AXCP sədrinin müavini "qaçaqmalçılıqda" ittiham edilir

mitinq Fotonun müəllifi REVAN SEYFULLA

AXCP sədrinin müavini Gözəl Bayramlının cümə günü saat 3-də Səbayel rayon məhkəməsinə gətiriləcəyi deyilsə də, hələ gətirilməyib, vəkil Elçin Sadıqov bildirib.

Dövlət Sərhəd Xidməti bildirib ki, sədr müavini barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb.

Qurumun bildirdiyinə görə, xanım Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

Dövlət Sərhəd Xidməti bildirir ki, Gözəl Bayramlının əl yükünə baxış keçirilərkən "bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb".

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci, qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb, qurumun məlumatında qeyd edilir.

AXCP sözçüsü İlham Hüseyn bundan əvvəl BBC Azərbaycancaya iddia edib ki, Gözəl Bayramlının çantası yoxlanılarkən saxlanılıb və onun "çantasına nəsə atılıb".

Vəkil Elçin Sadıqov partiya sədr müavininin hazırda Bakıya gətirildiyini bildirib.

AXCP lideri Əli Kərimli onun saxlanılmasını "siyasi sifariş" adlandırıb və əlavə edib ki, Gözəl Bayramlı onun azadlıqda olan sonuncu müavinidir.

Gözəl Bayramlı bu ilin aprel ayında təxminən 5 saata yaxın istintaq idarəsində dindirilib.

Azərbaycanın əsas müxalifət partiyalarından biri olan Azərbaycan Xalq Cəbhəsi Partiyası əvvəlcə siyasi təşkilat kimi yaradılsa da, 1992-ci ildə Azərbaycanda siyasi partiyalar haqqında qanun qəbul edildikdən sonra partiyaya çevrilib.

Partiyanın bir neçə üzvü - Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı, Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü Seymur Həzi, AXCP sədrinin müşaviri Məmməd İbrahim, AXCP Rәyasәt heyәtinin üzvü Asif Yusifli, AXCP Sabirabad Gənclər Komitəsinin üzvü Murad Әdilov həbsdədir.

Bundan başqa AXCP Xәtai Gənclər Komitəsinin sәdri Fuad Әhmәdli, AXCP Neftçala Gənclər Komitəsinin sәdri Elnur Fәrәcov, Әli Kәrimlinin qaynı Elnur Seyidov, AXCP Ali Mәclisinin üzvü, Azadlıq qәzetinin bölgә müxbiri Elçin İsmayıllı da həbsdədir.

Partiyanın qəzeti "Azadlıq"-ın ötən ildən etibarən nəşri dayandırılıb.

Bu barədə daha geniş