Bakı-Ankara-Tbilisi üçlüyü: əməkdaşlığın hərbi aspekti

Üçtərəfli görüş Fotonun müəllifi MOD.GOV.GE
Image caption Batumidə keçirilən üçtərəfli görüş bu qəbildən olan sayca beşinci tədbirdir.

Batumidə başa çatan üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında daha geniş miqyaslı təlimlərin keçirilməsi barədə razılıq əldə olunub.

İyunun 4-ə "Qafqaz qartalı" (Caucasus Eagle) hərbi manevrləri, sentyabr ayına isə qərargah təlimləri təyin olunub.

Mayın 23-də Azərbaycan müdafiə naziri Zakir Həsənov, Gürcüstan müdafiə naziri Levan İzoria və Türkiyə milli müdafiə naziri Fikri İşık arasında üçtərəfli formatda keçirilən görüş sayca 5-ci tədbir olub.

Hərbi təhlilçi Üzeyir Cəfərov deyir ki, əməkdaşlıq tədricən genişlənir.

"Artıq ötən il ilk dəfə olaraq Türkiyə pilotlarının iştirakı ilə gecə uçuşları üzrə praktiki tapşırıqlar yerinə yetirilib", - hərbi ekspert BBC Azərbaycancaya şərhində bildirib.

Onun sözlərinə görə əsas məqam budur ki, Gürcüstan və Azərbaycan Nato üzvü olan Türkiyədən müvafiq hərbi təcrübəni qazanır.

Gürcüstandakı toplantıda Baş Qərargah rəislərinin görüşəcəyi də bildirilirb. Bu, onların üçtərəfli formatda keçiriləcək ilk görüşü olmalıdır.

Batumidə keçirilən üçtərəfli görüşün iştirakçıları regional təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyini bildirirlər.

Lakin bu fikirlə Ermənistanda razı deyillər.

"Türkiyə, Gürcustan və Azərbaycan arasında hərbi əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə hədə təşkil edir", - Ermənistan Milli Akademiyasının Şərqşünaslıq İnstitutunun başçısı Ruben Safrastyanın sözlərindən Eurasia Daily saytında iqtibas gətirilir.

Ermənistanlı politoloqun sözlərinə görə bu format Yerevanı təcrid etmək məqsədini güdür.

Fotonun müəllifi MOD
Image caption Mayın əvvəlində Azərbaycan və Türkiyə birgə döyüş atışlı taktiki təlimlər keçirib.

Uzeyir Cəfərovun sözlərinə görə Tbilisi-Bakı-Ankara əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib.

"Bu ölkələr hansısa beynəlxalq sülhməramlı əməliyyatda iştirak edə bilərlər. Amma regionda bu mümkün deyil. Nə Azərbaycan, nə Türkiyə nə də ki, Gürcüstan belə əməliyyatda iştirak etməyəcək".

Hərbi ekspert hesab edir ki, hazırda üçtərəfli əməkdaşlığın əsas məqsədi bilik və bacarıqları artırmaqdır.

"Son zamanlar ölkələr, xüsusilə də Azərbaycan yeni silahlar əldə edib. Onların hamısı hərbi təlimlər vaxtı o cümlədən, dənizdə aparılan manevrlər gedişatında sınaqdan keçirilir".

Nüfuzlu Stratfor dərgisindəki təhlilə əsasən üçtərəfli formatda iştirak edən Bakı hələ də Moskvadan asılıdır. Belə ki, Azərbaycanın hərbi təchizatının 85 faizi Rusiyanın payına düşür.

Təhlildə deyilir ki, 2010-cü ildə Rusiya Ermənistandakı Gümrü şəhərində hərbi bazanın icarəsinin uzadılması barədə razılıq əldə edib. Eyni zamanda Rusiya Cənubi Qafqazdakı separatçı bölgələrdə hərbi təlimlər keçirir.

"Yaranmış şəraitdə tarazlıq yaratmaq məqsədilə türklər Azərbycan və Gürcüstanla hərbi partnyorluğu gücləndirməlidirlər".

Rusiyalı hərbi ekspert Pavel Felgenqauer hesab edir ki, hər 3 ölkə üçün əməkdaşlıq onların təhlükəsizliyi ilə bağlı olan məsələdir. Lakin bu sırf hərbi-taktiki əməkdaşlıqla məhdudlaşmır.

"Güclü hərbi sənaye kompleksinə malik Türkiyə, Gürcüstan və Azərbaycan üçün silah bazarı sayılır, - ekspert BBC Azərbaycancaya bildirir. - Türkiyə bu silahları satdıqdan sonra onların istifadəsilə bağlı da təlimlər keçirir".

Rusiyalı hərbi ekspert deyir ki, Tbilisinin bu üçlükdə iştirakına görə, Gürcüstan üzərindən Ermənistanın nəqliyyat imkanları da daralır. Bu isə Türkiyənin yaxın müttəfiqi olan Azərbaycana əlavə geopolitik üstünlüklər yaradır.

Üçtərəfli formatda "Qafqaz qartalı" təlimləri ilk dəfə 2012-ci ildə Türkiyə ərazisində keçirilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş