Azərbaycan Dillər Universiteti: tələbələr dövlət imtahanının "ləğvini" istəyir

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
ADU tələbələri dövlət imtahanlarına qarşı etiraz edirlər

Azərbaycan Dillər Universitetinin (ADU) dördüncü kurs tələbələri dövlət imtahanın ləğv edilməsi tələbi ilə keçirdikləri etiraz nümayişindən sonra rektor və Təhsil Nazirliyinin (TN) nümayəndələri ilə görüşüb.

BBC Azərbaycancanın müxbiri Günel Səfərova bildirir ki, tələbələr rektor Əfqan Abdullayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, TN-nin aparat rəhbəri Fariz Rzayev və sözçüsü Cəsarət Valehovun qarşısında şikayətlərini səsləndiriblər.

Cənab Bayramov tələbələrlə görüşdən sonra müzakirənin başqa cür - etiraz edən hər iki fakültədən bir nümayəndə olmaqla keçirilməsini təklif edib.

Rektor Abdullayev bildirib ki, 31 mart saat 2-də keçiriləcək Elmi Şurada tələbələrin istəyi ilə bağlı müzakirə aparılacaq.

Nazir müavini bildirib ki, Elmi Şurada "obyektiv və ədalətli qərar veriləcək".

Tələbələr bildiriblər ki, dövlət imtahanı ləğv edilməsə, "imtahanı boykot edə və ya hər gün etiraz nümayışi edə bilərlər".

Müxbirimiz görüşdə səsləndirilən fikirlərə əsasən deyir ki, bu imtahanlar 2008-ci ildə ləğv edilib, lakin ötən il Elmi Şurasının qərarı ilə bərpa edilib.

Image caption Tələbələr təhsil nazirinin müavini Ceyhun Bayramov, TN-nin aparat rəhbəri Fariz Rzayev və rektor Əfqan Abdullayevin qarşısında şikayətlərini səsləndiriblər

Tələbələr bildirib ki, onlar bu etiraz aksiyasından öncə bir neçə dəfə rektorluğa şikayətlərini bildiriblər.

"4 il əvvəl bura biz qəbul olarkən müqavilədə bu barədə heç bir məlumat qeyd olunmamışdı. Tələbələrin 80-90 faizi dövlət imtahanı olmadığı üçün buranı seçib və açıq qapı günündə bizə məlumat verilmişdi ki, Dillər Universitetində dövlət imtahanı yoxdur", - tələbələrdən biri Səadət Salahova bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin qərarları bir il sonra tətbiq olunmalıdır, lakin onlara imtahanın keçiriləcəyi barədə cəmi 4-5 aydır məlumatlıdırlar.

Universiteti bitirmək ərəfəsində olan tələbə deyir ki, indiki vəziyyətdə onlarda imtahana hazırlaşmaq üçün materiallar yoxdur.

"Biz indi bu imtanana hazırlaşmağa çətinlik çəkirik. Heç bir universitetdə 8 fəndən ibarət dövlət imtahanı təşkil olunmur. Bu ancaq bizə tətbiq olunur. 720 sualı ingiliscə öyrənmək heç də asan deyil. Bir gün ərzində bir 8 fəndən necə imtaha verə bilərik?" - deyə tələbə qeyd edib.

Rektor Əfqan Abdullayev mediaya bildirib ki, etiraz edənlərin əksəriyyəti "oxumayan tələbələrdir".

Cənab Abdullayevin sözlərinə görə, tələbələr indiyədək ali məktəbi bitirərkən 1 səhifə yarımlıq hesabat yazıblar:

"Məsələn, mən universitetdə oxudum, filan müəllim dərs dedi, filan fənlərdə iştirak etmişik. Akademik olaraq ali məktəbdə imtahan forması kimi yekun buraxılış dövlət attestasiyası olmayıb. 3 aydır ki, burada rektor kimi fəaliyyət göstərirəm. 2016-cı ilin 20 iyul tarixində isə Azərbaycan Dillər Universitetinin Elmi şurasının 68 nömrəli qərarı olub ki, 2016/2017-ci tədris ilindən yekun dövlət buraxılış attestasiya forması yığışdırılaraq buraxılış işi və dövlət imtahan forması ilə əvəz olunsun", APA yazır.

O əlavə edib ki, dövlət imtahanının keçirilməsi qərarı Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"na və Təhsil Nazirliyinin əmri ilə həyata keçirilir.

İmtahanın ləğvinə gəldikdə isə, rektor bildirib ki, "Təhsil Nazirliyi tərəfindən hansı qərar verilirsə, onu yerinə yetiririk".

Əlaqəli mövzular

Bu barədə daha geniş