5 fotoda: Rusiya azərbaycanlıların təşkilatını ləğv etdi, İranda seçkilər...

Keçən həftə baş vermiş ən mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi AZERTAG

1. Rusiyanın Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi barədə qərar verib.

Qərarla razılaşmayan təşkilat apellyasiya şikayəti verəcəyini bildirib. Azərbaycanın Xarici İşlər Nazirliyi qərarı "qeyri-dost addım" adlandırıb.

Fotonun müəllifi BEHROUZ MEHRI/ Getty

2. İranlılar ölkənin 12-ci prezidentini seçmək üçün cümə günü səhərdən seçki məntəqələrinə axışıblar.

Bu seçkilərdə əsasən 4 namizəd yarışır: sabiq prezident Həsən Ruhani, keçmiş ədliyyə rəhbəri Seyid İbrahim Rəisi, İranın Məqsədəuyğunluq Şurasının üzvü Mustafa Ağa-Mirsəlim və sabiq vise-prezident Mustafa Haşemi-Taba.

Fotonun müəllifi AFP

3. Prezident Donald Trump Rusiya ilə informasiya mübadiləsinə dair özünün "mütləq hüququnu" müdafiə edib.

ABŞ mətbuatının bildirdiyinə görə, cənab Trump, Oval ofisdə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı ona özünü İslam Dövləti adlandıran qruplaşma haqqında yüksək məxfi məlumatları açıqlayıb.

Fotonun müəllifi Reuters

4. Microsoft şirkəti bazar ertəsi bildirib ki, cümə günündən indiyədək 150 ölkəyə təsir etmiş kiberhücum hökumətlər tərəfindən bir "xəbərdarlıq" kimi qiymətləndirilməlidir.

Kaspersky Lab şirkətinin məlumatına əsasən, hücumun ilk günündə kibermüdaxilə Azərbaycan da daxil olmaqla 74 ölkəyə təsir edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin WannaCry virusu ilə bağlı hər hansı şikayətin daxil olmadığnı bildirib.

Fotonun müəllifi Pool/ Getty

5. Türkiyə prezidenti Recep Tayyip Erdoğan çərşənbə axşamı danışıqlar aparmaq üçün Ağ Evdə ABŞ Prezidenti Donald Trump-la görüşüb.

Görüşdən bir neçə saat sonra Washington-dakı Türkiyə səfirinin iqamətgahı qarşısında cənab Erdoğanın tərəfdarları ilə əleyhdarları arasında dava düşüb. Qarşıdurma nəticəsində 9 nəfər yaralanıb, iki nəfər həbs edilib.