Kanal 13-ün direktoru barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Əziz Orucov Fotonun müəllifi Kanal 13
Image caption Əziz Orucov

Azərbaycanca yayımlanan Kanal 13 onlayn televiziyasının direktoru Əziz Orucov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, jurnalistin vəkili bildirir.

Elçin Sadıqovun dediyinə görə, Əziz Orucov 192.2 (qanunsuz sahibkarlıq) və 308.2 (ağır nəticəyə səbəb olan vəzifə saxtakarlığı) maddəsilə ittiham olunur.

Jurnalist ittihamları rədd edib.

Kanal 13 televiziyasının direktoruna mayın 1-də 30 sutkalıq inzibati həbs cəzası verilib.

"Onun müddəti bitməmiş Əziz Orucova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparıldı", - Elçin Sadıqov BBC Azərbaycancaya bildirib.

Vəkil qərardan apellyasiya şikayəti verəcəyini deyib.

Bu hadisə, Azərbaycanda media azadlığına ciddi basqınlar barədə bəyanatlar verildiyi bir vaxtda baş verir. Gürcüstanda yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlı barəsində cinayət işi açılıb və onun barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

Vəkili onun Gürcüstanda oğurlandığını və cibinə 10000 avro qoyulduğunu iddia edib. Media hüquqları təşkilatları bu hadisəni pisləyib və onun dərhal azad olunmasına çağırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş