Federasiyasının erməni və azərbaycanlı millətindən olan vətəndaşlara qarşı qeyri-tarazlı münasibətin təzahürü kimi qəbul edilə bilər - bu da Dağlıq Qarabağ nizamlanmasında Rusiyanın vasitəçilik roluna mənfi təsir göstərə bilər", cənab Hacıyev qeyd edib.

Öz növbəsində ÜAK qeydiyyatın ləğvilə əlaqədar Diasporla iş üzrə Dövlət Komitəsinin bəyanatında deyilir ki, "xalqlarımızın və dövlətlərimizin qarşılıqlı dəstəyə daha çox ehtiyacı olduğu bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər."

ÜAK isə Ali Məhkəmənin qərarını "tamamilə rədd" etdiyini və ona qarşı apellyasiya verəcəyini bildirib.

"ÜAK Rusiyanın yuxarı instansiyalarına apellyasiya verməyə hazırlaşır", - BBC Azərbaycancaya təşkilatın prezidenti bildirib.

Fazil Qurbanovun adından yayılan rəsmi bəyanatda prezident Putin "yaranmış vəziyyətə" diqqətlə yanaşmağa çağrılır.

ÜAK-ın rəsmi bəyanatında Rusiya Ədliyyə Nazirliyi tərəfindən irəli sürülmüş bəzi iradlara münasibət bildirilir.

"...Qeyd etmək lazımdır ki, ötən illər ərzində təşkilatın fəaliyyətində tələb olunan sənədlərin qeydə alınması və tərtibatında yanlışlıqlara yol verilib, bəzən Rusiya Ədliyyə Nazirliyinin məktublarına operativ reaksiya olmayıb, Mərkəzi Şuranın iclaslarının keçirilməsi müddətilə bağlı tələblərə riayət edilməyib (misal üçün 2016-cı ildə Mərkəzi Şuranın iclası 25 noyabrda keçirilməli idi, o isə 26 noyabrda keçirilib), digər texniki səciyyəli səhvlər buraxılıb", - ÜAK-ın rəsmi açıqlamasında deyilir.

Bununla yanaşı, təşkilat bildirir ki, Rusiya Ədliyyə Nazirliyi regional bölmələrdə keçirilən iclaslarının vaxtı ilə bağlı əsassız ittihamlar irəli sürür.

ÜAK bildirir ki, bu iradlar əsaslı olsa belə, "yetərsay və həmin iclaslarda qəbul edilmiş qərarların legitimliyinə təsir göstərməyib".

Əlaqəli mövzular

Bu barədə daha geniş