Elman Nəsirov: Avropa Parlamentinin Əfqan Muxtarlı qətnaməsi "qarayaxmadır"

Elman Nəsirov Fotonun müəllifi Private
Image caption Elman Nəsirov

Cümə axşamı günü, Avropa Parlamenti Azərbaycanlı jurnalist Əfqan Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və ona qarşı bütün cinayət ittihamlarının ləğv edilməsini tələb edib.

Əfqan Muxtarlı Gürcüstandan oğurlanaraq məcburən Azərbaycana aparıldığını iddia edir. Azərbaycan hökuməti bunu təkzib edərək, onu sərhədi qanunsuz pozmaqda, qaçaqmalçılıqda və zor tətbiq etməkdə təqsirləndirir.

Lakin keçən həftə Azadlıq radiosuna verdiyi müsahibədə Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov Əfqan Muxtarlının "Azərbaycanda təhlükəsizlik mühitinin pozulmasına xidmət göstərən şəbəkənin üzvü" olması səbəbindən Azərbaycanın və Gürcüstanın xüsusi-xidmət orqanlarının birgə fəaliyyəti nəticəsində həbs edildiyini deyib.

Cümə axşamı günü isə, BBC Azərbaycanca ilə danışan Elman Nəsirov onun Əfqan Muxtarlı barədə verdiyi təhlillər "təhrif edildiynə" görə bu mövzu üzrə şərh verməkdən imtina edəcəyini bildirib.

Lakin, insan hüquqları komitəsinin üzvü olan millət vəkili Azərbaycanda insan hüquqlarının "çox yaxşı səviyyədə" və Azərbaycanın "demokratiya zirvəsində" olduğunu deyib.

"Azərbaycan Avropa Şurasının öhdəliklərini ləyaqətlə yerinə yetirir", o, qeyd edib.

İnsan Hüquqları, korrupsiya və iddialar

Azərbcanın nə üçün insan haqları barədə tənqid edildiyinə cavabında, Elman Nəsirov Freedom House və Human Rights Watch kimi beynəlxalq insan hüquqları təşkilatlarının "həqiqətləri başqa cür təqdim" etdiyini deyib. O, Azərbaycanın "müstəqil siyasət yürütməsinin bəzi dairələrin xoşuna gəlmədiyini" vurğulayıb.

Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin bəzi üzvlərinə qarşı korrupsiya iddiaları əsasında istintaqa başlamasının Azərbaycanın nüfuzuna təhlükə yaradıb-yaratmadığı və buna Azərbaycan hökumətinin niyə münasibət bildirdmədiyi sualına cavabında cənab Nəsirov bu iddiaların "əsassız" olduğunu bildirib.

"Bu iddiaların qaldırılması ilə qətiyyən razı deyiləm" deyərək, o, Avropa Şurası ilə "müəyyən anlaşılmazlıqlar" olmasını etiraf edib. Lakin buna baxmayaraq əlaqələrin "inkişaf" etdiyini və Azərbaycanın Avropa Şurasına "üzv olduğu müddətdə öhdəliklərini ləyaqətlə yerinə yetirdiyini" bildirib.

Azərbaycanlı siyasətçilərin italiyalı deputata yüksək məbləğdə pul ödəməsinə dair İtaliyada cinayət işinin açılıb. Bəs niyə indiyə qədər Azərbaycan bu iddialara münasibətini bildirməyib?

Cənab Nəsirov bu barədə məlumatının olmadığını deyib.

Lakin, o, bu iddiaların arxasında Azərbaycanın "öz inkişaf yolu" və "milli maraqlarından qaynaqlanan" müstəqil siyasət aparmasını bəyənməyən "siyasi dairələrin" olduğunu deyib.

Hazırda İtaliya məhkəməsi italiyalı deputatının siyasi immunitetliyi olduğuna görə qorunduğunu bildirib. İtaliya prokurorları isə cinayət işinin daha yüksək instansiyalı məhkəmələrdə davam etdiriləcyini bildiriblər, italiya mətbuatı yazır.

Fotonun müəllifi Getty Images
Image caption Avropa Parlamenti

Öhdəliklər və hökmlər

Azərbaycanın Avropa Şurası önündə olan öhdəliklərinin biri Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hökmlərini icra etməkdir.

Keçən ay dərc edilən bəyənatında Avropa Şurasının İnsan Haqları komissarı Nilz Muiznieks Azərbaycanı bir daha AİHM-in hökmünü icra etməyə çağırıb. Məhkəmə qərarında İlqar Məmmədovun yalnız onu susdurmaq və ya hökuməti tənqid etdiyi üçün cəzalandırmaq məqsədi ilə həbs edildiyi deyilir.

Elman Nəsirov Azərbaycanda heç kəsin siyasi məhbus olmadığını təkrarlayaraq Azərbaycanın iqtisadiyyat və idman sahələrində uğurlu olduğu halda "hüquqi islahatlaq sahəsində zəif olmasının məntiqi" olmadığını bildirib.

O, siyasi məhbus adlandırılan şəxslərin cinayət əməllərinə görə həbs edildiklərini və yalnız "siyasi immunitet qazanma"ğa siyasi iddialar qaldırdığını deyib.

"İnsanlar cinayət yolunu tutanda bilməlidirlər ki, Azərbaycanda heç kəs cəzadan kənar qala bilməyəcək", o vurğulayıb.

Bəs Azərbaycan hökuməti niyə AİHM-in REAL hərəkatının rəhbəri İlqar Məmmədovun azad edilməsinə dair hökmünü icra etmir?

Cənab Nəsirov cavabında cinayətlə həbs edilən şəxsləri "hansı Avropa ölkəsi azad edə bilər?" deyib.

"Əgər Azərbaycanda kimsə həbs edilibsə - 100 faiz cinayət əməlinin nəticəsidir", o israr edib.

Lakin Azərbaycan hökuməti bundan əvvəl kompensasiya ödənişləri daxil olmaqla, AİHM hökmlərini icra edib. Bu qeyd ediləndə, cənab Nəsirov bu barədə məlumatı olmadığını bildirib.

İlqar Məmmədova dair qərara niyə fərqli yanaşıldığı sualına isə, cənab Nəsirovun əvvəlki AİHM qərarlarının icra edilməsi barədə məlumatı olmadığından tamamilə işıqlandıra bilməyib.

Fotonun müəllifi Reuters
Image caption Azərbaycan ilə Aİ əməkdaşlıq üzrə danışıqlar aparırlar.

Aİ əlaqələri: İnkişaf yoxsa gərginlik?

Avropa Parlamenti cümə axşamı keçirilən iclasda Azərbaycan hökumətindən Əfqan Muxtarlının dərhal azad edilməsini və ona qarşı cinayət ittihamlarının ləğv edilməsini tələb edib.

Qətnamə ilə bağlı bəyanatda, Avropa Parlamenti "Azərbaycan hakimiyyətinin jurnalistlərin və insan hüquqları müdafiəçilərinə qarşı cinayət təqibilərinə son qoymağa" və ölkədə bütün "siyasi məhbusların azad edilməsinə" çağırıb.

Qətnaməyə münasibətində, Elman Nəsirov Avropa Parlamentinin yalnız "20-30" üzvünün "qaranlıq mənbələrdən götürdüyü" məlumatlar əsasında "Azərbaycana qarşı qarayaxma" kampaniyası tətbiq etdiyini deyib.

Elman Nəsirov Azərbaycanın Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişini təklif etməklə əlaqələrə yüksək qiymət verdiyini nümayiş etdirdiyini deyib.

O, həmçinin Avropa Parlament üzvlərinin Azərbaycanda insan hüquqlarını mənfi qiymətləndirmə verən qətnamələrinin düzgün olmadığını "dəfələrlə etiraf" etdiyini qeyd edərək, deputatların "öz rəhbərliklərinə bu barədə məlumat" verdiklərini deyib.

Prezident ilham Əliyevin bu ilin fevral ayında səfərini xatırladaraq, Aİ liderlərilə görüşlərinin Aİ-ın Azərbaycana dair həqiqi münasibətlərinin nümunəsi olduğunu vurğulayıb.

Lakin görüşlər zamanı prezident İlham Əliyev və Aİ həmkarları ilə sadəcə enerji təhlükəsizliyi və iqtisadi əlaqələr barədə danışmayıblar.

Aİ-nin mətbuat xidməti bildirib ki, fevral ayında görüş vaxtı Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker insan hüquqları və təməl azadlıqlara hörmətlə yanaşmanın zəruriliyini də vurğulayıb.

Buna baxmayaraq, Elman Nəsirov Aİ-lə Azərbaycan arasında yeni saziş üzrə danışıqların davam etdiyinin hər iki tərəfin münasibətlərin inkişafına yönələn addımlara sadiq olduqlarına əmin olduğunu deyib.

Bu barədə daha geniş