Valideynlər uşaqların yoluxmasında "suyu" günahkar bilirlər

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
"Deyirlər suda günah yoxdur, filtrasiyadır, su keçir də filtrdən, adam keçmir ki..."

Yüzdən artıq uşağın yoluxma səbəbilə xəstəxanalara yerləşdiyi Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakinləri baş verənlərin günahkarı kimi "içməli suyu" görürlər.

BBC Azərbaycancaya danışan sakinlər deyir ki, uşaqlarda, yeniyetmələrdə və böyüklərdə müşahidə olunan halsızlıq, ishal, ürəkbulanma və yüksək temperaturla müşayiət olunan yoluxma ötən həftənin ortalarında başlayıb.

Daha dəqiq tarix kimi sakinlər iyunun 7-i göstərirlər.

Yoluxanlar arasında 6 aylıq uşaqlar, 18 yaşlı gənclər və hətta 45 yaşlılar da var.

Onlarla söhbət zamanı hərəsi həmin gün başqa bir qida qəbul etdiyini deyirlər. Bu səbəbdən də yoluxmanın qidadan keçəcəyinə inanmırlar.

Amma su versiyasına etimad göstərməyənlər də var.

"Bizim evdə 5 nəfər var, ancaq 2-i özünü piss hiss etdi", qəsəbənin Fərrux Qayıbov küçəsində yaşayan sakin deyir.

Səhiyyə Nazirliyi bazar ertəsi açıqlayıb ki, həmin ərazidə yoluxma əlamətləri müşahidə olunan onlarla uşaqda Rotavirus infeksiyası aşkar edilib.

Qurum 4 gün ərzində 136 uşaqda infeksiya əlamətləri baş verdiyini qeyd edib.

Amma qəsəbə sakinləri yüzlərlə insanın yoluxduğunu iddia edir.

Image caption Sumqayıt Uşaq xəstəxanasına hələ də üəkbulanma və islhal halı olan uşaqları gətirənlər var

Xəstəxanada növbə

Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində isə körpə uşaqlı bir çox valideyn görmək olar.

Onlardan bəziləri günlərdir ki, övladlarının sağalmasını gözləyir, digərləri isə uşaqlarda yoluxma əlamətlərini görərək buraya üz tutub.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsi sakini Cəfər Cəfərli isə 2 yaşlı uşağını gözləyir.

O əmindir ki, uşaqların yoluxmasına səbəb sudur.

"İyunun 7-də sularımız 3 saatlıq kəsildi. Sonra gələn su problemli olub. Kimsə içib, kimsə yuyunub. O bu yoluxmaya səbəb olub", o deyir.

Sakinin sözlərinə görə, iyunun 7-də qəsəbədə suların kəsilməsini təmirlə əlaqələndiriblər.

O bildirir ki, suyun tərkibinin yoxlanılması və problem aşkarlanmaması su nümunələrinin hadisədən bir gün sonra baş verdiyinə görədir.

"Həmin gün nümunə götürülməyib", valideyn deyir.

O, övladının 2 gün evdə sahə həkiminin nəzarəti altında ambulator müalicə aldığını, vəziyyəti yaxşılaşmadığı üçün xəstəxanaya gətirildiyini də deyir.

Qəsəbə sakini Ruslan Mürsəlov isə deyir ki, o uşağını ikinci dəfədir ki xəstəxanaya gətirir.

"Birinci gətirdik, sonra qayitmalı olduq. Xəstəxanada yer yox idi. Sonra yenə gətirməli olduq", o izah edir.

Xəstəxanada çox insan gözə dəyir. Rentgen bölməsində isə bir neçə valideyn körpə uşaqlarla növbədədir. Bəzi uşaqların beli şalla sarılıb. Onların çoxu analarının qucaqlarındadır.

Bir valideyn isə 8 aylıq körpəsinə görə narahatdır. Uşağın bir neçə gündür vəziyyətinin düzəlmədiyini deyirlər. Həkimlər deyib ki, ona qan köçürülməlidir. Valideyn dua edir ki, körpəsi sağalsın.

1 yaş 6 aylıq uşağını gözləyən gənc ana isə bundan sonra körpəsinə qaynadılmamış su verməyəcəyini deyir.

Söhbətləşdiyimiz valideynlərin əksəriyyəti uşaqları üçün tibbi ləvazimat və dərmanları da özlərinin aldığını deyirlər. Onlar həkim çatışmazlığından da şikayət ediblər.

"Amma bu gün vəziyyət normallaşıb", valideynlərdən biri deyir.

Həkimə müraciət edənlər və etməyənlər

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində isə yoluxanların sayənın daha çox olduğunu öyrənirik.

5 ailə üzvündən yalnız 18 və 10 yaşlı iki nəfərin yoluxduğunu deyən qəsəbə sakini övladlarını evdə müalicə etdiyini deyir. Onun sözlərinə görə, uşaqlar hələ də özlərini halsız hiss edirlər və normal qidalanmırlar. "Hələ də başları ağırayır", o deyir.

Onun yanında dayanan qonşusu da ötən həftə cümə axşamından cümə gününöə keçən gecə halının pisləşdiyini bildirir. Onun 45 yaşı var.

Deyir ki, qonşunun uşaqlarına iynə vurmaq üçün gedib, gecə isə halı pisləşib. O da həkimə müraciət etməyib və özünü bitki və dərmanlarla müalicə etdiyini deyir.

"13, 11 yaşında iki uşağımın da halı pisləşdi. Qızım 3 gün özünə gələ bilmədi. Axırda burnundan qan açıldı, indi yaxşıdı", binada yaşayan digər sakin danışır.

2 yaşlı qızını yenicə xəstəxanadan gətirən valideyn isə, yoluxmanın suya görə baş verməsinə şübhə ilə yanaşır. "Qızım ancaq ana südü yeyir", o izah edir.

Valideyn deyir ki, qızı 2 gün ürəkbulanma keçirməsindən sonra həkimə gediblər.

"Sistem qoşdular, indi yaxşıdı", deyən valideyn yaşca böyük qızında da oxşar əlamətləri müşahidə etdiyini deyir.

Qonşu binada yaşayan valideyn də 2 yaşlı övladının yoluxduğunu qeyd edir.

O, uşağa qaynadılmamış, çiy su verdiyini də qeyd edir.

"Gördüm vəziyyəti pisdir? Həkim olan bibim qızı ilə məsləhətləşdim. Antibiotik vurdurdum, imalə edim, indi də diqqət edirəm, qaynadılmış su verirəm", o bildirir.

Bu sözlərin demək olar ki, eynisini yoluma baş vermiş istənilən ailədə eşitmək olar. Dəyişən yalnız infeksiyanın yoluxduğu sakinlərin yaşıdır. Onlar arasında körpələr də var, yaşlılar da.

Sakinlərdən çoxu xəstəxanaya müraciət etməsə də, bunu edənlər də var.

14 yaşlı oğlu yoluxan sakin deyir ki, onun övladı 1 gün xəstəxanada yatıb.

O, həyətlərinə gələn suyun keyfiyyətindən həmişə razı olduqlarını deyib.

"Bakıdan qonaq gələndə bizim sudan aparırdılar, çox yaxşı idi", deyən sakin artıq bir neçə gündür suyu pulla aldıqlarını əlavə edir.

Şənbə günüdən başlayaraq sosial şəbəkələr vasitəsilə insanlar içməli suda problem olduğunu yazmağa başlayıblar.

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bu iddiaların səhv olduğunu qeyd edib.

Onun sözlərinə görə, Tağıyev qəsəbəsinin su təchizatı Xaçmazdan çəkilən boru ilə təmin olunur. Həmin su borusundan, Xırdalan şəhərinin, Ceyranbatan qəsəbəsinin, Abşeron rayonunun bir hissəsinin, Sulutəpə və Müşfiqabad ərazilərinin də su təchizatı təmin olunur.

Cənab Cəbrayıllı infeksiyanın su ilə yayılması ilə razılaşmır və sual verir ki, bənzər hallar "niyə digər yerlərdə baş verməyib."

Əlaqəli mövzular

Bu barədə daha geniş