Azərbaycan iqtisadiyyat naziri: "Azad iqtisadi zona yaradılacaq"

iqtisadiyyat naziri Şahin Mustafayev
Image caption İqtisadiyyat naziri Şahin Mustafayev 19 ay əvvəl dayandırılan yoxlamalardan sonra cəmi 89 yoxlama olduğunu qeyd edib

Bakıda III Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev ölkə iqtisadiyyatının "dayanıqlı" olduğunu deyib və sahibkarları investisiya etməyə çağırıb.

Nazir çıxışı zamanı Azərbaycanın Aİ-ə daxil olan bir sıra ölkələrlə sıx tərəfdaşlıq etdiyini deyib və ölkədə iqtisadi sahədə islahatların aparıldığını əlavə edib.

O, Azərbaycan prezidenti İlham Əliyevin sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini xatırladaraq o zamandan sonra sahibkarlıq obyektlərində yoxlamaların kəskin şəkildə azaldığını qeyd edib.

"19 ay əvvəl yoxlamalar dayandırılıb, bundan sonra yalnız 89 yoxlama olub. Qərardan əvvəlki 19 ay ərzində isə 100 min yoxlama olub", nazir bildirib.

Həmçinin oxu: Sahibkarlar prezidentin qərarı barədə nə düşünür?

"Azad iqtisdadi zona yaradılacaq"

Nazir iqtisadiyyat sahəsində tədbir görülməsinin davam etdirildiyini və sahibkarlara şərait yaradıldığını da vurğulayıb.

O, ölkədə sənaye parklarının yaradıldığını və gələcəkdə də yaradılacağını qeyd edib. Onun sözlərinə görə, indiyədək 5 park istifadəyə verilib və bura 800 milyon dollar həcmində investisiya yatırılıb.

"Gələn illərdə həmin layihələr üzə 1,1 milyard dollar investisiya qoyulması gözlənilir. Orda 5000 iş yeri yaradılıb. İş yeri sayının 7000-ə qalxacağı gözlənilir", nazir bildirib.

O, forumda iştirak edən sahibkarları da investisiya etməyə çağırıb.

"Parklarda zəruri infrastruktur yaradılıb, bütün xidmətlər göstərirlir. 7 il ərzində bir çox vergilərdən azaddırlar", o deyib.

Bundan başqa cənab Mustafayev Ələt qəsəbəsində yeni ticarət limanının tikildiyini və tikintinin 1 il sonra yekunlaşacağını qeyd edib.

O bildirib ki, burada 2000 hektar ərazidə azad iqtisadi zona yaradılacaq və azad ticarət zonalar haqqında qanun layihəsi də artıq hazırdır.

O, həmçinin layihələr barəsində də məlumat verib:

"Şahdəniz layihəsi üzrə işlərin 93 faizi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlərin 72 faizi, TANAP layihəsi üzrə 70 faizdən çox, TAP layihəsi üzrə isə işlərin 42 faizi yekunlaşıb".

Nazir çıxışı zamanı Azərbaycan iqtisadiyyatını "dayanıqlı" adlandıraraq sahibkarları buraya investisiya qoymağa çağırıb.

Daha sonra çıxış edən Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə ilə bağlı danışıqlar üzrə Baş Direktoratlığının Şərq tərəfdaşlığı departamentinin direktoru Lawrence Meredith deyib ki, Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar gedib.

O, sonuncu sazişin 20 il əvvəl imzalandığını qeyd edib.

O, ölkədə kənd təsərrüfatının inkişafına dəstək məqsədilə yeni proqram tətbiq ediləcəyini deyib.

Avropa İttifaqı-Azərbaycan biznes-forumu Avropa İttifaqının (Aİ), Almaniya Azərbaycan Kommersiya Palatasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə təşkil olunub.

Bir günlük forumda iqtisadi islahatlar, kənd təsərrüfatı və qida, ətraf mühit texnologiyaları, nəqliyyat və loqistika, informasiya və kommunikasiya texnologiyalar, elektron ticarət mövzularında panel müzakirələri olub.

Bu barədə daha geniş