Qətər-Azərbaycan əlaqələri barədə 5 suala cavab

Fotonun müəllifi President.az
Image caption İlham Əliyevin Qətərə rəsmi səfəri 7 fevralda olub

Qətər Azərbaycan üçün önəmli ölkədirmi?

Azərbaycanla Qətər dövləti arasında diplomatik əlaqələr 1994-cü ildə yaradılsa da, 2007-ci ildə hər iki ölkədə səfirliklərin fəaliyyətə başlaması ilə əlaqələr, o cümlədən qarşılıqlı səfərlər intensivləşib.

Ən son belə yüksək səviyyəli görüşlər 2017-ci il fevralın 8-də Azərbaycan prezidentinin Dohaya rəsmi səfəri və 2016-cı ilin 8-9 martında Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin Bakıya rəsmi səfəri olub.

Azərbaycan prezidenti İlham Əliyev Dohaya səfərindən əvvəl Əl-Cəzirə kanalına müsahibəsində deyib ki, digər Körfəz ölkələri ilə olduğu kimi, Qətərlə də münasibətlər Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

Cənab Əliyev bildirib ki, onun Qətər Əmiri Əlahəzrətlə "çox yaxşı şəxsi, - dost münasibətləri var".

Azərbaycan bu ölkə ilə əsasən iqtisadi əməkdaşlıq, qarşılıqlı ticarətin səviyyəsini və investisiyaları artırmaq istəyir.

Qətərlə Azərbaycan arasında hansı əlaqələr var?

Qətər Körfəz regionunda kiçik əraziyə malik olsa da, siyasi çəkisi olan bir ölkədir. Azərbaycanın bu ölkə ilə turizm, hərbi və çox payı olmayan iqtisadi əlaqələri daha çox gözə çarpır.



2016-cı ildən etibarən Azərbaycan Qətər də daxil olmaqla, bir sıra Ərəb ölkələrindən gələn vətəndaşlar üçün viza prosedurlarını asanlaşdırıb. Nəticədə 2016-cı ildə 2015-ci illə müqayisədə Qətərdən 5,5 dəfə çox turist gəlib. Amma bu rəqəm Səudiyyə Ərəbistanından gələn turistlər üçün 10 dəfə çox olub.

İqtisadi və ticarət əlaqələrinə gəldikdə isə Azərbaycan Qətərlə ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edib. Hərçənd bu ixrac o qədər də güclü hesab edilmir. Çünki təxmini hesablamalara görə, 2016-cı ilədək ticarət dövriyyəsi 65-70 milyon dollardan o tərəfə olmayıb.

Bundan başqa, rəsmilər dövlət səhmləri olan Qətər şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməkdə və investisiya qoymaqda maraqlı olduqlarını bildiriblər.

Hərbi əlaqələr sahəsində isə ötən il iki ölkə arasında imzalanan memoranduma görə, ölkələrin silah istehsal edən qurumları qarşılıqlı əlaqə yaratmalı idi, amma təhlilçilər bu əlaqələrdən, Qətərin özünün ABŞ-dan silah alması səbəbilə, 3-4 il sonrayadək hansısa bir güclü bir ixracat gözləmir.

Azərbaycanın Qətərlə diplomatik böhran ətrafında mövqeyi nədir?

İndiki anda Azərbaycan rəsmilərinin bu böhran barədə hansısa rəyi bəlli deyil.

Təkcə Azərbaycan Hava Yolları (AZAL) BBC Azərbaycancaya bildirib ki, Qətərdən Azərbaycana olan təyyarə reyslərinin davam etməsi AZAL-dan deyil, Qətər Hava Yollarından asılıdır.

Azərbaycan adətən bütün ölkələrə qarşı daha çox neytral mövqedə dayanmağa üstünlük verir.



Ümumilikdə, isə son 2 ildə Azərbaycanla Körfəz ölkələri arasındakı münasibətlərdə yaxınlaşma baş verib: Səudiyyə Ərəbistanı ilə Azərbaycanı müəyyən bağlar bağlayır və Qətərin lehinə və ya əleyhinə hansısa bəyanatın verilməsi bir soyuqluq yarada bilər. Eləcə də, Azərbaycan Qətərdən gələn investisiyada maraqlıdır.

Bu səbəbdən Azərbaycan indiki anda hansısa bir bəyanat verməkdən və ya diplomatik addım atmaqdan çəkinir.

Bunları nəzərə alaraq, Azərbaycanın müşahidəçi mövqeyində qalaraq, prosesi izləyəcəyi gözlənilir.

Qətər və Ərəb ölkələri arasındakı böhran Azərbaycana hər hansı təsir edə bilərmi?

Edə bilər, amma indi yox. Qalmaqal uzun müddət davam edərsə, hansısa təsirdən söhbət gedə bilər.

Qalmaqalın mərkəzində Körfəzin lider ölkəsi sayılan Səudiyyə Ərəbistanı durduğu üçün Səudiyyənin sanksiya tətbiq etdiyi ölkə ilə Azərbaycanın yaxınlıq etməsi münasibətləri az-çox korlaya bilər.

Qətərlə Körfəz ölkələri arasında nə baş verib?

5 iyunda Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən və Liviya Qətəri regionda terror qruplaşmalarını dəstəkləməkdə ittiham edərək onunla diplomatik əlaqələri dondurub.

Səudiyyə Ərəbistanı həmçinin Qətərlə sərhədləri bağlayaraq qonşu ölkəylə bütün quru, dəniz və hava əlaqələrini kəsib.

6 iyunda Misir diplomatik gərginlik fonunda Qətərin təyyarələrinə öz hava məkanını bağlayıb və Səudiyyə Ərəbistanı və Bəhreynin də eyni addımı atacağı gözlənilir.

Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qətərli diplomatlara ölkəni tərk etmək üçün üç gün, sadə qətərlilərə isə iki həftə vaxt verib.

Qətər qiyamçılara yardım etdiyini təkzib edib və xarici işlər naziri ölkələri "açıqlıq və doğruçuluq dialoqu"na çağırıb.

Bu barədə daha geniş