Energetika naziri Natiq Əliyev kim idi?

Natiq Əliyevin vəfatı barədə xəbər cümə günü məlum olub Fotonun müəllifi Turan Agentliyi
Image caption Natiq Əliyevin vəfatı barədə xəbər cümə günü məlum olub

Nazir Natiq Əliyevin vəfat etməsi barədə xəbər cümə günü məlum olub.

Natiq Əliyev 2013-cü ildə Energetika Naziri vəzifəsinə təyin edilib.

O zamanadək isə, 2005-ci ildən Sənaye və Energetika Naziri vəzifəsində çalışıb.

Cənab Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində doğulub.

O, 1970-ci ildə Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mədən geoloqu ixtisası üzrə bitirib və institutu bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azərdənizneftkəşfiyyat" trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləyib.

Əliyev 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb, 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədi olub və böyük elmi işçi vəzifəsində çalışıb.

Cənab Əliyev 1979-cu ildə "Xəzərneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

1984-cü ildən isə o, Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləyib.

Cənab Əliyev 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olub.

1993-cü ildən 2005-ci ilə qədər Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar şurasının sədri olub.

O, 2005-ci ildə Azərbaycan neftçilər konqresinin prezidenti seçilib.

Əliyevin 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub, Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, 2008-ci ildən iqtisad elmlər doktoru olub.

Natiq Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvü olub.

Cənab Əliyev 2009-cu ildən "Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri" Beynəlxalq elmi-texniki jurnalının redaksiya heyətinin müxbir üzvü, 2012-ci ildə nəşr edilmiş "Böyük İqtisadi Ensiklopediya"nın redaksiya heyətinin üzvü olub.

O, Neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının "Şöhrət" ordeni, Azərbaycan Respublikasının "Əməkdar mühəndis" fəxri adı, Müstəqil Dövlətlər Birliyinin "Əməkdar energetiki" fəxri adı, Gürcüstanın "Şərəf " ordeni, Fransanın "Milli Fəxri Legion" ordeni, Polşanın "Böyük Komandor Xaçı" ordeni, Qazaxıstanın "Kurmet" ordeni, "Qazaxıstanın müstəqilliyinin 20 illiyi" medalı, Beynəlxalq Akademiyaların orden və medalları, "Beynəlxalq münasibətlərdə Rumıniyanın və ümumdünya dəyərlərin inkişafında göstərdiyi yüksək xidmətlərə görə Rumıniyanın Fəxri Diplomu" ilə təltif olunub.

Natiq Əliyevin bir övladı var.

Əlaqəli mövzular