Əlilliyi olan şəxslərin müavinəti "gecikdirilir"

ATM Fotonun müəllifi Getty Images

Azərbaycanda əlilliyi olan şəxslər son aylarda əlilliyə görə müavinətin gecikdirildiyini deyir. Onlar bildirir ki, bu hal ötən ilin sonlarından başlayıb və hələ də öz həllini tapmır.

Əlilliyi olan şəxslərin bəziləri müavinəti 2 aydan bir, bəziləri yarımçıq aldığını da qeyd edir.

Əlilliyə görə müavinətin gecikdirilməsini Bakının müxtəlif rayonlarında yaşayan və bir neçə bölgədən olan vətəndaşlar təsdiqləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü isə bu halı təkzib edir.

"Süründürməçilik"

1-ci qrup əlilliyi olan və aylıq 140 AZN müavinət alan Orxan Adıgözəl deyir ki, o, ən geci ayın 18-də müavinəti alıb. Lakin son aylarda o, gecikmələri müşahidə edib.

"Bu təkcə məndə deyil, çox adamda belədir. Eləsi var iki-üç aydır müavinət almır", o deyir.

Orxan bəyin sözlərinə görə, müavinətin gecikməsi bəzən 3-5 gün, bəzən isə 1 həftə müddətinə baş verir.

"Getdikcə bu vaxt daha da artır", deyən müsahibim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyini, ancaq qənaətbəxş cavab ala bilmədiyini qeyd edir.

"Nazirlik deyir texniki problemdir. Gah deyirlər bizlik deyil. Deyirlər büdcə problemləri var. Yəni süründürməşçilikdir", o bildirir.

Əlilliyi olan şəxslərin problemləri ilə maraqlanan Sevda Səfərəliyeva deyir ki, müavinətlərin ödənilməsində baş verən gecikdirilmə ötən ilin oktyabr-noyabr aylarında başlayıb.

O deyir ki, birinci qrup əlilliyi olan vətəndaşlardan bəziləri həm də prezident təqaüdü alır. Onlar arasında da bu vəsaitin alınmasında problemlər yaşayanlar var.

"Adam tanıyıram ki, Quba rayonundandır. Ona müavinət təyin edilib, amma ala bilmir", o deyir.

Hissə-hissə verilən müavinət

Əlilliyi olan vətəndaşlar sosial şəbəkələrdə də belə bir halın mövcudluğunu təsdiqləyirlər.

Birinci qrup əlilliyi olan Əmrah Baxışov deyir ki, ona ötən ayın müavinətinin bir hissəsi ödənilib.

"140 manatından, mәnә 66 manat veriblәr. Qaynar xәttә (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xətti- RED) zәng edib soruşanda dedilәr ki, gәlәn ayla birlikdә alacaqsan", o deyir.

Əmrah bəy deyir ki, axırıncı dəfə çərşənbə günü müavinətin bank hesabına yatırılıb-yatırılmamasını yoxlayıb.

"Bu gün, Kapital bankın bankomatında pensiya alanları görüb sevindiyim üçün mәn dә bankomata yaxınlaşdım, amma tәәssüf ki, pulumu ala bilmәdim", o qeyd edir.

Bəzi əlilliyi olan vətəndaşlar isə müavinətlərin ayın sonunda ödənildiyini deyir.

"Maddi çətinlik"

9 yaşlı oğlu üçün əlilliyə görə müavinət verilən Əhməd Rəhmanov bildirir ki, gecikdirilmə halı bu ilin əvvəlindən başlayıb.

"Yanvar ayından bu yana 2 ay- 2 ay verirlər. Yəni yanvarın pulunu fevralda, fevralın pulunu martda, ikisini bir yerdə verdilər", o deyir.

Əhməd bəy aprel ayı üçün müavinəti hələlik almadıqlarını qeyd edir.

"Əvvəllər ən geci 20-də alırdıq, indi ayın 24-dü hələ almamışıq", o bildirir.

Əhməd bəy deyir ki, müavinətlərin verilməsində gecikmə olanda "maddi çətinliklə" üzləşirlər.

O, bununla yanaşı, müavinətin məbləğinin də az olmasından şikayətçidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə BBC Azərbaycancaya əlilliyə görə müavinətin gecikdirilməsi ilə bağlı məlumatların doğru olmadığını deyib. Nazirlik sözçüsü əlavə sualları cavablandırmayıb.

Bu barədə daha geniş