Qazaxda jurnalist 30 sutka həbs edilib

Nicat Emiraslanov

Qazax rayon məhkəməsi jurnalist Nicat Əmiraslanov barəsində 30 sutka həbs cəzası verilib, vəkil deyir.

Jurnalist İnzibati Xətalar Məcəlləsinin polisin qanuni əmrinə tabe olmamaq maddəsilə ittiham edilib.

Vəkil Elçin Sadıqov deyir ki, bu qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.

O, bazar ertəsi inzibati qaydada saxlanılıb və Qazax rayon məhkəməsi onun barəsindəki qərarı çərşənbə axşamı çıxarıb.

Müstəqil jurnalist kimi Qazaxda fəaliyyət göstərən Nicat Əmiraslanov N!DA Vətəndaş Hərəkatının üzvüdür.

Hərəkat bir qrup gənc tərəfindən 2011-ci ilin fevral ayında Bakıda qurulub.

Hazırda N!DA üzvü olan İlkin Rüstəmzadə, Bayram Məmmədov, Qiyasəddin İbrahimov, Elgiz Qəhrəmanlı həbsdədir.

İlkin Rüstəmzadə Cinayət Məcəlləsinin bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq maddələri ilə ittiham edilib və 2014-cü il mayın 6-da 8 il həbs cəzası alıb.

Elgiz Qəhrəmanlı "külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi"ndə ittiham edilib və 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ötən il mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılan və narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Qiyasəddin İbrahimov və Bayram Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş