Baş Prokurorluq deputat Elman Nəsirovun Əfqan Muxtarlı şərhini təkzib edib

Əfqan Muxtarlı Fotonun müəllifi Elmir Mirzoyev
Image caption Əfqan Muxtarlı döyüldüyünü və cibinə 10 min avro pul qoyulduğunu deyir

Azərbaycanın Baş Prokurorluğu çərşənbə axşamı dərc edilmiş bəyanatında Milli Məclis deputatı Elman Nəsirovun həbs edilmiş jurnalist Əfqan Muxtarlının "Azərbaycanın və Gürcüstanın xüsusi xidmət orqanlarının birgə fəaliyyəti nəticəsində Tbilisidə tutularaq Azərbaycana gətirilməsi barədə" verdiyi informasiyanı təkzib edib.

Əfqan Muxtarlı mayın 29-u saat 19:30 radələrində Tbilisidə dörd şəxs tərəfindən saxlandığını və başına torba keçirilərək və əlləri qandallı şəkildə Azərbaycan Dövlət Sərhəd Xidmətinə (DSX) ötürüldüyünü deyir.

DSX məntəqəsində onun cibinə pul qoyulduğunu iddia edən jurnalist, həbsini jurnalistika fəaliyyəti və Azərbaycan hökuməti barədə tənqidi yazıları ilə əlaqələndirib.

Baş Prokurorluq Əfqan Muxtarlının 29 mayda, saat 22:40-da üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan Azərbaycan sərhədini qanunsuz keçdiyini və saxlanarkən DSX əməkdaşına qarşı zor tətbiq etdiyini iddia edir.

Keçən həftə Azadlıq Radiosuna verdiyi müsahibədə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov bildirib ki, "Azərbaycanın Gürcüstanla birgə belə bir addım atması xüsusi-xidmət orqanlarının fəaliyyətinin nəticəsidir... Təhlükəsizlik prinsiplərinə uyğun olaraq, Əfqan Muxtarlının Azərbaycana gətirilməsi bu şəkildə reallaşdırılıb".

Lakin bundan sonra Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanla birgə fəaliyyət barədə məlumatları həqiqətə uyğun olmadığını deyib.

Bugünkü bəyanatda Əfqan Muxtarlının Tbilisidə oğurlanaraq Azərbaycana gətirilməsi barədə mediada yayılan məlumatların "uydurma xarakter" daşıdığı və "ictimai rəyi çaşdırmaq məqsədi" güddüyü deyilib.

Jurnalist "qanunsuz sərhədi keçmə, qaçaqmalçılıq və Dövlət Sərhəd Xidməti əməkdaşına zor tətbiq etməkdə" ittiham olunur və mayın 30-da barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə daha geniş