Jurnalistlər Əfqan Muxtarlıya görə Facebook-da aksiyaya başlayıb

Sevinc Vaqifqızı Fotonun müəllifi Courtesy

Bir sıra jurnalist və fəallar Gürcüstanda yaşayan və bazar ertəsi Azərbaycanda həbs edilən jurnalist Əfqan Muxtarlıya dəstək olmaq məqsədilə Facebook sosial şəbəkəsində aksiyaya başlayıblar.

Onlar başlarına qara rəngli torba keçirərək fotolar paylaşaraq Əfqan Muxtarlının azad edilməsini tələb edirlər.

2015-ci ildən Gürcüstanın paytaxtı Tbilisidə yaşayan araşdırmaçı- jurnalist Əfqan Muxtarlı bazar ertəsi günü axşam saatlarında yoxa çıxıb.

O, mayın 29-u axşam saatlarında Tbilisi şəhərində yaşadığı yerə yaxınlıqda Gürcüstan polisi geyimində şəxslər tərəfindən saxlandığını və əlləri qandallı və başı örtülü şəkildə Azərbaycan Sərhəd Xidmətinə ötürüldüyünü iddia edib.

Lakin Azərbaycan Dövlət Sərhəd Xidməti və baş prokruroluq Əfqan Muxtarlının sərhədi pasportu olmadan və cibində 10 min avro pulla keçməyə cəhd etdiyini bildirib.

Hazırda o, qanunsuz sərhədi keçmə, qaçaqmalçılıq və dövlət sərhəd xidməti əməkdaşına zor tətbiq etməkdə ittiham olunur və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Jurnalist vəkilinə bildirib ki, o həbs edilərkən avtomobilə zorla mindirilib, əlləri arxadan "xamutla " bağlanılıb və döyülüb. Jurnalist qeyd edib ki, avtomobil şəhərdən çıxdıqdan sonra onun başı əvvəl torba, sonra isə mayka ilə bağlanıb.

Fotonun müəllifi Courtesy

"Məlumatlandırmaq"

Aksiya iştirakçılarından biri olan jurnalist Aynur Elgünəş deyir ki, bu aksiyaya başlamaqda məqsəd, ictimaiyyəti Əfqan Muxtarlı barədə məlumatlandırmaqdır.

"Telekanallarımız birtərəfli təbliğatla məşğuldur və onun izləyicisi olan sadə insanlar əsl həqiqətlərdən xəbərsiz qalırlar. Biz bu aksiyanı keçirməklə sosial şəbəkə vasitəsilə də olsa onları məlumatlandırmağa çalışırıq və ən əsası haqlızlığa yox deyirik", jurnalist BBC Azərbaycancaya bildirib.

Aksiyaya qoşulanlardan biri Arqument.az saytının baş redaktoru Şəmşad Ağa deyir ki, aksiyanın bu şəkildə keçirilməsi Gürcüstanda mayın 31-i baş tutan etiraz nümayişlərinin davamıdır.

Həmin nümayişlərdə jurnalist və vətəndaş cəmiyyəti nümayəndələrinin bir hissəsi başlarına qara rəngli torba keçirərək etiraz edirdilər.

Şəmşad Ağa Əfqan Muxtarlı ilə bağlı baş verənləri "söz və ifadə azadlığına qarşı addım adlandırır" və bu hadisənin Gürcüstanın beynəlxalq imicinə ziyan vurğduğunu deyir.

Fotonun müəllifi Courtesy

Mayın 31-dən başlayaraq Gürcüstanın paytaxtı Tbilisi və Batumi şəhərlərində Əfqan muxtarlıya dəstək nümayişləri baş tutub.

Cümə günü də fəal və vətəndaş cəmiyyətinin nümayəndələri Tbilisidə parlament binasının qarşısında etiraz ediblər.

Beynəlxalq təşkilatlar cənab Muxtarlının həbsini tənqid edib, Gürcüstan və Azərbaycanın jurnalistin həyatı üçün məsuliyyət daşıdığını bildiriblər.

Amnesty İnternational onu "vicdan məhbusu" adlandırıb.

Bu barədə daha geniş