Məhkəmə qərarı: "31 mayadək Yunuslar gətirilməlidir"

Leyla və Arif Yunus

Bakı Apellyasiya Məhkəməsi (BAK) hazırda Hollandiyada yaşayan hüquq müdafiəçiləri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun məcburi qaydada gətirilmələri haqqında qərar verib.

Yunusların vəkili Elçin Sadıqov BBC Azərbaycancaya bildirib ki, qərara görə onlar növbəti məhkəmə iclasına, 31 mayadək gətirilməlidirlər.

"Vəsatət qaldırdım ki, Yunuslar müalicə aldıqları üçün iclaslara gələ bilmədiyindən onların iclaslarda iştirakı Skype vasitəsilə olsun. Hakim vəsatəti təmin etmədi."

Cənab Sadıqov əlavə edir ki, Yunusların Bakıya gəlmələri qeyri-mümkün olacaq, çünki onlar müalicə olunurlar.

Bu halda isə məhkəmə onlar barəsində axtarış elanı verə bilər, vəkil ehtimal edib.

Apellyasiya məhkəməsi 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin Yunuslarla bağlı çıxardığı hökmdən verilmiş şikayətlə əlaqədardır.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin iyul-avqust aylarında həbs olunub.

2015-ci il avqustun 13-də Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ali Məhkəmə 2015-cı il dekabrın 27-də Yunusların kassasiya şikayətini qismən təmin edib, Bakı Apellyasiya Məhkəməsinin azadlıqdan məhrumetmə hökmü şərti cəza ilə əvəzlənib. Ali məhkəmə həmçinin onların ölkədən çıxması haqqında qərar verib və cütlük həmin gün Hollandiyaya uçublar.

Əlaqəli mövzular

Bu barədə daha geniş