Yataqxanada yanğından zərərçəkmiş: "Bizi evlə təmin etsinlər"

bina

Bakının Yasamal rayonunda, Şərifzadə 1 ünvanında məcburi köçkünlərin yaşadığı Texniki Universitetin yataqxana binasının bir hissəsində yanğın baş verib.

Sakinlərin sözlərinə görə, baş verən yanğın nəticəsində 15 ailənin yaşadığı mənzillər yanıb, sakinlər deyir.

Hazırda sahədə yanğın söndürülüb, Günel Səfər bildirir.

Əraziyə Yasamal rayon icra hakimi və Qaçqın və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov gəlib.

Sakinlər Əli Həsənovla söhbət zamanı ərazidən köçürülmək istədiklərini bildiriblər.

Evi yanmış Füzuli rayonundan məcburi köçkün Zəminə Babayeva deyir ki, komitə rəhbəri onlara "narahat olmamağı məsləhət bilib".

"Hələlik sizi bir-iki günlük yerləşdirəcəyik, sonra ölçü götürüləcək", zərərçəkmiş onlara belə deyildiyini bildirir.

"İstəyimiz odur ki, möhtərəm prezident qərar çıxarsın, bizi evlə təmin etsinlər", o əlavə edib.

Hadisə yerində olan BBC Azərbaycancanın müxbiri əraziyə insanların toplaşdığını xəbər verir.

"İndiyə qədər yanğınla bağlı hospitalizə olunan olmayıb", - Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərdə deyilir.

Məlumata əsasən, əraziyə 3 təcili yardım briqadası göndərilib.

BBC Azərbaycancaya danışan sakinlərin bəziləri deyib ki, yanğın sayğacdan başlayıb. Bəzi sakinlər isə sayğacdan yanğın yaranacağına inanmadıqlarını deyiblər.

Onlar binada yanğının başlanmasına səbəb kimi qısaqapanmanı ehtimal ediblər.

Yanğının səbəbləri barədə rəsmi məlumat hələ ki, verilməyib. Lakin yanğının söndürülməsinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri deyib ki, səbəb araşdırılır.

BBC Azərbaycancaya danışan bir yanğınsöndürən hadisə nəticəsində xəsarət alanın olmadığını qeyd edib.

Bu barədə daha geniş