Səhiyyə Nazirliyi: Zəhərlənən uşaqlarda "Rotavirus aşkarlanıb"

hospital Fotonun müəllifi Getty Images

Səhiyyə Nazirliyi Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan onlarla uşaqda Rotavirus infeksiyası aşkar edildiyini bildirib.

"Yayılma yolunun əsasən su olduğunu nəzərə alaraq infeksiyanın baş verməsinə səbəb paylayıcı su şəbəkəsi ehtimal olunur", - Nazirliyin bəyanatında deyilir.

Bundan əvvəl Azərsu Açıq Səhmdar Cəmiyyəti uşaqlarda mədə-bağırsaq infeksiyasının səbəbinin "su olmadığını" bildirib.

Səhiyyə Nazirliyi deyib ki, 4 gün ərzində 136 uşaqda infeksiya əlamətləri baş verib.

Hazırda onlardan 46-sı xəstəxanada müalicə alır və vəziyyətləri "kafidir".

Səhiyyə Nazirliyi səbəbi "suda görür"

"İnfeksiya baş verən ərazidə profilaktik tədbirlər, əhali arasında sanitariya-müalicə işləri davam etdirilir", - məlumatda deyilir.

Nazirlik onu da bildirib ki, hadisə baş verən ərazidə suyun təmizlənməsi, zərərsizləşdirilməsi tədbirləri "ciddi nəzarətə" götürülüb.

"Aparılan labotaror müayinələrin sayı artırılıb. Hazırda suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir", - Nazirlik bəyan edib.

Azərsu nə deyir?

Azərsu ASC-nin sözçüsü Anar Cəbrayıllı bazar günü BBC Azərbaycancaya deyib ki, Tağıyev qəsəbəsi və ətraf ərazilərdən götürülən nümunələrin müayinə nəticələrinə görə suyun tərkibində heç bir dəyişikliyin olmadığı, mayenin norma və standartlara cavab verdiyi üzə çıxarılıb.

"İyunun 8, 9 və 10-da apardığımız müayinələrə görə suda heç bir problem aşkarlanmayıb", - cənab Cəbrayıllı bildirib.

"İnfeksiyanın sudan da, qidadan da düşə biləcəyini" bildirən cənab Abdullayev bütün uşaqlardan nümunələrin götürüldüyünü və nəticələr məlum olandan sonra dəqiq səbəblərin bilinəcəyini deyib.



Hadisə barədə daha nə bilinir?

Şənbə günü sosial şəbəkələr vasitəsilə insanlar içməli suda problem olduğunu yazmağa başlayıblar.

Whatsapp şəbəkəsilə insanların bir-biri ilə paylaşdığı səs yazısında "çiy suyu içməyin, qaynatdıqdan sonra için" deyə xəbərdarlıq edilir, səs yazısını dinləyən müxbirimiz deyir.

Səs yazısında içməli suya "ya kanalizasiya sularının qarışdığı, ya da təxribat törədildiyi" ehtimal edilir.

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bu iddiaların səhv olduğunu qeyd edir.

Onun sözlərinə görə, Tağıyev qəsəbəsinin su təchizatı Xaçmazdan çəkilən boru ilə təmin olunur. Həmin su borusundan, Xırdalan şəhərinin, Ceyranbatan qəsəbəsinin, Abşeron rayonunun bir hissəsinin, Sulutəpə və Müşfiqabad ərazilərinin də su təchizatı təmin olunur.

Cənab Cəbrayıllı infeksiyanın su ilə yayılması ilə razılaşmır və sual verir ki, bənzər hallar "niyə digər yerlərdə baş verməyib."

Uşaqlar "2-5 yaş" arasındadır

Şənbə günü yayılan məlumata görə, iyunun 7-dən bəri Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə xəstəxanaya müraciət edib, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev APA xəbər agentliyinə bildirib.

O deyib ki, müraciət edən uşaqlar 2-5 yaş arasındadır.

"Həkimə müraciət edənlərin əksəriyyətinə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Onlarda əsasən baş ağrısı, ürək bulanma, qusma, halsızlıq müşahidə olunur", qurum sözçüsü qeyd edib.

Nazirliyin sözçüsü Liya Bayramova bundan əvvəl mediaya bildirib ki, uşaqların həyatına "heç bir təhlükə yoxdur".

Məlumata görə, uşaqların çoxu ilkin müayinədən sonra evə buraxılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş