Təkcə Beynəlxalq Bankın yox, Azərbaycanın maliyyə gələcəyi şübhə altındadır

Нефтяные месторождения в Баку Fotonun müəllifi Reuters
Image caption Bankda yaranmış problemləri ilk növbədə qlobal neft qiymətlərinin kəskin düşməsi ilə bağlayırlar.

London məhkəməsi, New York məhkəməsinin ardınca Azərbaycan Beynəlxalq Bankının (ABB) borclarının restrukturlaşdırma müddətində onun kreditorlarını, bankın aktivlərinə məhkəmə iddiası qaldırmaq imkanından məhrum edib.

Başqa sözlərlə məhkəmə Azərbaycanın borclarını qaytarmaq üçün təşkilati işlər apardığı dövrdə onun mülkiyyət və aktivlərinin borcun ödənməsi nəfinə satışa çıxarılmasının qadağanına dair vəsatətini təmin edib.

ABB-də pis aktivlərin həcminin böyük olması nəticəsində mürəkkəb maliyyə vəziyyətinin yaşanması sirr olmasa da, mayın 11-də Azərbaycanın ən iri bankının defolt elan edilməsi çoxları üçün gözlənilməz olub.

İşlərin çox pis olması 2015-ci ilin dekabrında ABB-nin keçmiş başçısı Cahangir Hacıyev həbs ediləndə məlum olub.

O maliyyə maxinasiyaları və mənimsəmə ittihamları ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Yəni ABB batan gəmilərə xas olan bütün siqnalları verirdi, amma investorlar o vaxt ayıldılar ki, Azərbaycan hökuməti 80 faizi dövlətə məxsus bankın kreditləri üzrə ödənişlər üçün qarant olmaqdan imtina etdi.

İndi investorlar iyul ayınadək, ABB borclarının restrukturizasiyasına dair Azərbaycan hökumətinin irəli sürdüyü təklifləri öyrənməli olacaqlar.


Həmçinin oxuyun:


Qabaqlama yarışı

Mayın 10-da ABB ilk dəfə olaraq növbəti 100 milyon dolların ödənişini təxirə salıb və artıq mayın 11-də özünü xarici investorların məhkəmə təqiblərindən qorumaq üçün müflislik iddiası ilə New York məhkəməsinə müraciət edib.

Bank təkcə bu il öhdəliklər üzrə 1, 3 milyard ödəniş etməli idi. Hökumət özünün qızıl-valyuta fondunu qoruyub saxlamağa üstünlük verib.

Lakin maliyyə ekspertləri deyirlər ki, pulu ödəmək bütün hallarda lazım gələcək, hərçənd hökumət ödənişlərin təxirə salınması şəklində nəfəsyeri qazanacaq.

ABB niyə və necə batır?

Uzun müddət Euromoney və Global Finance kimi nüfuzlu nəşrlər tərəfindən ölkədə və regionda ən yaxşı bank kimi təqdim olunan ABB-nin defolta düşməsinin əsas səbəbi, dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin kəskin düşməsi nəticəsində Azərbaycanda yaranmış iqtisadi böhran hesab olunur.

Bu, stabil neft gəlirlərinin kəskin azalmasına səbəb olub. 2015-ci ildə milli valyutanın qaçılmaz devalvasiyası isə maliyyə sektorunu tamamilə çökdürüb.

Bu mənada ABB istisna olmayıb və pis menecment və borcluların qaytarmaq imkanında olmadıqları qarantiyasız çoxmilyardlıq kreditlər isə sağlamlaşdırmaya olan bütün ümidləri puça çıxarıb.

Hökumət sistemin əsasını təşkil edən bankın xilas edilməsinə cumub. Axı bu sektorun yarısından bir qədər azı məhz bu bankın payına düşürdü. Bütün ölkənin maliyyə sistemi təhlükə altına düşmüşdü.

İlk dəfə olaraq pis aktivlərin təmizlənməsi cəhdi edilmişdi. Bankın sağlamlaşdırılmasına iki ildə 9, 9 milyard manat (5, 9 milyard dollar) xərclənib. Bu il bu məqsədlərə demək olar 5 milyard manat (2, 9 milyard dollar) xərclənəcək.

Bundan başqa bankdakı likvidliyin saxlanması üçün burada 1, 3 milyard dollarlıq valyuta depozitləri yerləşdirilib.

Lakin ABB-yə tökülən maliyyə axınları dibsiz quyunu doldurmağa bənzəyirdi. Ötən ili bank yenə də maliyyə itkisi ilə başa vurmuşdu. Bankın kreditorların borcunu qaytarmaq üçün pulu yox idi, borclar isə artırdı.

Nəticədə bank ötən may ayında müflislik müraciəti etməklə yanaşı, 3,4 milyard dollarlıq borcunun ödənilməsi məqsədilə restrukturizasiya planı təklif etmişdi.

Beləliklə, ABB xarici kreditorlara dövlətlə razılaşma əldə etməyi təklif edirdi.

Aysberqin ucu?

Belə bir ehtimal da var ki, ABB və ümumiyyətlə maliyyə sektoru ilə bağlı vəziyyət təqdim olunduğundan daha pisdir. Bu ehtimala görə 3. 4 milyard dollar borcum qaytarıla bilməməsi aysberqin yalnız görünən ucudur.

Məsələn reytinq agentliyi Moody's-də məhz belə düşünürlər. Şirkətin təmsilçisi deyib ki, ola bilsin hökumət maliyyə sektorundakı problemin miqyasını tam mənasında qiymətləndirməyib.

"Mən daha Beynəlxalq Banka və Azərbaycan Maliyyə Nazirliyinə inanmıram. Problemlər bizim düşündüyümüzdən daha geniş və daha dərin ola bilər" - deyib may ayında Bakıda keçirilən "Moody's Azərbaycan" illik sammitində çıxış edən Moody's-in vise-prezidenti Pyotr Paklin.

Maliyyə ekspertləri hesab edirlər ki, hökumət ABB məsələsində də, milli valyutanın devalvasiyası qərarında olduğu kimi gecikmiş addımlar atıb.

"Hökumət nəyin bahasına olursa olsun, manatın məzənnəsini saxlamağa çalışırdı. Bu taktikadan yalnız o vaxt imtina edilib ki, artıq Mərkəzi Bankın bütün ehtiyatları tükənmişdi. Nəticədə baş vermiş ikirəqəmli devalvasiya maliyyə sektorunun və əhalinin itkilərinə səbəb olub. Eyni iş Beynəlxalq Bankın da başına gəlib. Zərərli aktivləri alan və əhəmiyyətli vəsaitləri bankın suyun səthində saxlanmasına xərcləyən hökumət sonunda iflasa düçar olub" - deyib adının çəkilməsini istəməyən bakılı maliyyə təhlilçisi.

İşə hədə-qorxu düşüb

Təklif edilən restrukturlaşdırmanın mahiyyəti kreditorların ötən həftə Londonda keçirilən görüşündə açıqlanıb. Burada borcların, Azərbaycanın dövlət qiymətli kağızları və ya bankın borc öhdəlikləri ilə əvəzlənməsi təklif olunub.

Həm də bu zaman borcların 20 faizinin silinməsi təklif edilir. Üç variant təklif edən hökumət hər şeydən əvvəl borc üzrə ödənişlərin 2022-ci ildən sonraya keçirilməsini istəyir. ABB-nin öhdəliklərinə görə bu, 2017-2019-cu illərdə baş verməli idi.

Təbiidir ki, belə dönüş investorların tamamilə mənfi reaksiyasına səbəb olub.

"Kreditorlar çox narazıdırlar" - deyib Bloomberg-ə Landesbank Berlin Investment şirkətindən Lutz Roehmeyer. Landesbank Berlin-ə qaytarılası pulun məbləği ABB-nin istiqrazları ilə birlikdə 2, 2 milyard dollardır. Bank Azərbaycanın təklif etdiyi planın əleyhinədir.

Fotonun müəllifi Reuters
Image caption Bank rəhbərliyinin bildirdiyinə görə onun çətinlikləri müvəqqəti xarakter daşıyır və ölkənin iqtisadi və maliyyə vəziyyəti üçün təhlükə təşkil etmir.

Keçirilən qızğın müzakirələr zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifov bütün iradları rədd edərək deyib ki, ABB-yə heç vaxt dövlət qarantiyası verilməyib. Bu o deməkdir ki, hökumət, bank və onun borcları üçün məsuliyyət daşımır və borcun restrukturlaşdırılması üçün məsuliyyəti öz üzərinə götürmür.

"Siz bunu "qırxım" və ya nəsə başqa bir şey də adlandıra bilərsiniz, lakin bu masa üstündə olan yeganə təklifdir, - deyib Şərifov. O Maliyyə Nəzarəti Palatasının başçısı Rüfət Aslanlı ilə birlikdə bəyan edib ki, restrukturlaşdırma planı qəbul edilməzsə, ABB ümumiyyətlə bağlanacaq.

İnvestorların isə öz arqumentləri var. Bir-iki ilə vəziyyət dəyişməsə və əsas ödənişlərin vaxtı çatanda yeni bir restrukturizasiya planının təklif edilməyəcəyinə kim zəmanət verə bilər?

Zəncirvari reaksiya

ABB-nin də bondlarına sahib Allianz Global Investors firmasından Greg Sychin-nin qənaətinə görə Azərbaycan borc verənlərinin ziyan çəkməsinə öz reputasiyası baxımından razı olmamalıdır.

Həm də nəzərə alınmalıdır ki, bundan bankın və hökumətin qazanacağı (350 milyon dollar) minumum olacaq.

Azərbaycan hakimiyyətinin davranışı ilk növbədə ölkəyə verilən kreditlərin bahalaşması, miqyaslı layihələrin maliyyələşdirilməsinin mürəkkbləşməsi ilə nəticələnəcək. Landesbank Berlindən Lutz Roehmeyer əmindir ki, "bu, Azərbaycanın uzunmüddətli maliyyələşdirilməsinin bahalaşmasına səbəb olacaq".

ABB-nin ən böyük kreditorları və onlara olan borcun məbləği

  • Restrukturlaşıdırlan borcun pul məbləği: $3337105084 dollar
  • Borc siyahısında olanlar - borcları 2017-2025-ci illərdə qaytarılmalı olan 18 müxtəlif kreditor
  • Bu cədvəldə ən böyük kreditorlar göstərilib.
Kreditorlar Borcun məbləği (dollarla)
ARDNF* 1 000 000 000
Cargill** 714 964 000
Citibank*** 705 000 000
Credit Suisse AG 283 967 000
Emerald 250 000 000

*Depozit; **ticarət maliyyələşdirmələri; ***sindikatlaşdırımış kredit və avrobondlar

Gözləndildiyi kimi ABB-nin reytinqi dərhal aşağı salınıb. Bu öz növbəsində başqa banklara zərbə dəydirib.

Eyni reytinq azalmasına başqa bir iri sistem bankı olan Pasha Bank da məruz qalıb.

ABB-nin sahibi kimi Azərbaycanın öz reytinqinə də yenidən baxıla bilər.

Artıq indidən məlumdur ki, restrukturlaşdırma planı qəbul edildikdən sonra Azərbaycanın xarici borcu 2017-ci il üçün ÜDM-in 30 faizini təşkil edəcək.

Moody's agentliyi artıq Azərbaycanın reytinqinə yenidən baxılmasını elan edib. Başqa bir reytinq agentliyi Fitch də eyni mövqedədir.

Doğrudanmı Azərbaycanın dövlət adamlarlı ABB-ni müflis elan edəndə onların hərəkətinin bu qədər maliyyə problemlərinə yol açacağını bilmirdilər?

Qazaxıstan Azərbaycan bankının müflisləşdiyini başa düşdüyünü və qəbul etdiyini desə də, bu ölkənin ABB-də saxlanan 250 milyon dollarlıq pensiya vəsaitinə görə dövlətlərarası münasibətlərdə ixtilaf yarana bilər. Hər halda Qazaxıstan mediasında bu məsələ çox tənqidi işıqlandırılır.

Səsvermə manipulyasiyası

Onlara bankın nominal öz qiymətindən 20 faiz ucuz qiymətə bondları təklif edilsə də, kreditorlar bu qərarın bloklanmasına çalışırlar, lakin Azərbaycan hökuməti onların manevr etməsi üçün çox az meydan buraxıb.

Fotonun müəllifi TASS/Филиппов Алексей
Image caption Azərbaycanın maliyyə naziri Şərifovun sözlərinə görə restrukturizasiya planı dəstəklənməsə ABB ümumiyyətlə bağlana bilər.

Restrukturizasiya planı o vaxt qəbul edilmiş sayılacaq ki, pul ifadəsi ilə borcun üçdə ikisinə bağlı olan kreditorlar ona səs vermiş olsunlar. Azərbaycan hökuməti bunu nəzərə alaraq investorların siyahısına Dövlət Neft Fondunu da daxil edib. Bu fondun ABB-də 1 milyard dollarlıq depoziti var.

Bundan başqa əldə olan məlumatlara görə hökumət ən iri Qərb kreditoru olan Cargill Financial Services International qrupu ilə razılıq əldə edib.

Üstəlik bəzi istiqrazlar üzrə ödənişlərə 2021-ci ildən tez olmayaraq başlanacaq. Məhz buna görə də Azərbaycanın təklif etdiyi möhlət kreditorların bu hissəsinə toxunmayacaq.

Buna görə də restrukturizasiya planının təsdiq edilməsi üçün lazımi səslərin əldə olunması çətin məsələ olmayacaq.

Ən yola gəlməyən kredirtorların sırasında ABB-nin 700 milyon dollar borclu olduğu Citibank-in adı çəkilir.

Gələcəyə doğru nikbinliklə

"Biz nikbinik. ABB-dəki vəziyyət nəzarətimiz altındadır. Biz inanırıq ki, kreditorlar bizim restrukturizasiya planımızı bəyənəcəklər" - deyib Aslanlı Bakıda jurnalistlərə.

O deyib ki, bu nikbinlik bazarların reaksiyasına əsaslanır. O bildirib ki, investorların razılaşmadığı təqdirdə hökumətin "B" planı var.

ABB-nin başçısı Xalid Əhədov reytinqin düşməsinin və başqa xoşagəlməzliklərin müvəqqəti hal hesab etdiyini deyib. O bildirib ki, bankın reytinqi yenidən qalxa bilər. Əhədov bunu deyib ki, borclardan və pis kreditlərdən təmizləndikdən sonra bank gələn il özəlləşdirilməyə çıxarılanda investorlar üçün yenidən maraq kəsb edəcək.

Lakin onun nikbinliyini Moody's agentliyi bölüşmür.

"ABB-yə xarici investorların marağı bank xarici öhdəlikləri üzrə ödənişlərdən imtina etdikdən sonra azalıb. Bu isə o deməkdir ki, özəlləşdirmə yalnız yerli investorları cəlb edəcək" - deyib agentliyin kiçik vise-prezidenti Mariya Malyukova.

ABB bunu da bildiri ki, əhalinin və şirkətlərin əmanətləri üçün heç bir təhlükə yoxdur. Belə görünür ki, bu bəyanata inanılır, çünki əmanətçilər arasında heç bir ajiotaj hiss olunmur.

Eyni zamanda ekspertlər ajiotajın olmamasını onunla izah edirlər ki, əmanətlərin əksər hissəsi dövlət strukturlarına aiddir. Onlara əmanətlərin bankdan çəkilməsinə onsuz da icazə verməzlər.

Özəlləşdirilməyə hazırlıq üçün ABB-nin kiçildilməsi lazım olacaq. Buna görə Rusiya və Gürcüstandakı filiallar bağlanmalıdır. Azərbaycan hakimiyyəti bu xarici aktivləri ilin sonunadək satmağı planlaşdırır.

Maliyyə təhlilçisi Anar Əzizovun sözlərinə görə ABB-Moskva kiçik, amma nisbətən sağlam bankdır. O düşünür ki, Rusiya bankları ilə, hər şeydən əvvəl VTB ilə münasibətlər nəzərə alınarsa, satışın baş tutmamasına səbəb görmür.

"Beynəlxalq bankrot" və ölkənin defolta düşmək təhlükəsi

Borcu dövlət, yəni onun vətəndaşları, hətta bankla heç bir əlaqəsi olmayan vətəndaşlar ödəməli olacaqlar, yazıb Facebook hesabında iqtisadçı Fikrət Məmmədov.

"Oğurluğu nə auditor şirkəti, nə də maliyyə pozuntusuna yol verənlərin əlini tutub saxlamalı olan hesablama palatası görmür. Sonra elə ki, oğurluq başa çatdı, bütün problemləri büdcənin, vergiödəyənlərin və o bədbəxt neft gəlirlərinin üstünə yıxmaq olar" - yazır o.

Belə bir yanaşma ilə Azərbaycanın sosial media istifadəçilərinin əksəriyyəti razıdır.

Fotonun müəllifi TASS/Aziz Karimov
Image caption 2015-ci ilin sonlarında Azərbaycan milli valyutasının devalvasiyası ölkənin maliyyə sektorunu demək olar çökdürmüşdü.

Lakin başqa rəylər də mövcuddur. Hökumət "pislə çox pis" arasında seçim etməli olub (REAL müxalifət hərəkatının icraçı katibi Natiq Cəfərli belə hesab edir).

Azərbaycan Banklar Assosiasiyasının başçısı Zakir Nuriyev hesab edir ki, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası ölkənin bank sisteminə təsir göstərməyib.

"Dövlət ona kifayət qədər likvid vasaitələri verməklə ABB qarşısında öhdəliklərini ilk gündən yerinə yetirməyə başlayıb. Buna görə də ABB-də baş verən proseslər ölkənin bank sisteminə təsir göstərməyib" - deyir Zakir Nuriyev.

Onun sözlərinə görə bu, hətta ölkə banklarının gələcəkdə xarici investisiyalar cəlb etməsinə də mane olmayacaq.

"Azərbaycan bankları iri həcmlərdə xarici vəsaitlərin cəlb olunmasına ehtiyac görmürlər. Çünki xarici vəsaitlərin cəlb olunmasına və yerləşdirilməsinə dair məhdudiyyətlər var" - deyir Nuriyev.

İqtisadçılar hesab edirlər ki, real kapitalı cəlb etmək qabiliyyəti istər ayrıca biznes olsun, istərsə də bütün dövlət, iqtisadi gücün göstəricisi sayılır.

Kreditorlarla internet məkanında "Beynəlxalq Bankrot" adını qazanmış ABB arasında danışıqların nəticəsi beynəlxalq investorların Azərbaycanın kommersiya sektoruna və hətta dövlətinə gələcəkdə kreditlər verib-verməyəcəyinin real göstəricisi olacaq.

Ona görə də mübaliğəsiz demək olar ki, bu danışıqların uğurla nəticələnməsi bütün Azərbaycanın marağındadır. Əks halda iqtisadçıların fikrincə bütün ölkənin defolta düşməsi təhlükəsi mövcuddur.

Əlaqəli mövzular

Bu barədə daha geniş