Azərbaycan Dillər Universiteti: dövlət imtahanı ilə bağlı tələbələrə iki seçim verilib

ADU həyəti
Image caption Tələbələr Elmi Şuranın qərarını gözləyirlər

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurası tələbələrin tələbi ilə 720 sual və 55 esselik dövlət imtahanını "ləğv edib", əvəzində onlara iki seçim verib:

"Bizim xeyrimizə qərar verilib. Ya 5 səhifəlik elmi iş, ya da ki iki fəndən hərəsi 50 sual olmaqla test yazacağıq", pedoqoji fakültənin tələbələrindən biri bildirib.

Çərşənbə axşamı ADU-nun IV kurs tələbələri 2008-ci ildə ləğv edilən və 2016-cı ildə bərpa olunmuş dövlət imtahanının ləğvini tələb edib.

Tələbələr bildiriblər ki, 4 il əvvəl ADU-a daxil olarkən onlarla bağlanan müqavilədə bu yazılmayıb.

Həmin gün Təhsil Nazirliyinin nümayəndələri və ADU rəhbərliyi tələbələrin istəklərinin Elmi Şurada müzakirə edilməsinə qərar verib.

Çərşənbə günü təxminən saat 2-də keçirilən Elmi Şurada tələbələr də iştirak edib, BBC Azərbaycancanın müxbiri Günel Səfərova bildirib.

Şuradan qabaq universitet rəsmiləri məsələnin "tələbələrin ürəkləri istədikləri kimi həll olunacağını" bildirib.

Tələbələr müxbirimizə bildirib ki, onlara iki təklif edilib: Yazılı imtahan və 50 suallı test və ya istənilən fəndən referat yazmaq.

Filologiya və Jurnalistika fakültəsinin tələbəsi Aydan Heydərova bu təkliflərlə bağlı bildirib ki, test imtahanı "daha çətin" olacaq.

Başqa bir tələbə, Mələk Əsgərli isə bildirib ki, indiyədək verdikləri hesabatın referatlar və ya sərbəst işlərlə əvəz edilməsinə razıdır:

"Problemimiz bu böyük tipli imtahanın olması - 720 sual və 55 essenin olması idi", deyə tələbə əlavə edib.

Regionşünaslıq fakültəsinin dekanı Samir Həmidov bildirib ki, "məsələ həll olunub":

"Son nəticə tələbələrin ürəkləri istədikləri kimi, qanunvericiliyə uyğun olaraq, təhsil normalarına uyğun olaraq məsələ tənzimləndi", deyə cənab Həmidov bildirib.

Pedoqoji fakültənin dekanı Fikrət Cahangirov isə əlavə edib ki, qərar hazırda gedən Elmi Şurada veriləcək və tələbələr "o variantdan razı qalacaqlar".

Müxbirimizin "Ötən gün "tələbələrin çoxu savadsızdır və imtahandan qorxduqları üçün etiraz etdiyi" deyilirdi. Buna münasibətiniz?" sualına cənab Cahangirov belə cavab verib:

"Mən düşünürəm ki, təhsil üçün barometr yoxdur. Hamının bilik və bacarıqları fərdidir. Ola bilməz ki hamı eyni olsun... Mən savadsız deməzdim bizim tələbələrimizə. Dillər Universiteti olaraq, tələbələrin fikrinə hər zaman hörmətlə yanaşılıb..."

Bu barədə daha geniş