Güclü selə görə bağlanan Bakı-Şamaxı yolunda "hərəkət normallaşıb"

Ceyrankeçməz Fotonun müəllifi azeravtoyol.gov.az
Image caption Məlumata görə, cümə axşamı gecəsi 500-dək avtomobil hadisədən zərər çəkib

Sel sularına görə hərəkəti məhdudlaşdırılmış Bakı-Şamaxı avtomobil yolunun Ceyrankeçməz dərəsi adlanan hissəsində avtomobillərin hərəkəti bərpa olunub, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) BBC Azərbaycancaya bildirib.

Cümə günü gecə saatlarında dağlıq ərazilərdən axan güclü sel suları, özü ilə bərabər daş və palçıq qatı gətirərək Bakı-Şamaxı avtomobil yolunun 80-ci kilometrlik ərazisində, Ceyrankeçməz dərəsi adlanan hissəsində yolun müvəqqəti bağlanmasına səbəb olub.

BDYPİ-nin məlumatına görə, ərazidə 500-dən çox avtomobil yolda qalıb və bəzi avtomobillərin içinə su dolub, amma "başqa ciddi ziyan dəyməyib",

İdarə onu da bildirib ki, hazırda yol kənarlarında yaranmış bəzi çökəklərdə təmir işləri gedir.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti cümə günü bəyan edib ki, əraziyə "dərhal qurumun canlı qüvvəsi və ağır texnikası cəlb olunub".

Qurum aparılan işlər nəticəsində Ceyrankeçməz çayının yatağı lildən təmizləndiyini və sel sularının başqa əraziyə axıdılmasının təmin edildiyini də bildirir.

Fotonun müəllifi azeravtoyol.gov.az

"Azəravtoyol" ASC hadisəni "təbii fəlakət"kimi dəyərləndirit və qeyd edir ki, ərazidə yolun altından keçən iki ədəd suötürücü borudan birində çökmə baş verib.

"Nəticədə yolun hərəkət hissəsində 5 metr enində 30-40 sm dərinlikdə çökmə ərazisi yaranıb, yolun kənarlarında olan torpaq qatı yuyulub", ASC-nin məlumatında bildirilir.

Qurum onu da qeyd edir ki, ərazidə Ceyrankeçməz çayı üzərində yerləşən avtomobil körpüsünə ziyan dəyməsə də, sutənzimləyici qurğuların müəyyən hissəsi sel sularından ziyan görüb.

"Azəravtoyol" hazırda ərazidə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlərin davam etdirildiyini deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş