Vəkil Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə "görüşə bilməyib"

AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı

Vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı ilə görüşməyə icazə verilmədiyini deyir.

O, bildirib ki, bazar ertəsi Bakı İstintaq Təcridxanasında olub və içəriyə keçərək bir müddət istintaq otağında gözləyib.

Lakin onun hüquqlarını müdafiə etdiyi şəxslərlə görüşü baş tutmayıb.

"Dedilər, rəis mənimlə görüşmək istəyir. Sonra rəis müavini ilə görüşdüm. Dedi ki, görüş verilməyəcək", vəkil BBC Azərbaycancaya deyib.

O, bildirir ki, təcridxananın bu addımı "qanunsuzdur".

Vəkil ehtimal edir ki, Bayramlı və Muxtarlı ilə görüşünə izn verilməməsi "onlar barəsində qanunsuz hərəkətlər edilməsi və bu halın vəkildən gizlədilməsi" məqsədi daşıyır.

Penitensiar Xidmətin mətbuat xidməti isə hadisə barədə məlumatsız olduğunu deyib.

"İstintaq təcridxanalarında şəxslərin vəkilləri ilə görüşməsinə maneəsiz şərait yaradılır", Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov bizə deyib.

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-də Gürcüstandan Azərbaycana keçərkən sərhəddə Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb. Onun barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb və 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Jurnalist Əfqan Muxtarlı isə mayın 29-u axşam saatlarında Tbilisi şəhərində yaşadığı yer yaxınlığında Gürcüstan polisi geyimində şəxslər tərəfindən saxlandığını və əlləri qandallı və başı örtülü şəkildə Azərbaycan Sərhəd Xidmətinə ötürüldüyünü iddia edir.

Jurnalist, qanunsuz sərhədi keçmə, qaçaqmalçılıq və Dövlət Sərhəd Xidməti əməkdaşına zor tətbiq etməkdə ittiham olunur. Barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Elçin Sadıqov hər iki şəxsin vəkilidir.

Bu barədə daha geniş