Vəkil: "Əfqan Muxtarlı saxlanılıb, döyülüb və Azərbaycana ötürülüb"

Əfqan Muxtarlı Fotonun müəllifi Elmir Mirzoyev
Image caption Əfqan Muxtarlı döyüldüyünü və cibinə 10 min avro pul qoyulduğunu deyir

Jurnalist Əfqan Muxtarlı Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən saxlanılır və sərhədi qanunsuz olaraq keçmək və qaçaqmalçılıqda ittiham edilir, vəkili Elçin Sadıqov onunla görüşdükdən sonra jurnalistlərə açıqlayıb.

O, jurnalistin Gürcüstan dövlət işçiləri tərəfindən saxlandığına ehtimal olduğunu və Azərbaycan sərhəd zastavasında cibinə 10 min avro qoyulduğunu deyib.

Elçin Sadıqov Əfqan Muxtarlının Gürcüstanda necə saxlandığı barədə verdiyi məlumatı və bədənində gördüyü bir neçə xəsarət əlamətləri barədə danışıb.

Vəkil bildirir ki, Əfqan Muxtarlı cinayət məcəlləsinin 318.1-ci (sərhədi qanunsuz keçmə) və 206.1-ci maddəsi ilə təqsirli sayılarsa jurnalisti 5 ilə qədər həbs cəzası gözləyə bilər.

Onun sözlərinə görə, Əfqan Muxtarlı iddiaları rədd edir və həbsinin səbəbini kimi Facebook-da tənqidi statusları və yazıları göstərir.

Şübhəli qismində saxlanılan jurnalistə qarşı ittihamlara dair həbs qətimkan tədbiri müraciətinə sabah Səbail məhkəməsində baxılacaq, vəkili bildirir.

Məhkəmənin vaxtı hələ ki, müəyyən edilməyib, lakin bu axşam Əfqan Muxtarlı 37-ci polis bölməsinin müvəqətti saxlanma yerində saxlanacaq, vəkil əlavə edib.

Gürcüstanın paytaxtı Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı bazar ertəsi günü axşam saatlarında yoxa çıxıb, onun xanımı bu səhər jurnalistlərə bildirib.

Məsələ ilə bağlı DSX, Azərbaycanın hüquq-mühafizə orqanlarından hələlik şərh almaq mümkün olmayıb.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin tərkibində DİN-in nümayəndəsi İmran Mustafayev bu barədə "məlumatsız olduğunu qeyd edib".

Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva BBC Azərbaycancaya bildirib ki, onun pasportu Tbilisidədir.

Gürcüstanın Daxili işlər Nazirliyi (GDİN) bildirib ki, jurnalistin "oğurlanması" ilə bağlı Cinayət Məcəlləsinin 143-cü -azadlığın qanunsuz məhdudlaşdırılması maddəsi ilə araşdırma aparılır. GDİN jurnalistin Bakıya gətirilib-gətirilməməsi ilə bağlı əlavə şərh verməyib.


Nə baş verib?

Vəkil Elçin Sadıqov Əfqan Muxtarlının ona verdiyi məlumata əsasən jurnalistin Tbilisidə bazar ertəsi günü saat 18:00 radələrində Opel markalı avtomobilə zorla mindirilib.

Jurnalist əllərinin arxadan "xamutla " bağlandığını və döyüldüyünü bildirib.

Əfqan Muxtarlı onu saxlayanların Gürcüstan dövlət təhlükəsizlik orqanlarının işçiləri olduğunu düşündüyünü deyib.

Jurnalistin burnunda çapıq, sağ gözündə, əllərində və alnında qançır olduğunu qeyd edən vəkil Əfqan Muxtarlının ona qabırğalarının sınmasından şübhələndiyini bildirdiyini əlavə edib.

Əfqan Müxtarlının məlumatına əsasən avtomobil şəhərədən çıxdığından sonra onun başı əvvəl torba sonra isə mayka ilə bağlanıb.

"Yolda təxminən iki saat olduqdan sonra avtomobil saxlanılıb və Əfqan Muxtarlı başqa bir avtomobilə köçürülüb", vəkil deyib.

Bir müddət sonra ikinci avtomobil də saxlanılıb və jurnalist artıq azərbaycanlıların idarə etdiyi avtomobilə mindirilib, o, qeyd edib.

Gözlərini açdıqda özünü Dövlət Sərhəd Xidmətinin zastavasında olduğunu deyən jurnalist cibinə 10 min avro pul qoyulduğunu deyib.

Elçin Sadıqov jurnalistin tibbi ekspertizadan keçmədiyini və hadisə ilə tibbi ekspertiza və zastavanın müşahidə kameralarının çəkdiyi görüntüləri tələb etdiyini jurnalistlərə deyib.

Bu addımla hər iki dövlətin sərhədinin pozulduğunu qeyd edən vəkil Əfqan Muxtarlının Azərbaycana aparılmasının qanunsuz olduğunu bildirib.


Fotonun müəllifi MEYDAN.TV
Image caption Tbilisidə keçirilən mətbuat konfransında Leyla Mustafayeva həyat yoldaşının "oğurlandığını" deyib

Xəbərsiz saatlar

Bundan əvvəl onun xanımı Leyla Mustafayeva bu səhər jurnalistlərə onun "oğurlandığını" bildirib.

Onun sözlərinə görə, sonuncu dəfə Əfqan ona mayın 29-da axşam saat 7-də zəng vuraraq evə doğru gəldiyini deyib. Onun olduğu yer evdən 15 dəqiqəlik məsafədə olub, Leyla Mustafayeva qeyd edib.

O deyir ki, sonuncu zəngdən sonra Əfqanla əlaqə yaratmaq mümkün olmayıb və onun haqqında heç bir məlumat yoxdur.

"Gürcü polisi arasdırma apardığını deyir. Onun sağ qalıb-qalmamasını bimirik. Heç bir məlumat yoxdu", - Leyla Mustafayeva BBC Azərbaycancaya bildirib.

Hərçənd ki, jurnalistlərə məlumat verən Daşqın Ağalarlı bildirib ki, Gürcüstanda hüquq-mühafizə orqanlarına əvvəlki müraciətlərinə cavabı uzun müddət gözləməli olub.

O, Gürcüstan ərazisində baş verən hadisəyə görə yerli hakimiyyət də məsuliyyət daşıdığını deyib.

"Belə düşünmək istəməzdim ki, müdaxilə və ya qeyri-müdaxilə ilə Gürcüstan hakimiyyəti bu işdə iştirak edib", - Daşqın Ağalarlı bildirib.

Həm Leyla Mustafayeva, həm də Daşqın Ağalarlı "yoxa çıxma" halını jurnalistin peşə fəaliyyətilə bağlayırlar.

"Onun movqeyi tənqidi movqeyidir. Hökumətin gizlətdiyi yalanları aşkara cıxarırdı", Leyla Mustafayeva deyib.

"Əfqan jurnalist fəaliyyəti ilə məşğul idi. Əliyevlər ailəsinin biznesi barəsində yazırdı. Yəni Azərbaycanın marağı var idi", deyə jurnalistin xanımı əlavə edib.

İddialarla bağlı Azərbaycan və Gürcüstan hökümətlərindən şərh almaq mümkün olmayıb.


Bu barədə daha geniş