Britaniyalı azərbaycanlı: "Ürəklə Leyboristlərə - beyinlə Mühəfizəkarlara səs verməliyəm"

Theresa May və Jeremy Corbyn Fotonun müəllifi Getty Images
Image caption Mühafizəkar və Leyborist partiyalarının lideri Theresa May və Jeremy Corbyn bu seçkilərin liderləri hesab olunur.

BBC Azərbaycanca iyunun 8-də keçiriləcək Britaniya parlament seçkiləri ərəfəsində Azərbaycan əsilli britaniyalıların seçkilərə dair fikirlərilə maraqlanıb.

London şəhərinin Westminster bələdiyyəsinin Leyboristlər partiyasından sabiq üzvü və artıq müstəqil siyasətçi olduğunu deyən Murad Həsənli bu seçkilərdə Mühafizəkar Partiyasını dəstəkləyəcəyini deyir.

O hesab edir ki, mühafizəkarlar Azərbaycanla iqtisadi-siyasi əlaqələrə daha çox əhəmiyyət verir.

"Buna dəlalət edən Theresa May-in Baronessa Emma Nicholson-u Baş nazirin Azərbaycan üzrə ticarət elçisi vəzifəsinə təyin etməsidir. Bu vəzifəni məhz Mühafizəkar partiyasının əvvəlki hökuməti təsis etmişdi".

Cənab Həsənli deyir ki, Britaniyanın Aİ-dən çıxması ilə bağlı Brexit qərarından sonra ikitərəfli əlaqələr neft sahəsilə məhdudlaşmayaraq müxtəlif sahələri əhatə edəcək.

Fotonun müəllifi Əli Təki Atalay
Image caption "Azərbaycan Evi"nin sədri Əli Atalar çətin seçim qarşısında olduğunu deyir.

"Mən istəyirəm ki, Britaniya bazarına Azərbaycandan idxal olunan malların həcmi artsın", - BBC Azərbaycancaya danışan 37 yaşlı siyasətçi deyir. - Bu sahədə Leyboristlərin Azərbaycana dair mövqeyi o qədər də birmənalı deyil..."

Londonda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının - "Azərbaycan Evi"nin sədri Leyborist partiyasını tərifləsə də, çətin seçim qarşısında olduğunu deyir.

45 ildir ki, Londonda yaşadığını deyən Əli Təki Atalar seçim baxımından belə çətin vəziyyətlə üzləşmədiyini bildirir.

Belə qəbul olunub ki, Leyboristlər insan hüquqlarına, mühafizəkarlar isə daha çox biznesə diqqət verir. Yəni Azərbaycanla iqtisadi əlaqələr baxımdan mühafizəkarların qələbəsi Azərbaycana daha xeyirli ola bilər, - cənab Atalar deyir.

O, Leyboristlərin sonuncu lideri Jeremy Corbyn-in "isteblişmentdən təngə gələn kütləni partiyaya cəlb etməyə" müvəffəq olduğunu desə də Azərbaycana dair siyasətə gəlincə Corbyn-in yaxşı namizəd olduğuna şübhə edir.

"Bu acıdan: Ürəklə Leyboristlərə - məntiqlə, beyinlə isə mühafizəkarlara səs verilməlidir. Seçim hər dəfə belə çətin olmur. Amma indi belə olub".

Son vaxtlar keçirilən rəy sorğularında Mühafizəkarlara nisbətdə Leyboristlərə dəstəyin artması müşahidə olunur.

Londondakı hücumlardan sonra mühafizəkarların polisdə ixtisar etməsi barədə xəbərlər tənqidlə qarşılanıb. Bu fonda Leyboristlərin reytinqləri bir qədər də artıb.

Fotonun müəllifi EPA
Image caption Londonda şənbə günü axşam saatlarında baş vermiş hücum təhlükəsizlik məsələsinin müzakirələrini fəallaşdırıb.

Brexit

Bir çoxları hesab edir ki, bu seçkilər Britaniyanın Avropa İttifaqından çıxması barədə referendumun nəticələrinə təkrar münasibət bildirəcək.

Şotlandiyada mənzillənən siyasi təhlilçi Fuad Ələkbərov bu fikrə şərik çıxır.

Onun sözlərinə görə o, Brexit əleyhdarları olan Şotlandiyanın millətçi SNP partiyası ilə Liberal-Demokrtlar və Yaşıllar Partiyasına rəğbət bəsləyir.

"Brexitdən sonra Britaniyanın mövqeyinin necə dəyişəcəyini demək çətindir, lakin bu addım nəticəsində antiimmiqrasiya əhval-ruhiyyəsinin güclənməsi Britaniyaya gəlmək arzusunda olan azərbaycanlılara əlverişli şərait yaratmır".

Fuad Ələkbərov hesab edir ki, mühafizəkar və leyboristlərin Azərbaycana dair mövqeləri o qədər də fərqlənmir.

Image caption Murad Həsənli Leyboristlər partyiasından bələdiyyə üzvü olub.

"Müəyyən dərəcədə Jeremy Corbyn (Leyborist partiyasının lideri) qaçqınlara dair daha yumşaq mövqe tutur. Mühafizəkarlar isə daha çox iqtisadiyyata vurğu edir. Lakin onların hakimiyyəti vaxtı mövqelərində elə də bir fərq olmayıb. Ona görə onlar qalib gəlsə də çox şeyin dəyişəcəyini gözləmirəm".

Aparıcı partiyalardan Brexit nəticələrinin ləğvi barədə yalnız Liberal-Demokratlarlar danışır. Onlar ikinci referendumun keçirilməsini təklif edirlər.

Hakim Mühafizəkarlar və Müxalif leyboristlər partiyasının bu məsələyə rəsmi mövqeyi o qədər də fərqlənmir.

Ötən ilin iyun ayındakı referendumun nəticəsinə görə, seçkiyə qatılanların az qala 52 faizi Avropa İttifaqını tərk etməyə səs verib.

Fotonun müəllifi Getty Images
Image caption Britaniya parlamentinə seçkilər mayın 8-də keçiriləcək.

Təhlükəsizlik

Bu arada BBC Azərbaycancaya danışan beynəlxalq hüquqşünas Kamran Balayev deyir ki, Britaniyada baş verən son hücumlar Brexit mövzusunu kölgədə qoyaraq ön plana təhlükəsizlik məsələlərini çəkib.

Lakin hüquqşünas ümid edir ki, insan hüquqları ilə təhlükəsizlik arasında balans qorunub saxlanılacaq.

"Ümid edirəm ki, emosional durumda insan hüquqları təhlükəsizlik tələblərinə qurban verilməyəcək və hazırda mövcud olan balans qorunub saxlanılacaq".

Britaniyaya ilk dəfə 16 il əvvəl gələrək hazırda Londonda yaşayan cənab Balayev deyir ki, tanışlarla görüşlərdə seçkilər ən çox müzakirə edilən məsələdir.

Lakin o hələ ki, kimə səs verəcəyini müəyyən etməyib.

"Düşünürəm, araşdırmalar edirəm", - hüquqşünas BBC Azərbaycancaya bildirir.

Bu barədə daha geniş